Məhkəmə qərarları › İş №2(011)-639/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-639/2023

17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-639/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi X7 Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, 18 iyun 1969-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonu, Kutlyar kəndində anadan olmuşdur. 1939-cu ildə atası X1 Respublikası Marneuli rayonu, Kutlyar kəndində anadan olub, 1942-ci ildə isə anası X4 Azərbaycanda Mingəçevir şəhərində anadan olmuşdur. O, orta məktəbi Gürcüstanda bitirdikdən sonra 1986-cı ildə Mingəçevir şəhər Politexnik Texnikumuna qəbul olunmuşdur. Oxuduğu illərdə daimi olaraq Mingəçevir şəhərində yaşamışdır. Həqiqi hərbi xidmətə Mingəçevir şəhərində getmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə hərbi xidmətini başa vurduqdan sonra Mingəçevir şəhərinə qayıtmış və Mingəçevir şəhər Politexnik Texnikumunda təhsilini davam etdirmişdir. 1991-ci ildə təhsilini başa vurmuşdur. 1991-ci ildən 2000-ci ilə kimi fasiləsiz Mingəçevir şəhərində yaşamışdır. 2000-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2021-ci ildə Rusiya Federasiyasından Bakı şəhərinə qayıtmışdır. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 78, mənzil 69-da əmisi qızı X9 məxsus mənzildə yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə yazılı şəkildə müraciət etmiş və xahiş etmişdir ki, 1986-cı ildən bu günə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı üçün ona Azərbaycan Respublikasının vətəndaşlığı versinlər. Dövlət Miqrasiya Xidməti isə imtina edərək ona arayış təqdim etmişdir, arayışda qeyd edilmişdir ki, müraciətinə baxılaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bundan əlavə Asan xidmət vasitəsilə Gürcüstan Respublikasının Səfirliyinə və Rusiya Federasiyası Səfirliyinə müraciət etmiş və oradan ona bildirilmişdir ki, o, nə Gürcüstan, nə də ki, Rusiya vətəndaşı deyildir. Lakin bütün bunlara baxmayaraq indiyə qədər şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Şəxsiyyət vəsiqəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etdikdə, onun Azərbaycan Respublikası ərazisində daimi yaşamağı faktının məhkəmə qaydasında tanınması vacibliyi və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyi söylənilmişdir. Odur ki, ərizəçi xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi 1986-cı ildən bu günə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verməklə yanaşı, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasında nümayəndəsi X14 iddia tələbinin əsassız olduğunu bildirməklə tələbin təmin edilməməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəməyə təqdim edilmiş ərizələrində göstərmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. İşin hallarından, o cümlədən şəxsin ərizəsindən görünür ki, şəxs fasiləsiz olaraq 2006-cı ilə qədər Azərbaycan Respublikasında yaşamayıb. Belə ki, ərizəsindən görünür ki, Ərizəçi 2000-ci il tarixdə Rusiya Federasiyasına getmiş, 2021-ci il tarixdə isə ölkəyə qayıtmışdır. Digər bir məsələ şəxs ünvan 1 ünvanında XV-Tİ664836 nömrəli Gürcüstan SSR pasportu ilə qeydiyyatdadır, halbuki o, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSRİ-nin) vətəndaşlığında olmalı idi. İş materiallarını araşdırıb, ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatına, maraqlı şəxsin nümayəndəsinin iddia tələbinə qarşı etirazına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X-Tİ seriyalı 252416 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 18 iyun 1969-cu il tarixdə Gürcüstan SSRnin Marneuli rayonu, Kurtyari kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, onun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli, İ-5904/6970/ə nömrəli müraciətinə aidiyyatı üzrə baxılmış, qeyd olunan məsələ ilə əlaqədar bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir.Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışı ilə aidiyyəti üzrə məlumat verilmişdir. Həmçinin Gürcüstanda anadan olduğu nəzərə alınaraq, şəxsiyyəti təsdiq edən etibarlı sənədlərlə təmin olunmaq məqsədilə Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan HT-İ seriyalı 563329 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1986-cı ildə X2 daxil olmuş və 1991-ci ildə təhsilini bitirmişdir. İş materiallarında olan Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Mingəçevir şəhər polis şöbəsinin arxivində Ərizəçi xx.xx.1989-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyata düşməsi müəyyən edilmişdir. İş materiallarında olan Rusiya Federasiyanını Azərbayan Respublikasındakı səfirliyindən Xətai Rayon Məhkəməsinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Ərizəçi Rusiya Federasiyanın vətəndaşı hesab edilmir. İş materiallarında olan Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Gürcüstan Dövlət Xidmətinin X3 və Miqrasiya Xidmətinin məlumatına əsasən Ərizəçi (xx.xx.1969-cu il təvəllüdlü) Gürcüstan vətəndaşı hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, 18 iyun 1969-cu il təvəllüdlü Ərizəçi müraciəti ilə bağlı bildirilmişdir ki, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin 31 yanvar 2022-ci il tarixli arayışında göstərilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi həqiqətən xx.xx.1987-ci ildən xx.xx.1989-cu il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan VÖEN ********** sahibi fiziki şəxs X10 verdiyi 11 mart 2022-ci il tarixli arayışda göstərilmişdir ki, Ərizəçi ünvan 4 ünvanında yerləşən 8 saylı binanın A girişində 13-cü mərtəbəsində olan 69 saylı mənzildə yaşayır. Mənzil X9 məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfirliyinin konsulluq şöbəsinin 471-7M nömrəli xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinə ünvanlanmış məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Vladimir əyaləti üzrə İdarəsi öz növbəsində Azərbaycan Respublikası səfirliyinin konsulluq şöbəsinə müraciət edərək xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi Rusiya Federasiyası ərazisində qalma rejimi qaydalarını pozması səbəbindən Rusiya Federasiyası ərazisindən inzibati qaydada məcburi çıxarılmasına dair qərara əsasən ölkədən çıxarılmasının həyata keçirilməsi məqsədilə əməli dəstək göstərilməsi xahiş edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı ilin yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi 1986-cı ildən 2000-ci ilədək və 2021-ci ildən halhazıradək Azərbaycan Respublikasının ərazisində yaşaması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Ərizəçi 18 iyun 1969-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonu, Kutlyar kəndində doğulsa da, 1986-cı ildə Mingəçevir şəhər Politexnik Texnikumuna qəbul olmuş, həmin dövrdə Mingəçevir şəhərində yaşamışdır. Eyni zamanda Ərizəçi həqiqi hərbi xidmətə də Mingəçevir şəhərində getmişdir. 1991-ci ildən 2000-ci ilə kimi fasiləsiz Mingəçevir şəhərində yaşamışdır. 2000-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, 2021-ci ildə Rusiya Federasiyasından Bakı şəhərinə qayıtmışdır. Hal-hazırda ünvan 5 ünvanda yerləşən mənzildə yaşayır. Məhkəmə hesab edir ki, mülki işdə olan sübutlarla Ərizəçi 1986-cı ildən 2000-ci ilədək və 2021-ci ildən hal-hazıradək Azərbaycan Respublikasının ərazisində yaşaması faktı təsdiq edildiyindən, ərizə qismən təmin edilməli və ərizəçinin Azərbaycan Respublikasının ərazisində 1986-cı ildən 2000-ci ilədək və 2021-ci ildən hal-hazıradək yaşaması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi 1986-cı ildən 2000-ci ilədək və 2021-ci ildən hal-hazıradək Azərbaycan Respublikasının ərazisində yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar