Məhkəmə qərarları › İş №2(011)-655/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-655/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-655/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh2 İsrayıl qızına, Cavabdeh1 və Cavabdeh3 qarşı “ümumi mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2 İsrayıl qızı və X3 ilə ümumi mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19, 102 saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 16.11.2020-ci il tarixdə iddia tələbinə dəqiqləşmə təqdim edərək, İddiaçı ümumi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19, 102 saylı mübahisəli mənzilin 3/6 hissəsini naturada bölməklə, sərhəddinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19, 102 saylı mənzil İddiaçı və mərhum həyat yoldaşı X1 mülkiyyətində olub, həyat yoldaşı vəfat etdikdən sonra həyat yoldaşının adına olan mübahisəli mənzili iddiaçı və cavabdehlər onun vərəsələri kimi qəbul etmişlər, mübahisəli mənzilin 3/6 hissəsi iddiaçının, övladları Cavabdeh2 İsrayıl qızına, Cavabdeh1 və Cavabdeh3 hər birinə 1/6 hissə olmaqla payları müəyyən olunmuşdur, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçərək mülkiyyət hüquqları tanınmış və 29.12.2012-ci il tarixli Çıxarış verilmişdir, hal-hazırda iddiaçının övladları onu mənzilə buraxmırlar və həmin mənzildə birgə yaşamaq qeyri-mümkündür, bu səbəbdən iddiaçı ona düşən 3/6 hissədə payını satmaq qərarına gəlmişdir, bu barədə iddiaçı cavabdehlərə bildiriş məktubu göndərsə də, cavabdehlər mənzilin satılaraq bölünməsinə razılıq verməmişlər, buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, ev naturada bölünməsi mümkün deyil, bu iş üzrə təyin olunan ekspertiza rəyindən də mübahisəli mənzilin bölünməsi texniki cəhətdən mümkün olmaması görünür, bununla belə gələcəkdə onunla iddiaçı arasında razılıq əldə olunarsa, alqı-satqı müqaviləsi bağlanıla bilər. Məhkəmə iclasında Cavabdeh3 Cavabdeh1 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 İsrayıl qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin, 102 saylı mənzili 3/6 hissə paylı mülkiyyət üzrə İddiaçı, açıq qalan 3/6 hissədə X2 məxsusdur. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 28.08.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 İsrayıl qızı və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 012190 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27.04.2019-cu il tarixdə, Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 07.08.2020-ci il tarixli Cavabdeh1 İsrail oğlu və Cavabdeh3 İsrail qızına ünvanlanmış bildiriş məktubundan və 07.09.2020-ci il tarixli poçt qəbzindən görünür ki, ona düşün payın alınması və ya ümumi olaraq mənzili sataraq əldə olunmuş vəsaitin hər kəsə paylara uyğun bölüşdürülməsi barədə müraciət olunmuş, əks halda mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, həmin bildirişlər cavabdehlərə göndərilmişdir. İş materiallarında olan Hüquq və X5 Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07.12.2020-ci il tarixli, 73 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin 102 saylı mənzilin faktiki vəziyyətinə, yəni mənzilin tərkibində olan kommunal xidmət sahələri (mətbəx,dəhliz və s.) yeganə olduğuna görə, “İnşaat Norma və Qaydalarının 2.08.01.89”un 1.1, 2.1, 2.2, 2.4, 2.7-ci bəndələrinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyil. Məhkəmə, ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin 102 saylı mənzili 3/6 hissə paylı mülkiyyət üzrə İddiaçı, açıq qalan 3/6 hissədə X2 məxsusdur, X4 27.04.2019-cu il tarixdə ölmüşdür, həmin mənzildə Cavabdeh1, Cavabdeh2 İsrayıl qızı və Cavabdeh3 qeydiyyatdadırlar, həmin əmlak üzərindəki payların ayrılması üsulu və şərtləri haqqında məhkəmədən kənar qaydada həll edilməsi barədə tərəflər arasında razılıq əldə edilməmişdir, həmin mənzilin paylara uyğun olaraq naturada bölünməsi mümkün deyildir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə əsasən, ...fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər..., əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Həmçinin həmin Qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin, 102 saylı mənzilinə dair 3/6 hissəsini naturada bölməklə, sərhəddinin müəyyən edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “ümumi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 19, 102 saylı mənzilin 3/6 hissəsini naturada bölməklə sərhədinin müəyyən edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar