Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-62/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul tələbi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TBM şirkəti tərəfindən iddiaçıya vurulmuş 7.595,60 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 19 iyul 2006-cı il tarixdə iddiaçı ilə cavabdeh şirkət arasında mənzil alğı-satqısına dair müqavilə imzalanmışdır. TBM şirkəti Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllədə inşa etdiyi binanın 11-ci blok, 6-cı mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 118.94 kv.m olan mənzili iddiaçıya satmışdır. Müqaviləyə uyğun olaaq iddiaçı 40.412 ABŞ dolları pul məbləğini TBM şirkətinə ödəmişdir. Müqavilədən göründüyü kimi iddiaçı 118.94 kv.metrə görə pul ödənişi etmişdir. Təmir işləri aparılan zaman evin 118.94 kv.m deyil, 96.6 kv.m olduğu aşkar edilmişdir. Göründüyü kimi TBM şirkəti iddiaçıya müqavilədə göstərdiyindən 22.34 kv.m az mənzil satmışdır ki, bu da o deməkdir ki, müqavilə bağlanan vaxtın məzənnəsinə görə şirkət iddiaçıdan 7.595,6 dollar məbləğində artıq pul almışdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 iyul 2006-cı il tarixli müqavilənin 2-ci bəndində “ümumi sahəsi 118.94 kv.m” əvəzinə “ümumi sahəsi 96.6 kv.m” sözləri ilə əvəz edilməklə, həmin bənddə “cəmi 40412 ABŞ dolları” sözü “cəmi 32844 ABŞ dolları” sözləri ilə əvəz edilməklə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçı tərəfindən artıq ödənilmiş 7595.6 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Mülki iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh MTK-nın arasında 19 iyul 2006cı il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 118.94 kv.m olan 26 saylı mənzili əldə etmişdir. Mənzilin qiyməti hər bir kv.m. üçün 340 ABŞ dolları olmaqla, cəmi 40.412 ABŞ dolları razılaşdırılmışdır. Müqavilədə mənzilin ümumi sahəsi göstərilərkən "xxxx" ifadəsi qeyd edilmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmişdir. Sözügedən mənzil 19 noyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Bu barədə verilən çıxarışda mənzilin ümumi sahəsi 96.6 kv.m. göstərilmişdir, ona görə də iddiaçı mənzilə görə ödədiyi məbləği yaşayış sahəsinin hər kv.metri üçün nəzərdə tutulmuş bazar dəyəri nəzərə alınmaqla ödəməyi tələb etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945 saylı məhəllədə yerləşən binanın 11-ci blok 6-cı mərtəbəsində 3 otaqlı 26 nömrəli mənzilin çöl divarının çöl hissəsindən ölçülməklə, mənzildəki arakəsmələr nəzərə alınmadan ümumi sahəsinin 118.94 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2023cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945 saylı məhəllədə yerləşən binanın 11-ci blok 6-cı mərtəbəsində 3 otaqlı 26 nömrəli mənzilin (DDƏRX-nin çıxarışı ilə Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, M.Hadi küçəsi, ev 68A, mənzil 26) ümumi sahəsi 96.6 kv.m, faktiki ümumi sahəsinin (azaltma əmsalları tətbiq olunmadan) isə 102.9 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin əsasını təşkil edən hal podrat müqaviləsindən irəli gələn öhdəliklərin icra edilib-edilməməsinin araşdırılmasından ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halından görünür ki, 19 iyul 2006-cı il tarixli müqavilədə Cavabdeh MTK, İddiaçı ümumi sahəsi 118.94 kv.m. olan mənzil verməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış sahədə mənzilin ona verilmədiyini iddia edir, cavabdeh MTK isə bu xüsusat üzrə müqavilə öhdəliyini lazımınca yerinə yetirdiyini bildirərək ona istinad edir ki, mənzilin ümumi sahəsi "xxxx", yəni ölçünün divarların çöl tərəfindən aparılması ilə hesablanır və bu şərt MTK-nın iddiaçı ilə bağladığı 19 iyul 2006-cı il tarixli müqavilədə nəzərdə tutulmuşdur. İş materiallarında mövcud olan 28 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, mənzildəki arakəsmələr nəzərə alınmadan ümumi sahəsi 118.94 kv.m təşkil edir. Məhkəmə qeyd edir ki, tərəflər müqaviləni bağlayarkən müqavilə azadlığı prizmasından iradələrini ifadə etməkdə müstəqildilər. Müqavilə azadlığı Konstitusiya ilə təminat verilən mülkiyyət və azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı, mülki hüquq subyektlərinin seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək imkanlarını təmin edir. İstinad olunanlardan belə qənaətə gəlmək olur ki, cavabdeh olan MTK müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmişdir. Cavabdeh olan Cavabdeh MTK məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək müddətin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş vəsatətə qiymət verərək hesab edir ki, İddiaçı 19 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışı əldə etmiş, həmin çıxarışa əsasən MTK-dan aldığı Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, M.Hadi küçəsi, ev 68A, 26 saylı mənzilin ümumi sahəsinin 96.6 kv.m olduğunu, yəni ona məxsus mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən az göstərilməsini öyrənmişdir. İddiaçı hazırkı iddia tələbi ilə 21 aprel 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı işə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddəti tətbiq olunmalıdır. İş materiallarından da göründüyü kimi, hazırkı iş üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 130 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, 130 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan ekspert rəyinə dair bildirişlərdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. İddia tələbi rədd edildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat iddiaçıdan tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı -iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 iyul 2006-cı il tarixli müqavilənin 2-ci bəndində “ümumi sahəsi 118.94 kv.m” əvəzinə “ümumi sahəsi 96.6 kv.m” sözləri ilə əvəz edilməklə, həmin bənddə “cəmi 40412 ABŞ dolları” sözü “cəmi 32844 ABŞ dolları” sözləri ilə əvəz edilməklə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçı tərəfindən artıq ödənilmiş 7595.6 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia tələbi rədd edilsin. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-62/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-62/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver