Məhkəmə qərarları › İş №2(011)-6218/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6218/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6218/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onlara borclu olduğu pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;

3. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı.

İşə baxan məhkəmənin mövqeyi:

4. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

5. Belə ki, mülki iş üzrə ilk hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, iddiaçı və cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, lakin iddiaçılar məhkəmə hazırlıq iclasında iştirak etməmişlər. İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Digər iddiaçı X1 iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

6. Növbəti məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilsə də iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzürlü səbəbi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdirlər.

7. Məhkəmə MPM-nin 259-cu maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Belə ki, məhkəmə iki hazırlıq iclası keçirmiş, mülki iş üzrə tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin iddiaçılar məhkəmə iclaslarında iştirak etməmişlər və hər iki iclasda iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. (§2)

8. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi qeyri-dəqiq olduğundan, iddiaçıların iddia tələbinin əsası kimi irəli sürdüyü sübutlar kifayət etmədiyindən iddiaçının məhkəmə iclaslarında iştirakı zəruri olmuşdur. Məhkəmə mülki iş üzrə tərəfin iştirakı olmadan məhkəmə araşdırmasının davam etdirilməsini qeyri-mümkün hesab edir.

9. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarına əsasən, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır.(§3)

10. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.

11. İddiaçının iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. İddiaçı2 tərəfindən “Kapital Bank” ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 37 (otuz yeddi) manat dövlət rüsumu İddiaçı2 geri qaytarılsın.

3. İddiaçı1 tərəfindən “Kapital Bank” ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 83 (səksən üç) manat dövlət rüsumu İddiaçı1 geri qaytarılsın.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar