Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-621/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehin AR CM-nin 178.1-ci və 179.1-ci maddələrində nəzərdə tutulmuş dələduzluq və mənimsəmə cinayətlərinin əlamətləri ilə bağlı xüsusi qərardadın çıxarılması, 2430 manat məbləğində mənimsənilən pul vəsaitinin cavabdeh tərəfindən qaytarılması və cavabdehin ona vurulan maddi və mənəvi zərərə görə 1000 manat məbləğində pulun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı etibarından sui-istifadə edərək ona verilmiş pulunu mənimsəmiş və əməllərində dələduzluq cinayətinin əlamətləri olan Azərbaycan Respublikası vətəndaşı Cavabdeh adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsində və ona verilən pulun qaytarılmasını istəyir. Belə ki, sözügedən şəxs, özünü mebel ustası kimi qələmə verməklə, xx.xx.2021-ci il tarixdə mətbəx mebelinin hazırlanması üçün sifariş qəbul etmişdir. İmzaladıqları müqavilədə yazılmış sifariş qiymətinin 3700 manat məbləğindən Cavabdeh lazım olan materialların alınması üçün istədiyi 2000 manat məbləğini xx.xx.2021-ci il tarixdə nağd pul ilə ödəmiş və xx.xx.2021-ci il tarixdə əlavə istədiyi 430 manatı Azərbaycan Beynəlxalq Bankı vasitəsiylə bank kartına keçirmişdir. İmzaladıqları müqaviləyə görə sifariş etdiyi mebel xx.xx.2021-ci il tarixdə iddiaçıya təhvil verilməli idi. Lakin razılaşdırılmış tarixdə Cavabdeh nəinki mebeli iddiaçıya təhvil verib, etibarından sui-istifadə edərək ona verilmiş pulu da mənimsəyərək, iddiaçıya məlum olan bütün əlaqələrini kəsmişdir. İddiaçı Cavabdehla, onun tərəfindən verilmiş nömrələr ilə dəfələrlə əlaqə saxlamağına baxmayaraq, zəngləri cavabsız qalmış və bir müddətdən sonra nömrələr söndürülmüşdür və həmin şəxslə, ümumiyyətlə, əlaqə saxlamaq mümkün olmamışdır. Bununla bağlı iddiaçının Xəzər rayon Polis İdarəsinə mürəciət etməsinə baxmayaraq, heç bir araşdırma aparılmadan, iddiaçıya məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdeh özünü "xxxx" Şirkətinin direktoru qismində təqdim etmişdir, lakin iddiaçının apardığı araşdırmaya əsasən belə şirkətin ümumiyyətlə mövcud olmadığı və onun şirkət və ünvanına dair məlumatı yanlış təqdim etməsi məlum olmuşdur. Əlavə olaraq məlum olmuşdur ki, Cavabdeh iddiaçıdan əvvəl də, iddiaçıdan sonra da bu dələduzluq əməllərini bir neçə şəxsə qarşı törətməş və pullarını mənimsəmişdir. İddiaçı və onun nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qismən etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi və izahatında göstərdi ki, cavabdehin iddiaçıya yalnız 430 manat borcu var, iddiaçı tərəfindən cavabdehə 2000 manat ilkin ödəniş edilməmişdir. Odur ki, iddianı qismən qəbul edərək, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh mebel sifarişi xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qaimədən görünür ki, mebel sifarişinə görə müştəri tərəfindən 2000 manat ilkin ödəniş edilmiş və 1700 manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 525 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ABB mobile vasitəsilə digər bankın kartına (4169*******7119) 430 manat məbləğində pul köçürmüşdür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh tərəfindən iddiaçıya mebel hazırlanması nəzərdə tutulmuş, iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olaraq 2000 manat pul vəsaiti ödənilmiş və bu tərəflər arasında imzalarla təsdiq edilmiş qaimədə öz təsdiqini tapmışdır. Daha sonra iddiaçı tərəfindən cavabdehin kartına 430 manat ABB mobil tətbiqi vasitəsilə pul göndərilmişdir və həmin hal da iddiaçı tərəfindən etiraf edilmişdir. Məhkəmə cavabdehin 2000 manat ilkin ödənişin edilməsi barədə qaimədə imzasının olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin pul vəsaitinin ödənilməməsi barədə mülahizəsinə hüquqi qiymət verərək, hesab edir ki, həmin qaimədə tərəflərin ümumi ödəniləcək məbləğin 3700 manat, ilkin ödənişin 2000 manat və qalıq borcun 1700 manat olması ilə Cavabdeh razılaşmış və bu halı cavabdeh öz imzası ilə təsdiq etmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh qaimədə olan imzanın ona məxsus olmasını mübahisəndirməmiş, əksinə məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi qaimədə olan imzanın Cavabdeh məxsus olmasını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında iş görülməsi üçün müvafiq müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehə bunun üçün cəmi 2430 manat məbləğində pul verilmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə müqavilə üzrə öhdəliyini pozmuşdur. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə ödədiyi 2430 manat pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia göstərilən hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş maddi və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi göstərilən hissədə sübuta yetirilmədiyindən, təmin edilməmlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona 1000 manat məbləğində maddi və mənəvi zərər vurulmasını göstərsə də, lakin məhkəmə araşdırılması zamanı ona cavabdeh tərəfindən hansı qaydada maddi və mənəvi zərər vurulmasını təsdiq edən sübutu və ya dəlili məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması nəticəsində iddiaçıya dəymiş maddi zərər eyni həcmdə cavabdehən xeyrinə tutulmuşdur. Əlavə maddi və mənəvi zərərin isə nədən ibarət olması müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə iddia tələbinin cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci və 179.1-ci maddələrində nəzərdə tutulmuş dələduzluq və mənimsəmə cinayətlərinin əlamətlərinə dair xüsusi qərardadın çıxarılması barədə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi prosessual tələb kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2430 (iki min dörd yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-621/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-621/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver