Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6159/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 оna məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiançı 31 iyul 2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili alqı-satqı yoluilə almışdır. Alqı-satqı müqaviləsi (AN-l № 0960091) Bakı şəhəri, 52 saylı Notariat ofisində rəsmiləşdirilmiş və AR ƏMDKYDƏDRX tərəfindən həmin mülkiyyətə çıxarış verilmişdir (№********** xx.xx.2021-ci il). Qardaşı Cavabdeh1 gənc ailə olduğu və maddi çətinlik çəkdiyini nəzərə alaraq o həmin evi müvəqqəti olaraq yaşamaq üçün onlara vermişdir. Artıq 1 ildən çoxdur ki, qardaşı öz ailəsi ilə həmin mənzildə yaşayır. Lakin son zamanlar onun öz həyat yoldaşı ilə münaqişələri olur. Bunları nəzərə alaraq o, qardaşı və onun həyat yoldaşı Aytacdan ona məxsus olan mənzildən çıxmaqlarını tələb etmişdir. Lakin onlar müxtəlif bəhanələr gətirərək evdən çıxmırlar. Heç bir etik normaya sığmayan hərəkətləri ilə daima çətinlik yaradır və onun qarşısında ağlasığmaz tələblər qoyaraq evdən çıxmaqdan imtina edirlər. O, məcbur olaraq xx.xx.2022-ci il tixindəə ərizə ilə Bakı Şəhər Xətai Rayon Polis İdarəsinə müraciət etmiş, lakin ona mübahisənin mülki xarakterli olması qeyd edilərək aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 оna məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, iddia tələbi əsassız. Belə ki, onun yaşamaq üçün başqa mənzili yoxdur. İddiaçı ona kompensasiya verdiyi təqdirdə mənzildən çıxmağa razıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: İş materiallarında olan satıcılar X2 və X1 ilə alıcı İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzilini alıcının mülkiyyətinə verməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** sаylı çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzildə qeydiyyatda heç bir şəxs yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır». Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə, mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulduğundan o, cavabdehlərin mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Мəhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzil xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. İddiaçı cavabdehlərin gənc ailə olduğu və maddi çətinlik çəkdiyini nəzərə alaraq həmin mənzili müvəqqəti olaraq yaşamaq üçün onlara vermişdir. Lakin onlar müxtəlif bəhanələr gətirərək evdən çıxmırlar və evi boşaltmaqdan imtina edirlər. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının iradəsinə zidd mənzildə yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışlar. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi qanuni əsası olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzilindən çıxarılmalıdırlar. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzilindən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6159/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6159/2022
17.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver