Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6629/2020 07.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının İddiaçı, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, xx xxxx 2020-ci il tarixdən məcburi iş buraxma müddətinə görə əmək haqqının Cavabdeh MMC tərəfindən iddiaçının xeyrinə ödənilməsi və işə bərpa olunmasının Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə xx xxxxxxx 2019cu il tarixdə əmək müqaviləsinin bağlanması ilə əmək münasibətlərinə daxil olmuşdur və həmin vaxtdan etibarən dondurma sexində fəhlə vəzifəsində çalışmışdır. Əmək müqaviləsinin bağlandığı tarixdən iddiaçı davamlı olaraq işinə məsuliyyətli yanaşmış, öz vəzifəsini lazımi qaydada icra etmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixinədək Novruz bayramı ilə əlaqədar iş günü hesab olunmayan bayram günlərindən sonra işə çıxmaq istəsə də, bu mümkün olmamışdır. Belə ki, COVİD-19 pandemiyası ilə əlaqədar sərt karantin rejiminin tətbiqi iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasına maneə yaratmışdır. İddiaçı 25 may 2020-ci il tarixdə cavabdeh ilə əlaqə saxlayaraq işə çıxmaq istədiyini və həyat yoldaşının səhhəti ilə bağlı əmək haqqına ehtiyacı olduğunu bildirsə də, müraciəti cavablandırılmamışdır. xx xxxx 2020-ci il tarixdə iddiaçı işlədiyi müəssisəyə gedərək işəgötürənlə görüşmək istədiyini bildirdikdə işəgötürən tərəfindən əmək müqaviləsinin xitam olunduğunu öyrənmişdir. Halbuki bu barədə cavabdeh tərəfindən ona həmin günədək heç bir məlumat verilməmiş və əmək müqaviləsinə xitam verilmə səbəbi tərəflərindən bildirilməmişdir. İddiaçının israrından sonra xx xxxxx 2020-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişinin surəti cavabdeh tərəfindən verilmişdir. Lakin iddiaçıya məxsus əmək kitabçası da cavabdeh tərəfindən iddiaçıya təqdim olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında pandemiya ilə əlaqədar işə çıxmadığını, işdən azad olunmasından məlumatının olmadığını, xx xxxx 2020-ci il tarixdə işdən azad olunmasını bildiyini qeyd etdi. Məhkəmə iclasında cavabdehin vəkili X2 iddia tələbinə etiraz edərək onun rədd edilməməsini xahiş etdi. O, izahatında iddiaçıya dəfələrlə şifahi xəbərdarlıq edildiyini, onun işə çağırıldığını, pandemiya ilə əlaqədar iddiaçının işə çıxmadığını, əmrin surəti və əmək kitabçası ilə bağlı iddiaçıya zəng edildiyini, lakin onun gəlib götürmədiyini, ona aid əmək haqqının bank hesabına köçürülməsini və iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarından görünür ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə əmək müqaviləsi bağlanılaraq Cavabdeh MMC-yə dondurma sexində fəhlə vəzifəsinə qəbul edilmişdir. xx xxxxx 2020-ci il tarixli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdeh şirkət tərəfindən onu işdən azad edərkən heç bir qanunvericilik normasına əsaslanmadığına, formal olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və bununla da onun hüquqlarının pozulmasına istinad etmişdir. İşçinin əsas vəzifələrini müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü xitam verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı əmək müqaviləsi üzrə pozulmuş öhdəliklərin onun təqsiri üzündən baş vermədiyini bildirsə də, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır. İddiaçı 2020-ci ilin mart ayından may ayına qədər heç bir əsaslı səbəb olmadan işə gəlməmiş, bununla da əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. İşəgötürən özü bunun səbəblərini müəyyən etməyə çalışmış, iddiaçıya dəfələrlə şifahi xəbərdarlıq edilmiş, daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Cavabdeh təşkilat tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli əmrdə Əmək Məcəlləsində təsbit olunmuş hər hansı normanın pozulması müəyyən edilməmişdir. Mübahisələndirilən əmrin qəbulu zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuş və qanunauyğun olmuşdur. İddiaçı üzrlü səbəb olmadan işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuş və işəgötürən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə istinad etməklə ləğv etməkdə haqlı olmuşdur. Eyni zamanda, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfındən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialları ilə sübut olunmuşdur ki, iddiaçı cavabdeh şirkət tərəfindən onun barəsində çıxarılmış xx xxxxx 2020-ci il tarixli əmrdən xx xxxx 2020-ci il tarixdə məlumatlı olmuş, işdən azad edildiyini həmin vaxtdan bilmişdir. Bu fakt iddiaçının özü tərəfindən də verilmiş izahatlarda etiraf edilmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə işdən azad olunduğunu bildiyi (hüququnun pozulduğunu güman etdiyini aşkar etdiyi) halda, xx xxxxxx 2020-ci il tarixdə, yəni 5 aydan çox müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, İddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulduğundan, onunla bağlanmış əmək müqaviləsinə xx xxxxx 2020-ci il tarixli əmrlə xitam verilmişdir. Eyni zamanda iddiaçı əmri mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür, odur ki, hazırkı iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçınun Cavabdeh MMC-yə qarşı- əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, xx xxxx 2020-ci il tarixdən məcburi iş buraxma müddətinə görə əmək haqqının Cavabdeh MMC tərəfindən iddiaçının xeyrinə ödənilməsi və işə bərpa olunmasının Cavabdeh MMC-yə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6629/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6629/2020
07.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver