Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6323/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 61,80 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC–yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır, borclu bağladığı xidmət müqaviləsinə əsasən, telekommunikasiya xidmətlərindən istifadə edərək *** ** ** saylı telefon nömrəsi üzərindən abunə haqqına görə 22,80 manat, internetdən istifadəyə görə 39 manat, ümumilikdə 61,80 məbləğində borc yaratmışdır, yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, cavabdeh iddiaçı tərəfin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetiməyərək xidmət haqqını ödəməkdə yayınmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İB-nin X1 və Cavabdeh arasında “Telekommunikasiya xidmətlərinin göstərilməsi” üçün xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən, abunəçi istifadə etdiyi telekommunikasiya xidmətlərinin ödəniş haqlarını TRİQ-ə uyğun müəyyən edilmiş müddət ərzində ödəmək vəzifəsini öz üzərinə götürmüşdür. İş materiallarında olan “Telekommunikasiya xidmətlərinin göstərilməsi” üçün bağlanmış müqaviləyə edilmiş Əlavə №-1-dən görünür ki, iddiaçı cavabdehə telefon nömrəsi, CDMA telefon nömrəsi, İP telefon nömrəsi və s. 24 növ telekommunikasiya xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə EMS sürətli poçt vasitəsilə ünvanlanmış və onun tərəfindən xx.xx.2022-ci il tarixdə alınmış xx.xx.2022-ci il tarixli 105-1-11/2317-22 saylı Məktubun surətindən görünür ki, iddiaçı cavabdehdən 61,80 manat borcun 5 gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə hesablanmış borcun və çəkiləcək xərclərin ondan tutulacağını bildirmişdir. İş materiallarında ola "xxxx" MMC 3 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli 27-HM-2/104 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh adına olan ***-***-**-** saylı telefonun üzərində xx.xx.2022-ci il tarixə abunəyə görə 22,8 manat, internetə görə 39 manat, ümumilikdə 61,8 manat borc mövcuddur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında "telekommunikasiya xidmətlərinin göstərilməsi” üçün xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır, Cavabdeh müqavilə üzrə "xxxx" MMC-nin telekommunikasiya xidmətlərindən istifadə etmiş və nəticədə onun iddiaçıya abunəyə görə 22,8 manat, internetə görə 39 manat, ümumilikdə 61,8 manat məbləğində borcu yaranmışdır, iş materiallarına əlavə edilmiş müqavilə tərəflərin razılaşdırılmış iradə ifadəsi ilə imzalanmışdır, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, borcun cavabdeh tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Adı çəkilən Məcəllənin 448-ci maddəsinə uyğun olaraq Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən telekommunikasiya xidmətlərindən istifadəyə görə yaranmış 61,80 manat borc alınaraq "xxxx" MMC–nin xeyrinə məcburi tutulmalıdır. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcminin 1000 manatdan az olması nəzərə alınmalı və 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh telekommunikasiya xidmətləri üzrə yaranmış 61 (altmış bir) manat 80 (səksən) qəpik borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6323/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6323/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver