Məhkəmə qərarları › İş №2(011)-640/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-640/2025

14.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-640/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MTK-nın sədri X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “protokoldan çıxarışın və maliyyə arayışının verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “protokoldan çıxarışın və maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbində göstərmişdir ki, cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanda yerləşən sahəsi 112,22 kv.metr əlan 2 otaqdan ibarət mənzili almışdır. xx.xx.2018-ci il tarixdə cavabdehlə aralarında olan qarşılıqlı razılaşmaya əsasən mənzilin tam dəyəri olan 130000 manatı ödəmişdir. Bundan sonra həmin mənzilə dair iddiaçının ərizəsinə əsasən atası X6 ilə xx.xx.2019-cu il tarixdə müqavilə imzalanmış və ona da dəyərin tam ödənilməsi barədə arayış verilmişdir. Keçmiş həyat yoldaşı X4 iddiasına əsasən Xətai Rayon Məhkəməsinin 2(011)-7298/2019 saylı, xx.xx.2019-cuil tarixli qətnaməsi ilə MTK ilə atası M.Piriyev arasında bağlanmış müqavilə və bunun əsasında verilmiş çıxarış etibarsız hesab edilmiş, həmin mənzil birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilərək keçmiş həyat yoldaşı ilə iddiaçının həmin mənzildə 1/2 payı müəyyən edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı N.Quluzadənin Sumqayıt Şəhər Məhkəməsində pay tələbinə dair iddiasına baxılarkən aralarında barışıq sazişi bağlanmış və qarşılıqlı razılaşma əsasında iddiaçı həmin mənzildəki payı kimi ona 100.000 manat ödəmiş və barışıq sazişi məhkəmə tərəfindən qəbul edilərək icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Qəbul edilən məhkəmə qətnamələrindən məlum olur ki, iddiaçının MTK ilə bağlanmış müqaviləsi məhkəmə tərəfindən etibarlı hesab edilmiş, həmin mənzilə dair N.Quluzadənin payı iddiaçı tərəfindən ona ödənmiş və iddiaçı hazırda mənzilin tam payla sahibidir. Mülkiyyət hüquqlarının qeydə alınması üçün MTK tərəfindən iddiaçıya Protokoldan çıxarış və maliyyə arayışı verilməlidir. Həmin Protokoldan çıxarış və maliyyə arayışı iddiaçı mənzilin atası M.Piriyevin adına keçməsinə dair ərizə verilərkən MTK-ya təhvil verilmişdir və hazırda MTK-da saxlanılır. İddiaçı həmin protokoldan çıxarışın və maliyyə arayışının iddiaçıya verilməsi üçün MTK-nın əməkdaşı Təranə xanıma müraciət etmiş, o isə həmin sənədləri iddiaçıya verməkdən imtina etmişdir. Ona görə də iddiaçı rəsmi olaraq MTK-ya bu barədə müraciət etmişdir. Həmin məktub MTK tərəfindən qəbul edilsə də, rəsmi olaraq iddiaçıya cavab verilməmişdir. Qeyri-rəsmi olaraq bildirilmişdir ki, iddiaçı o vaxt cavabdehi prokurorluğa və polisə şikayət etdiyi üçün və cavabdehə orada əziyyət verildiyi üçün, cavabdeh də indi həmin çıxarışı və protokolu vermir. Bundan əlavə bildirmişlər ki, guya həmin protokoldan çıxarış və maliyyə arayışı Bakı Baş Polis İdarəsində araşdırılma aparılarkən polisə təqdim edilmiş və oradadır. İddiaçı həmin araşdırmanı aparan Polis İdarəsinə müraciət etmiş və iş materialları araşdırılarkən məlum olmuşdur ki, protokoldan çıxarış ümumiyyətlə polisə təqdim edilməmiş, maliyyə arayışının isə kserosurəti təqdim edilmişdir. Bundan sonra iddiaçı başa düşmüşdür ki, MTK rəhbərliyi arada yaranmış narazılıqlara görə bilərəkdən iddiaçının adına olan protokoldan çıxarışı və maliyyə arayışını verməkdən imtina etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda qüvvədə olan alqı-satqı müqaviləsinə əsasən həmin mənzilin mülkiyyətçisi iddiaçıdır. İddiaçı bu mənzilə dair mülkiyyət hüquqlarını qeydə almaq üçün Reyestr Xidmətinə müraciət etdikdə ona bildirilmişdir ki, bu hüquqların qeydə alınması üçün payçılığa qəbul edilmə barədə protokoldan çıxarış və maliyyə arayışı təqdim edilməlidir. Həmin sənədlər isə hazırda MTK-dadır, bilərəkdən həmin sənədləri iddiaçıya verməkdən imtina edirlər. Bu isə iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarını pozur.Ona görə də həmin sənədlər məhkəmə qaydasında cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh "xxxx" MTK tərəfindən tikilən Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən sahəsi 112,22 kv.metr olan 2 otaqdan ibarət mənzilə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən payçı kimi qəbul edilməyi barədə Protokoldan çıxarışın və mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, sənədlər ilk dəfə 2018-ci ildə ona verilmiş, 2019-cu ildə ev atasının adına keçəndə cavabdeh tərəfindən iddiaçıya məxsus sənədlər alınmış və bununla bağlı ərizədə alınmışdır, sonradan nə qədər tələb etsə də, ona qaytarılmamışdır. Halbuki müqavilə ona reyestrdən çıxarış almaq üçün lazımdır. Hazırda cavabdeh ondan əlavə ödəniş istəyir o sənədi vermək üçün. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın sədri X2 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, sənədlər vaxtilə iddiaçıya verilmişdir, sənədlər sonradan saxlanılmır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına olan icraçı "xxxx" MTK ilə alıcı İddiaçı arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilənin predmeti icraçının müvafiq sənədləşmələrə əsasən ünvan 3 ünvanında tikintisini həyata keçirdiyi 19+ mansart mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda alıcıya satmasından, alıcının isə aldığı mənzilin dəyərini bu müqaviləyə uyğun 100% qabaqcadan ödəməsindən ibarətdir. İcraçı və alıcının razılığına əsasən Babək prospekti 10 “D” giriş 2, mənzil 126, binanın 15-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 112.22 m2, yaşayış sahəsi 63.46 m2 olmaqla, 2 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi olaraq hər 1 m2 üçün 1400 manat olmaqla cəmi 157100 manat müəyyən edilir. Göstərilən məbləğin 100%-ni qabaqcadan alıcı tərəfindən ödənilir. İş materiallarında olan 03 oktyabr 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Babək prospekti 10 "D”-giriş 2, 15-ci mərtəbədə yerləşən 126 saylı mənzil üçün 130000 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 03 oktyabr 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bina 10 “D” giriş, 2, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112,22 m2, yaşayış sahəsi 63.46 m2 olan 2 otaqdan 126 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 130000 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5135/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X4 cavabdehlər "xxxx" MTK-ya, İddiaçı, X5 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə cavabdehlərin kassasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3584/2022 saylı mülki iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(011)-7298/2019 saylı qətnaməsilə, iddiaçı X4 cavabdehlər "xxxx" MTKya, İddiaçı, X5 və Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “birgə mülkiyyətdə olan əmlaka dair ərizənin, müqavilənin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, "xxxx" MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3D, giriş 2, 15-ci mərtəbədə 126 nömrəli mənzilə dair cavabdeh İddiaçı tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 15 mart 2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, "xxxx" MTK ilə X6 arasında bağlanmış 15 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3D, giriş 2, 15-ci mərtəbədə 126 nömrəli mənzilə dair X3 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrində (08 aprel 2019-cu il tarixli, Seriya RX, 1519645) 3019 nömrəli reyestr kitabının 231936 nömrəli vərəqində ********** nömrə ilə aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qərardan həmçinin müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3584/2022 saylı 25 may 2022-ci il tarixli qətnaməsi ilə, cavabdehlər İddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7298/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5204/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qəraddadından görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “ümumi mülkiyyətdə olan əmlakda payın əvəzində pul kompensasiyasının ödənilməsi” tələbi dair mülki iş üzrə tərəflər arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir:

1. Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə bu Sazişin şərtlərinə və qaydalarına uyğun həll edirlər;

2. Tərəflər bəyan edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 153.2.2-ci, 191.1, 191.2, 191.2-1-ci, 261.0.2-ci maddələrinin tələblərinə uyğun olaraq barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir;

3. Tərəflər bəyan edirlər ki, "xxxx" MTK ilə İddiaçı arasındakı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr., ev 10D, giriş-2, 15-ci mərtəbədə 126№-li mənzil tərəflərin birgə nikahında əldə edilmiş əmlak olmaqla onların hər ikisinin bərabər payı vardır və mövcud paylara dair hüquq və vəzifələrini bu Sazişdə göstərilən şərtlər və qaydalar daxilində tam və birdəfəlik həll edirlər;

4. N.E.Quluzadə öhdəsinə götürür ki, yaranmış mübahisənin məhkəmədənkənar qaydada, öz aralarında yalnız hazırkı sazişin şərtləri çərçivəsində həll etmələrinə İddiaçı razılaşması və Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr. Ev 10D giriş-2, 15-ci mərtəbədə 126 №-li mənzildə olan 1/2 pay hüququnun (payın) dəyərinin əvəzində İddiaçı tərəfindən ona 100.000 (bir yüz min) manat məbləğində kompensasiya ödənilməsi müqabilində, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə mənzilə dair bütün hüquqların tam şəkildə İddiaçı keçməsinə, aralarındakı mübahisənin bu Sazişdə razılaşdıqları şərtlər və qaydalar daxilində həll edilməsinə razılaşır və həmin mənzildə olan ½ payından imtina edir;

5. N.E.Quluzadə bəyan edir ki, aralarındakı razılığa uyğun olaraq, İddiaçı tərəfindən ona xx.xx.2023-cü il tarixdə 50.000 manat və hazırki Sazişin imzalandığı anda – xx.xx.2023-cü il tarixdə 50000 manat və hazırkı iş üzrə İddiaçı qarşı iddia tələblərindən imtina edir və hazırki sazişin təsdiq olunması, işin icraatına xitam verilməsi barədə Məhkəməyə ərizə verir və gələcəkdə hazırki mülki iş üzrə mübahisəli mənzilə (pay haqqına) dair hər hansı digər tələb irəli sürməyəcəkdir;

6. İddiaçı bəyan edir ki, hazırki mübahisənin bu Sazişdə nəzərdə tutulmuş qaydada barışıq yolu ilə həll edilməsi məqsədilə, N.E.Quluzadənin Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr., ev 10D, giriş-2, 15-ci mərtəbədə 126 №-li mənzilə 1/2 pay hüququndan (payından) və iddia tələblərindən imtina etməsi müqabilində, N.E.Quluzadənin mənzildə olan 1/2 mülkiyyət payının əvəzində ona 100.000 (bir yüz min) manat pul ödəməyə razılaşmışdır;

7. İddiaçı, aralarındakı razılığa əsasən xx.xx.2023-cü il tarixdə N.E.Quluzadəyə nağd qaydada ödədiyi 50.000 manat məbləğdən əlavə, bu Sazişin imzalanması anında da 50000 (əlli min) manat olmaqla, cəmi 100.000 manat ödəməklə bu Sazişlə üzərinə düşən öhdəliyi yerinə yetirmiş olur;

8. İddiaçı hüququ var ki, tərəfindən bu Sazişin şərtlərinə uyğun olaraq, cəmi 100.000 (bir yüz min) manat məbləği N.E.Quluzadəyə ödəməsi ilə əlaqədar, N.E.Quluzadənin hazırki iş üzrə iddia tələblərindən tam imtina etməsi və barışıq sazişinin təsdiq edilməsi barədə Məhkəməyə ərizə verməsini və gələcəkdə də hazırki iş üzrə mübahisəli mənzillə bağlı hər hansı tələb və iddiaların irəli sürülməməsini tələb etsin;

9. Tərəflərin hər ikisi bu Sazişi imzaladıqları anda İddiaçı 50.000 (əlli min) manat vəsaiti N.E.Quluzadəyə ödəyir, ödəniş barədə tərəflər arasında bu Sazişin ayrılmaz tərkib hissəsi olan “AKT” tərtib olunur (Sazişə Əlavə 1.) Bu bənddə göstərilən məbləğin ödənilməsi ilə İddiaçı tərəfindən N.E.Quluzadəyə cəmi 100.000 (bir yüz min) manat tam ödənilmiş hesab olunur. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 25 iyul 2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı protokoldan çıxarışın və maliyyə arayışının ona verilməsini xahiş etmiş,əks təqdirdə bu iddia ilə məhkəməyə müraciət edərəcəyini cavabdehə bildirmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi tərəfindən X5 ünvanlanmış 07 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, cinayət işinin materiallarında saxlanılan mənzilinə aid sənədlərin əslinin ona təqdim olunması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanan müraciətə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində baxılmışdır. şəhər Baş Polis İdarəsində ibtidai istintaqı aparılaraq icraatına xitam verilmiş cinayət işinin materiallarında saxlanılan "xxxx" MTK üzvlərinin ümumi iclasının 1 nömrəli protokolundan çıxarışın, 28 mart 2019-cu il tarixli maliyyə arayışının və 2 nömrəli forma sənədinin əsilləri müraciət əsasında 03 oktyabr 2024-cü il tarixdə Məhəmməd Piriyeva təqdim olunmuşdur. "xxxx" MTK tərəfindən övladı İddiaçı adına verilmiş maliyyə arayışı və kassa-mədaxil orderinin əsilləri cinayət işinin materiallarında mövcud olmadığından həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (Maddə 139.1) Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. (Maddə 139-1.1.6) Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. (maddə 144-1.5) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanda yerləşən sahəsi 112,22 kv.metr əlan 2 otaqdan ibarət mənzili almış, əvəzində 130000 manat pul vəsaitini cavabdehə ödəmişdir. Bundan sonra İddiaçı keçmiş arvadı X8 cavabdehlər "xxxx" MTK-ya, İddiaçı, X5 və Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “birgə mülkiyyətdə olan əmlaka dair ərizənin, müqavilənin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(011)-7298/2019 saylı qətnaməsilə iddia təmin edilmiş, "xxxx" MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3D, giriş 2, 15-ci mərtəbədə 126 nömrəli mənzilə dair cavabdeh İddiaçı tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 15 mart 2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, "xxxx" MTK ilə X6 arasında bağlanmış 15 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3D, giriş 2, 15-ci mərtəbədə 126 nömrəli mənzilə dair X3 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrində (08 aprel 2019-cu il tarixli, Seriya RX, 1519645) 3019 nömrəli reyestr kitabının 231936 nömrəli vərəqində ********** nömrə ilə aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair İddiaçı ilə keçmiş arvadı X8 arasında barışıq sazişi bağlanmış və Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5204/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qəraddadı ilə barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişində N.E.Quluzadə öhdəsinə götürmüşdür ki, yaranmış mübahisənin məhkəmədənkənar qaydada, öz aralarında yalnız hazırkı sazişin şərtləri çərçivəsində həll etmələrinə İddiaçı razılaşması və Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr. Ev 10D giriş-2, 15-ci mərtəbədə 126 №-li mənzildə olan 1/2 pay hüququnun (payın) dəyərinin əvəzində İddiaçı tərəfindən ona 100.000 (bir yüz min) manat məbləğində kompensasiya ödənilməsi müqabilində, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə mənzilə dair bütün hüquqların tam şəkildə İddiaçı keçməsinə, aralarındakı mübahisənin bu Sazişdə razılaşdıqları şərtlər və qaydalar daxilində həll edilməsinə razılaşır və həmin mənzildə olan ½ payından imtina edir. Hazırda iddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüquqlarını qeydə alınması üçün payçı kimi qəbul edilməyi barədə Protokoldan çıxarış və həmin müqavilə ilə bağlı maliyyə arayışının cavabdeh tərəfindən ona təqdim edilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra edildiyindən və cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədlərin təqdim edilməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə törətdiyindən, iddia əsaslı olduğu üçün təmin edilməli, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən payçı kimi qəbul edilməyi barədə Protokoldan çıxarış və həmin müqavilə ilə bağlı maliyyə arayışının İddiaçı verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən payçı kimi qəbul edilməyi barədə Protokoldan çıxarış və həmin müqavilə ilə bağlı maliyyə arayışının İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK -nın üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar