Məhkəmə qərarları › İş №2(011)-6433/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6433/2023

12.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6433/2023 12.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki falları:

1. İddiaçı xx.xx.2010-cu il tarixdə başlayaraq xx.xx.2023-cü il tarixədək cavabdehin tabeliyində olan müxtəlif şöbələrdə müxtəlif vəzifələrdə işləmişdir.

2. İddiaçı ilk dəfə AR DNŞ Cavabdeh İB-nin xx.xx.2010-cü il tarixli 84-K saylı əmri ilə, üç ay sınaq müddəti təyin edilməklə, bir il müddətinə X3 X2 şöbəsində 13-cü dərcəli rəis vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə iddiaçı ilə bağlanmış xx.xx.2010-cü il tarixli əmək müqaviləsinə ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə) xitam verilimiş, xx.xx.2010-cu il tarixli, 110-K saylı əmrlə bir il müddətinə, üç ay sınaq müddəti ilə, yenidən cavabdehin Nəsimi Qaz X2 şöbəsində 13cü dərcəli rəis vəzifəsinə təyin edilmişdir.

3. 07.06.2010-cu il tarixdə iddiaçı ilə bağlanmış sonuncu əmək müqaviləsinə ƏMnin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə) xitam verilimiş, xx.xx.2010-cu il tarixli, 3663 sdaylı əmrlə o, bir il müddətinə, üç ay sınaq müddəti ilə, Birliyin idarəetmə aparatının Kommersiya Departamentinin Müqavilələrin tərtibatı şöbəsində 15-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixli, 203-K saylı əmrlə Birliyin idarəetmə aparatının Hüquq Departamentinin istehlakçılarla müqavilələrin bağlanılması şöbəsinə 15-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdə Birliyin idarəetmə aparatının müqavilələrin bağlanılması şöbəsinə 15-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, (xx.xx.2017-ci il tarixli əmrlə ştat cədvəlində aparılmış dəyişikliklə əlaqədar 15-ci dərəcə böyük mühəndis hesab edilmişdir), xx.xx.2018-ci il tarixli əmrlə isə Birliyin idarəetmə aparatının Abonent bazasında xidmət şöbəsində 15-ci dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmşdir.

4. 13.09.2021-ci il tarixdə iddiaçı ilə bağlanmış sonuncu əmək müqaviləsinə ƏMnin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə) xitam verilimiş, xx.xx.2021-ci il tarixli əmrlə o, bir il müddətinə Bakı Regional Qazın Satışı Departamentinin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsində 15-ci dərəcəli rəis vəzifəsinə təyin edilmiş (xx.xx.2022-ci il tarixli əmrlə vəzifəsinin adı dəyişdirilərək şöbə rəisi adlandırılmış), xx.xx.2023-cü il tarixli əmrlə həmin şödədə şöbə rəisinin müavini vəzifəsinə keçirilmişdir.

5. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2023-cü il tarixli 14- 2-2/3-1K-408/2023 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrini kobud şəkildə pozuqda), xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir.

6. İddiaçı orqanizmin funksiyalarının 50% pozulması ilə əlaqədar müddətli əlildir (əlillik hərbi xidmət dövrü ilə bağlı yaranmışdır) və ona yüngül işlərdə işləmsi ilə əlaqdar əmək zəmənəti verilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

7. İddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-408/2023 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, onun Birliyin Bakı Regional Qazın Satışı Departamentinin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsinin rəis müqavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia ərizəsində göstərmişdir ki,.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

9. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

10. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixindən artıq işə çıxmasının mümkün olması müəyyən edilmişdi, həmin tarixdə gecə növbəsi olmuşdur, buna görə də işə gedib. xx.xx.2022-ci il tarixə qədər işə çıxıb

11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

13. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

14. Maddə 70 ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

15. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

16. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

17. Maddə 72 a). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

18. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

19. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

20. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

21. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

26. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

28. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında ilk dəfə xx.xx.2010-cu il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin tabeliyində olan müxtəlif şöbələrdə ayrı-ayrı vəzifələrdə işləmiş, onun sununcu iş yeri və vəzifəsi cavabdehin Bakı Regional Qazın Satışı Departamentinin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsində rəis müqavini vəzifəsi olmuşdur. xx.xx.2023-cü il tarixdə onunla bağlanmış sonuncu, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir.

29. ƏM-nin 70-ci maddəsinin ç) bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin iki dispozitiv şərti nəzərdə tutulmuşdur: 1) işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 2) Məcəllənin 72-ci maddəsində sadalanan işçi tərəfindən əmək vəzifələrindən birinin kobud şəkildə pozulması.

30. ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları Məcəllənin 71-ci maddəsinin 2-ci bəndi ilə məhdudlaşdırılmaqla daha da konkretləşdirilmişdir. Belə ki, işçinin əmək müqaviləsi ƏMnin 70-ci maddəsinin ç) bəndi ilə o halda ləğv edilə bilər ki, Məcəllənin 71-ci maddəsinin 2ci bəndində nəzərdə tutulmuş nəticələr baş vermiş olsun. Bu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərt də nəzərə alınmalıdır: 1) işçinin təqsiri (işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi); 2) işçinin təqsirli hərəkətlərindən doğan nəticə (müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmas; 3) işçinin təqsirli hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması.

31. Konkret mübahisəyə gəldikdə, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verərkən, iddiaçının 2023-cü ilin aprel ayı ərzində işdə olmamasını əsas kimi göstərmişdir (xx.xx.2023-cü il tarixli əmrdə AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən iddiaçının heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə istinad edilmişdir).

32. Cavabdeh dəfələrlə məhkəmə iclasına çağırılsa da iddiaçının həqiqətən də 2023-cü ilin aprel ayında üzürsüz səbəbdən işdə olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının heç bir üzürsüz səbəb olmadan bir gündən artıq müddətdə işdə olmaması, hələ onunla bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə əsas vermir, çünki qanunvericilik tələb edir ki, bunun üçün ƏM-nin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş verməlidir (işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun). Lakin cavabdeh iddiaçının 2023-cü ilin aprel ayında işə gəlməməsi nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, yaxud hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

33. Şərh edilənlərdən də göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız konkret əsaslar olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Başqa sözlə, qanunvericilik tələb edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır.

34. Bundan başqa, ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsində intizam tənbehinin aşkar edilməsindn sonra onun tətbiq edilməsi üşün konkret müddət – 1 ay müəyyən edilmişdir. Cavabdeh isə, intizam tənbehinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Belə ki, iş materialları əsasında müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli, 14- 2-2/3-1K-408/2023 saylı əmrin verilməsi əsasları kimi X1 21.06 2023-cü il tarixli məktubu, cavabehin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin xx.xx.2023-cü il tarixli xidməti məruzəsi və 2023-cü ilin aprel ayı üzrə işçilərin işə davamiyyəti tabeli göstərilmişdir. Göründüyü kimi, əmrin də məzmunundan göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin əsas səbəbi onun 2023-cü ilin aprel ayında (yaxud hər hansı bir günüdə) üzürsüz səbəbdən işə gəlməməsi olmuşdur. Eyni zamanda, Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin xidməti məruzəsi xx.xx.2023-cü il tarixdə belə təqdim edilməsinə baxmayaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmişdir. Halbuki, iddiaçı barəsində müvafiq əmələ görə intizam tənbehinin tətbiq edilməsi 2023-cü ilin may ayının sonunadək verilə bilərdi. Cavabdeh isə pozuntu aşkar olunduqdan azı 2 ay sonra iddiaçı barədə inzibati tənbehin tətbiq edərək onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə xitam vermişdir.

35. Digər bir tərəfdən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilərkən ondan izahat alınmamış, onun X1 iclasında itirakı təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, bu iş materialları əsasında müəyyən olunur. Qeyd edilən halların araşdırılması və iş üzrə sübutların məhkəməyə təqdim edilməsi məqsədilə cavabdehə dəfələrlə məhkəmə iclası barədə məlumat verilərək məhkəmə iclasına çağrılsalar da, səlahiyyətli nümayəndələrinin iştirakını məhkəmədə təmin etməmişlər və iş üçün əhəmiyyətli olacaq sübutlarını məhkəməyə təqdim etməmişlər.

36. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə səbəb olan həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabeh tərəfindən sübuta yetirilmədiyindən, habelə intizam tənbehinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyindən, bununla da cavabdehin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-408/2023 saylı əmri qanunsuz olduğundan ləğv edilməlidir.

37. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməsi hissəsində də iddia təmin edilməlidir. Belə bu halda əmək haqqının ödənilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuşdur.

38. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-ci maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-408/2023 saylı əmrri ləğv edilsin və İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsinin rəis müqavini vəzifəsinə vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh İB tərəfindən hesablanaraq İddiaçı ödənilsin. 100 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar