Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6445/2024 23.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1990-cı ildə Gürcüstan Respublikasının Poti şəhərində doğulmağına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ata qrafasında X4, ana qrafasında X1 göstərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilmləlidir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçi xx.xx.1990-cı ildə Gürcüstan Respublikasının Poti şəhərində doğulmağına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş edir. X3 Gürcüstan Respublikası tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə olan ərizəçinin soyadı ilə şəxsiyyət vəsiqəsində olan “Məmmədli” soyadı uyğun gəlmədiyi üçün ərizəçi yenidən doğum faktının müəyyən edilməsini və nəticədə yeni doğum haqqında şəhadətnamənin verilməsini istəyir. Halbuki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hazırkı ərizəyə əlavə edilmiş sənədlərdən isə görünür ki, ərizəçinin Gürcüstan SSR tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsi mövcuddur. Ərizəçi həmin sənəddəki yalnışlığın sənədi vermiş dövlət orqanı tərəfindən aradan qaldırılmasının mümkünsüzlüyünü əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında baxılan ərizələrin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizələrinin geri qaytarılmasına dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, ərizəçinin ərizəsi, iddia ərizəsinin geri qaytarılmasını müəyyən edən normaların tətbiq edilməklə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, ərizəçi doğum haqqında şəhadətnaməsində düzəlişlərin müvafiq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən aradan qaldırılmasının mümkünsüzlüyünü əsaslandırıb məhkəməyə müraciət etməli və ya doğum şəhadətnaməsində yol verilmiş səhvlərin (soyadın düzgün yazılmaması və sair) aradan qaldırılması üçün müvafiq dövlətin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanına müraciət etməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı müvafiq dövlətin qanunvericiliyində nəzərdə tutulmuş qaydada iddia qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizənin icraata qəbulundan imtina edilirsə - ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, Ərizəçi ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi - onun xx.xx.1990-cı ildə Gürcüstan Respublikasının Poti şəhərində doğulmağına dair hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi, ata qrafasında X4, ana qrafasında X2 göstərilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçi tərəfindən ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" ASC vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ********* saylı qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6445/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6445/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver