Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6351/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Bakı Şəhəri Xətai rayonu Xocalı prospektində 1181- saylı Məhəllədə tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının C blokunun 23- cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 186,4 kv. metr təşkil edən 143 saylı mənzilin və Xocalı Prospektində 1181-ci ünvanda C blokunun 23-cü mərtəbəsində 1 otaqlı, sahəsi 75,9 kv. metr təşkil edən 142-saylı mənzilə dair 12 yanvar 2016-cı il tarixli müqavilənin lǝgv olunması barədə qərarı əsassız hesab olunmaqla lǝğv olunmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia tələbi “müqavilənin ləğv edilməsinin əsassız hesab edilməsi” barədədir, iddia ərizəsində iddiaçı, cavabdehin ünvanı kimi Xətai rayonu, 1181-ci məhəllə ünvanını göstərmişdir. Bununla belə, iş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışlardan görünür ki, cavabdehin hüququ ünvanı AZ5500, ünvan 3 ünvanın yerləşdiyi ərazi Bakı şəhəri Xətai rayon Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin həmin məhkəmə tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 iyun 2021-ci il tarixli Qərarına əsasən, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir...Mülki Prosessual Məcəllənin 35.1ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir....Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 151-152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsinin əsassız hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6351/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6351/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver