Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6124/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı Ərizəçi X1 şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:
1. Ərizəçi Aslanov Riyad Edqaroviç şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
3.Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.
4.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il Qərarı: Mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
İşə baxan məhkəmənin mövqeyi:
5. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
6. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması mülki prosessual qanunvericiliyin tələblərindən biridir.
7. Ərizəçinin tələbi şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsidir. Ərizəçi Aslanov Riyad Edqaroviç ərizə ilə məhkəməyə müraciət edərək özünün Azərbaycan Respublikası və Rusiya Federasiyasının vətəndaşlığına mənsub olmadığını təsdiq edərək ona vətəndaşlığı olmayan şəxs statusu verilməsini xahiş etmişdir. Lakin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 05 iyun 2024-cü il tarixli ******* nömrəli qərara əsasən xx xxxxxx 2004-cü il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Belə olan halda məhkəmə tərəfindən şəxsin hazırki ərizəsi üzrə heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi qeyri-mümkündür.
8. Həmçinin, “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbi xüsusi icraat qaydasında baxılmalı işlər siyahısına daxil olmaqla qiymətləndirilməyən iddia kateqoriyasına aiddir. Odur ki, hazırki ərizə üzrə ərizəçi məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 100 manat dövlət rüsumu ödəməlidir. Lakin ərizəçi dövlət rüsumunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə ödəməmişdir (və ya onun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir), eyni zamanda iş üzrə digər sübutlar ərizəyə əlavə edilməmişdir.
9. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizələr ərizəçinin yaşadığı yerə görə verilməlidir. Lakin ərizəçi öz ərizəsinə yaşadığı yeri təsdiq edən hər hansı sənədi (yaşayış yerindən arayışı və.s) öz ərizəsinə əlavə etməmiş, məhz buna görə də ərizənin mümkünlük şərtlərindən biri olan ərazi aidiyyətinin məhkəmə tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
9. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunur.
10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
1. Ərizəçi X1 şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. Ərizəçi Aslanov Riyad Edqaroviçə hazırkı ərizə ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova