Məhkəmə qərarları › İş №2(011)-609/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-609/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-609/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onunla birlikdə məhkəmə qətnaməsi əsasında himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzilində istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməklə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yazılı ərizə təqdim edərək, iddia tələbinin Cavabdeh və onun himayəsində olan 2010-cu il təvəllüdlü Elmar Əhmədzadənin 6 ay möhlət verilməklə Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzilinə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmaları kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, cavabdeh 2006-cı ildə birgə nikaha daxil olmuş, iddiaçı onlara “gəlin bir yerdə yaşayaq” demişdir, bir yerdə yaşamışdırlar, 2010-cu ildə uşaqları olmuşdur, uşağın hazırda 13 yaşı var, əməliyyat olunmuşdur, cavabdeh həmin evə 2006-cı ildə gəlin kimi gəlib, hazırda boşanmışdırlar, boşandıqdan sonra da valideynləri, özü, cavabdeh və övladları bir yerdə yaşayırlar, lakin söz-söhbətlər olur, bir evdə yaşamaq alınmır, nikah pozulanda cavabdehə əmlak kimi avtomobildən pay verilmişdir, o, həmin maşını satıb ev ala bilər, iddiaçının Vişnovkada bağ evi var, o, 2008-ci ildə 1 otaqlı ev, 2013-cü ildə qaraj tikmişdir. Sonda iddiaçının nümayəndəsi V.İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2006-cı ildən Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzilinə gəlin gəlmiş, 2018-ci ildə həmin ünvana qeydiyyata düşmüşdür, övladı var, o da halhazırda xəstədir, bu barədə sənədlər də təqdim etmişdir, iddiaçı ilə qohumdurlar, qaynanası öz anasının dayısı qızıdır, bir aydır ki, ondan evdən çıxmasını tələb edirlər, qaynanasının adına 2 otaqlı ev alınmışdır, o evi verərlərsə, evdən çıxar, 1 ildir ki, keçmiş yoldaşının başqa ailəsinin olduğunu öyrənmişdir, onun başqa 2 uşağı var, kiçik uşağının 15 yaşı var, həmin evdə əziyyəti çox olub, yoldaşı onu ailəsinə qul gətirmişdir, neçə illər hamısının xidmətində durmuşdur, mənzildən çıxarılarsa, övladı ilə birlikdə yaşayacaq başqa yeri yoxdur, iddiaçı tərəf bunu fikirləşmir, övladı, iddiaçının da nəvəsidir, lakin onu fikirləşmirlər. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, cavabdehin izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh gəlin kimi iddiaçının atasına məxsus evə gəlin gəlmişdir, orada əziyyət çəkmiş, neçə il ailənin gəlini olmuşdur, hazırda onun və övladının mənzildən çıxarılması bir qadın kimi onun hüquqlarını pozur. Sonda cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəfin, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1967-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirdi ki, tərəfləri tanıyır, cavabdehin anasıdır, iddiaçı tərəflə də qohumdurlar, hal-hazırda münasibətləri gərgindir, qızının qaynanası qapılarına gəlmiş, bildirmişdir ki, “qızına bağ evi tikirik”, onlar da 5000 dollar pul vermişdirlər, evləndikləri gündən hər il Gədəbəydən əkindən-biçindən ev üçün ərzaq göndərmişdirlər, qızı 2006-cı ildən mübahisəli evə gəlin köçmüşdür, hələ də orada yaşayır, bir uşağı var. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1992-ci il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirdi ki, tərəfləri tanıyır, qohumdurlar, cavabdehin bacısıdır, bacısı Üviyə və iddiaçının oğlu Vüqar 2006-cı ildə ailə qurmuşdurlar, nikahdan bir uşaqları var, bacısı həmin evə gəlin gəlmişdir, rəsmi nikahları isə 2010-cu ildə olmuşdur, bacısı hazırda da uşağı ilə mübahisəli evdə yaşayır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Botanika küçəsi 9 saylı evin 41,03 yaşayış sahəsindən ibarət olan 3 otaqlı evin 5 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir, bu barədə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli Arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Botanika küçəsi ev.9, m.5-də 10 yanvar 2018-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X8 Bakı şəhəri, Botanika küçəsi ev.9, m.5-də 28 mart 2002-ci il tarixdən qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər xx.xx.1939-cu il təvəllüdlü İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.1989-cu il təvəllüdlü Cavabdehdır. İş materiallarında olan Xətai rayon Məhkəməsinin e-2(011)-3027/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh Dilqəm qızı arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 149 nömrə ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra xx.xx.2012ci il təvəllüdlü X1 anası Cavabdeh Dilqəm qızının yanında qalması müəyyən edilməsi, iddiaçı X2 birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh Dilqəm qızına verilməsi, alimentin tutulmasına 13 may 2022-ci il tarixdən başlanması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 440104 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və Cavabdeh arasında olan nikaha xx.xx.2022ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 2 nömrəli uşaq poliklinikası tərəfindən 2 saylı Vəkil Bürosuna ünvanlanmış 23 yanvar 2023-cü il tarixli 11 №-li məktubdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X7 doğulduğu vaxtdan 2 nömrəli uşaq poliklinikasında qeydiyyatdadır, 4 aylığından nevropatoloqun müalicəsini alıb, diaqnoz: “xroniki hipoksiya”, xx.xx.2014-cü ildə “hipospadiya fistulasının ləğvi” əməliyyatı icra olunub, xx.xx.2022-ci il tarixində USMdə “sol testisin bir neçə venalarında genişlənməsi” aşkarlanmışdır, xx.xx.2023-cü il tarixində baş ağrıları, özünə qapanma, sarsıntı şikayətləri ilə nevropatoloqun müayinəsindən keçib və psixoloqa məsləhət görülüb. İş materiallarında olan Qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzil xx.xx.2002-ci il tarixdən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, onun şifahi razılığı ilə 2006-cı ildə Cavabdeh gəlin kimi həmin evə köçmüş, 10 yanvar 2018-ci ildə isə mənzilə qeydiyyata alınmışdır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3027/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddiaçının oğlu X8 və Cavabdeh Dilqəm qızı arasında qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X1 anası Cavabdeh Dilqəm qızının yanında qalması, X2 birgə nikahdan anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması qət edilmişdir, iddiaçının keçmiş gəlini Cavabdeh və nəvəsi E.Əhmədzadə hazırda mübahisəli mənzildə yaşayırlar. Bununla belə, cavabdehin övladı ilə birlikdə mübahisəli mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh mənzilə gəlin köçən zaman (2006-cı il) həmin mənzil İddiaçı mülkiyyətində olmuş, onun tərəfindən isə cavabdehin mənzilə istifadə hüququna dair mülkiyyətçinin notariat qaydada razılığı olmadığından, mülki qanunvericiliyin tələblərinə (AR MM-nin 228-ci maddəsi) əsasən, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir və şəxsin (digər ailə üzvlərinin) mülkiyyətçinin şifahi razılığı əsasında mənzilə köçməsi və həmin ünvana pasport qeydiyyatına alınması onun həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, Cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinin “2010-cu il təvəllüdlü Elmar Əhmədzadənin mənzildən çıxarılması və istifadə hüquqlarına xitam verilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, E.Əhmədzadə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxs olduğundan və o, məhkəmə qətnaməsinə əsasən anası Ü.Əhmədzadənin yanında (himayəsində) saxlandığından onun yaşayış yeri Ü.Əhmədzadənin yaşayış yeri hesab edilir. Hazırki halda da sonuncunun iddiaçıya məxsus mənzildən çıxarılması (yaşayış yerinin dəyişməsi) 2010-cu il təvəllüdlü E.Əhmədzadənin də onunla - anası ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən, MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). Həmin Qərara əsasən, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 25 dekabr 2009cu il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və X4 6 ay möhlət verilməklə, onların ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməli və onlar həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və X4 6 (altı) ay möhlət verilməklə, onların ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar