Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6133/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Əliyeva (Köksal) Səadət Mülayim qızının Cavabdeh qarşı – mənzilə köçürülmə tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Əliyeva (Köksal) Səadət Mülayim qızı Cavabdeh qarşı – iddiaçının və azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüldü X15inın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 02 iyun 2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşaqları var, birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən sahəsi 189 kv.m olan 2 mərtəbədən ibarət mənzili əldə etmişdirlər. Evin inşaasına 2011-ci ildə başlanılmış, 2012-ci ildə tamamlanmışdır. Elə həmin ildən mübahisəli mənzildə yaşayıb, birgə təsərrüfat aparmışlar. Xətai rayon Məhkəməsinin xx.xx.2021 -ci tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh iddiaçının azyaşlı uşaqları ilə məzildə yaşamalarına imkan vermir, iddiaçını və uşaqlarını məzilə buraxmır. Hal- hazırda iddiaçının bütün cehiz əşyaları mübahisəli mənzildədir. Lakin, evində zorla hüquqları pozularaq küçəyə atılmışdır. Beləliklə də mənzil hüququndan məhrum olmuşdur. Cavabdehin qeyd olunan hərəkətləri iddiaçıya və övladlarına mənəvi iztirablar gətirir.Yaşayış yeri və olduğu yer haqqında qanunun 2-ci maddəsində göstərilir ki. şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, tərəflər 02 iyun 2011-ci il tarixdə nikaha daxil olmuşdurlar. Birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən sahəsi 189 kv.m olan 2 mərtəbədən ibarət mənzili əldə etmişdirlər. Evin inşaasına 2011-ci ildə başlanılmış, 2012-ci ildə tamamlanmışdır. Elə həmin ildən mübahisəli mənzildə yaşayıb, birgə təsərrüfat aparmışlar. Nikahdan sonra da orada yaşayırdılar, iddiaçı orada qeydiyyatdadır. Artıq 7-8 aydır ki, orada yaşamır.İddiaçı Azərbaycan Respublikasında yaşayır, lakin uşağın müalicəsi üçün tez-tez Türkiyəyə gedib-gəlir. Həmin mübahisəli mənzili kirayə veriblər. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı il yarımdır ki, öz istəyi ilə evdən çıxıb getmişdir. Türkiyədə ailə qurub, həmçinin soyadını da dəyişib. Övladlarını görə bilmir, uşaqlara telefon belə vermirlər.İddiaçını qovmayıblar.Torpaq anasının idi. Cavabdehin özünün evi yoxdur, həmin ev anasına məxusdur. Evin rəsmi sənədi yoxdur.Uşaqları görmək üçün bir dəfə məktəbə gedib,orada olmadıqlarına görə uşaqları görə bilməmişdir. İddiaçının əşyaları hələ də həmin evdədir, dəfələrlə onları ordan götürməsini deməsinə baxmayaraq əşyaları gəlib aparmamışdır. Evi kirayə verməmişdir.Hal-hazırda qohumları yaşayır.Uşağ əməliyyat olub, lakin özünü idarə edə bilir. İddiaçı Azərbaycanda olanda öz anasının evində qalırdı. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-524/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X4 qarşı nikahın pozulmasına dair iddia təmin edilərək, X7 ilə X6 arasında Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 703 saylı aktla bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüldü X8 və xx.xx.2012-ci il təvəllüldü X12 anaları X1 himayəsində saxlanılması, X2 xx.xx.2013-cü il təvəllüldü X5 və xx.xx.2012-ci il təvəllüldü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1- ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-cı maddəsinə əsasən, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1--ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarına əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın normal şəraitdə yaşamaq, fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 20-ci maddəsinə əsasən, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və işin faktiki hallarını araşdıraraq, hesab edir ki,aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi? Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub, əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. İddiaçının yaşadığı sahədən məhrum edilməsi qanunsuzdur. Məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Odur ki, iddiaçının övladaları ilə birlikdə mənzildə yaşamaq hüququ bərpa edilməlidir. Cavabdehin həmin evin onun anasının vəsaiti hesabına əldə edilməsi barədə etirazı, birgə nikah dövründə əldə edilən əmlakın ümumiliyi prezumpsiyasına əsasən əksini iddia edən şəxs tərəfindən sübut edilməlidir. Lakin cavabdeh tərəfdən bununla bağlı hər hansı sübut təqdim ediməmişdir. Odur ki, birgə nikah dövründə əldə edilmiş əşyaya dair iddiaçının da cavabdehlə eyni həcmdə hüquqi gözləntisi, əşyadan istifadə etmək və sahiblik hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının və birgə nikahda dünyaya gəlmiş övladlarının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. Bundan əlavə, işin faktiki hallarından görünür ki, iddiaçı həmin evdə digər ailə üzvləri ilə birlikdə (yoldaşı və uşaqları) təsərrüfat aparmışdır. Məhkəmə iddiaçının və onun övladlarının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, iddiaçı övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayıldığı üçün məhkəmə hesab edir ki, hazırki halda xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüldü X10 yaşayış yerləri analarının yaşayış yeri ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçı və övladlarının yaşayış yeri sayıldığından iddia təmin edilərək, iddiaçı və birgə nikahdan dünyaya gəlmiş övladları mübahisəli evə köçürülməlidirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Əliyeva (Köksal) Səadət Mülayim qızı, azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X13 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6133/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6133/2023
20.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver