Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6633/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə, cehiz əşyalarının qaytarılması və birgə nikah dövründə əldə edilən əşyaların bölünməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, General Şıxlinski küçəsi, bina 59, blok 4, mənzil 56-ya cehiz əşyaları olan otağa köçürülməyi; ərizədə göstərdiyi cehiz əşyalarının naturada özünə qaytarılması, naturada qaytarmaq mümkün olmadıqda isə cehiz əşyalarımın dəyəri - 8.720 manat cavabdehdən onun xeyrinə tutulması; birgə nikah dövründə əldə edilmiş cehiz əşyalarının ½ pay cavabdehin və ½ pay naturada onun mülkiyyətinə verilməsi, naturada qaytarmaq mümkün olmadıqda isə cehiz əşyalarının dəyərinin cavabdehdən tutaraq ona verilməsi; birgə nikah dövründə 2020-ci ildə «Land Cruiser» markalı, BA-707-Kİ dövlət qeydiyyat nişanlı avtomobildən ½ pay cavabdehin və ½ pay onun mülkiyyətinə verilməsi, avtomobilin açıq hərracdan satılması və satış pulunun cavabdehlə arasında paylara mütənasib surətdə bölüşdürülməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2010-cu il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuş və 16 sentyabr 2011-ci il tarixdə nikahları rəsmiləşmişdir. Birgə nikah dövründə iki övladı olmuşdur. X5 - 13 mart 2012-ci il təvəllüdlü. X6 - 30 avqust 2013-cü il təvəllüdlü. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət normal yaşasalar da sonradan cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən, bir-biri ilə birgə yaşaya bilmədiyindən o, Cavabdeh qarşı nikahın pozulması, uşaqların onun himayəsində qalması və alimentin tutulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2723/2022 saylı 12 may 2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, 13 mart 2012-ci il təvəllüdlü X5 və 30 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək onun himayəsində saxlanılmış, 13 mart 2012-ci il təvəllüdlü X5 və 30 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə 200 manat, cəmi 400 manatın Cavabdeh onun xeyrinə hər ay ödənilməli olan sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2723/2022 saylı 12 may 2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulsa da onun evində həm gəlin köçəndə apardığı cehiz əşyaları həm də birgə nikah dövründə əldə etdikləri əşyalar qalıb. Cavabdeh ona məxsus olan cehiz əşyalarını özünə qaytarmaqdan imtina edir. Cavabdehdə aşağıdakı çeşiddə cehiz əşyaları qalıbdır. Cehiz əşyaları - 1 dəst yataq mebel dəsti – 2000 manat, 1 dəst mətbəx mebeli – 600 manat, 1 ədəd divan – 500 manat, 1 ədəd soyuducu 1000 manat, 1 ədəd televizor – 700 manat, 1 ədəd paltaryuyan maşın – 800 manat, 1 ədəd qazpeçi – 200 manat, 1 ədəd soba – 60 manat, 1 ədəd ətçəkən maşın – 150 manat, 1 ədəd şirəçəkən maşın – 70 manat, 1 ədəd tozsoran – 100 manat, 1 ədəd tikiş maşını – 400 manat, 5 ədəd xalça – 600 manat, 1 ədəd çilçıraq – 100 manat, pərdə dəsti – 200 manat, 1 ədəd ütü – 30 manat, 1 dəst qab servisi – 150 manat, qazan dəsti – 1000 manat, 1 ədəd jurnal masası – 60 manat, birgə nikah dövründə əldə etdikləri əşyaları - 1 ədəd soyuducu – 1500 manat, 1 ədəd uşaq çarpayısı – 500 manat, 1 ədəd soyu şkafı – 300 manat, 1 ədəd şkaf – 400 manat, 1 ədəd televizor – 1000 manat, 1 ədəd şirəçəkən maşın – 500 manat, 1 ədəd bilender – 200 manat, mətbəx mebeli – 1000 manat, mətbəx stolu – 200 manat, 1 ədəd kondisioner – 500 manat, 1 ədəd asperator – 200 manat, 3 ədəd xalça – 500 manat, 1 ədəd uşaq stolu – 300 manat. Bundan əlavə birgə nikah dövründə aşağıdakı avtomobili də əldə etmişlər: 2020-ci ildə “Land Cruiser” markalı, BA- 707-Kİ dövlət qeydiyyat nişanlı avtomobil. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, siyahı üzrə göstərilmiş cehiz əşyalar isə şəxsin mülkiyyəti olduğundan onların geri qaytarılmasına dair hər hansı bir etirazı yoxdur. Cehiz əşyalarının könüllü şəkildə verilməsinə hazırdır. İddiaçının qeyd etdiyi birgə nikah dövründə əldə edilmiş əşyalar dair münasibət bildirmək istəyir. Belə ki, dəyəri 500 manat olan kondisioner, dəyəri 1500 yox 800 manat olan soyuducunun dəyərinin yarısının iddiaçıya ödənilməsini qanunauyğun hesab edir. İddiaçının istədiyi dəyəri güya 1000 manat olan televizor birincisi faktiki nikah münasibətləri kəsiləndən sonra alınmışdır, yəni birgə vəsait hesabına alınmayıb, ikincisi dəyəri 1000 manat deyil, 460 manata alınıb. Digər birgə nikah dövründə əldə edilmiş əmlaklar siyahısında qeyd edilən əşyalara münasibət bildirərək ki, dəyəri 300 manat olan dəhliz şkafı, dəyəri 400 manat olan şkaf, dəyəri 1000 manat olan mətbəx mebeli, dəyəri 200 manat olan mətbəx stolu birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə olunmamışdır. Belə ki, yaşadıqları evin mülkiyyətçisi bir mülkiyyətçi kimi öz mənzilinə dair bir sıra əşyalar alaraq şəxsi mənzilinə yerləşdirmişdir. Həmçinin, mülkiyyətçinin hesabına əldə olunan əşyaların haqqı da mənzilin sahibi tərəfindən tam şəkildə realizə edilmişdir. Bunlarla yanaşı birgə nikah dövründə əldə edilən əmlaklar siyahısında dəyəri 500 manat olan şirəçəkən maşın, dəyəri 200 manat olan blender və dəyəri 200 manat olan asperator qeyd edilsə də, sözü gedən əmlaklar ona xalası tərəfindən hədiyyə edilmişdir. Belə ki, onlar yeni mənzildə yaşadığından çatışmayan bir sıra mətbəx əşyaları onun xalası tərəfindən ona hədiyyə olunmuşdur. Göründüyü kimi 500 manat olan şirəçəkən maşın, dəyəri 200 manat olan blender və dəyəri 200 manat olan asperator ona hədiyyə qismində bağışlandığından onun bölünməsi yolverilməzdir. Sadalanan digər əşyaların isə könüllü şəkildə qarşı tərəfə təqdim etməyə hazırdır. Sözü gedən mülki iş üzrə iddiaçının əmlaka dair iddia tələbi tamamilə qanunsuz olub, məhkəmə qaydasında rədd edilməlidir. ünvan 1 ünvanında yerləşən əmlak nə nikah dövründə, nədə nikahdan öncə onun hesabına alınmamış, onun adına dövlət qeydiyyatından keçməmişdir. Sözü gedən mübahisəli ev başqa şəxsin xüsusi mülkiyyətidir. Onlar başqa yaşayış yeri olmadığından həmin evdə yaşamağa məcbur olmuşdur. Həmin mənzildən istifadə etdikləri üçün də kirayə haqqı ödəmişlər. Belə olan halda hansı mənzilə köçürülmə hüququndan söhbət gedə bilər? İlkin iddiaçının başqa şəxsin mülkiyyətində olan mənzilə köçürülmə tələbi tamamilə absurd olub, mülkiyyətçinin hüquqlarına toxunur. “Land Cruiser” markalı, BA 707 Kİ dövlət qeydiyyat nişanlı avtomibilin ½ hissədə mülkiyyət hüququnun müəyyən edilməsi, avtomobilin açıq hərracdan satılması, satış pulunun bölünməsi ilə bağlı iddia tələbi də qeyd edilmişdir. Sözü gedən nəqliyyat vasitəsi birgə nikah dövründə birgə təsərrüfat hesabına alınmamışdır. Həmin nəqliyyat vasitəsinin alınmasında onun tərəfindən birgə vəsait hesabına, birgə təsərrüfat nəticəsində əldə olunmuş hər hansı bir məbləğ ödənilməmişdir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün sözü gedən nəqliyyat vasitəsinin onun adına rəsmiləşdirilməsi mümkün idi. Həmçinin, nəqliyyat vasitəsi alınan zaman avtomobilin sahibinə də istifadə olunması üçün etibarnamədə verilmişdir ki, bu faktda “Land Cruiser” markalı, BA 707 Kİ dövlət qeydiyyat nişanlı avtomibilinin birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmamasına dəlalət edir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 16 sentyabr 2011-ci il tarixdə 671 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, 13 mart 2012-ci il təvəllüdlü X5 və 30 avqust 2013-cü il təvəllüdlü X6 nikah pozulduqdan sonra anaları-İddiaçı yanında saxlanılaraq onun himayəsinə verilməsi, 13 mart 2012-ci il təvəllüdlü X4 və 30 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17 mart 2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 yanvar 2014-cü il tarixli RX seriyalı ******* saylı sаylı çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi, qərb hissəsidə yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyetsrində 66 nömrəli reyestr kitabının 6423 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı sаylı çıxarışın surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyetsrində 2331 nömrəli reyestr kitabının 217063 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (AM-nin 32.2.1-ci maddəsi); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (AM-nin 32.2.2-ci maddəsi). Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı nikahları xx.xx.2011-ci il tarixdə 671 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflər arasında rəsmiləşdirilmiş nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2723/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçıya məxsus iddia ərizəsində qeyd olunan cehiz əşyalarını cavabdeh iddiaçıya qaytarmağa razıdır. İddia tələbi sübutetmə ilə bağlıdır, belə ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, dəyəri 300 manat olan dəhliz şkafını, dəyəri 400 manat olan şkafı, dəyəri 1000 manat olan mətbəx mebelini, dəyəri 200 manat olan mətbəx stolunu və dəyəri 1000 manat olan televizoru birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etmələrinə dair mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən və belə hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz Məhkəmə iddia tələbinin “birgə nikah dövründə əldə edilmiş cehiz əşyalarının ½ pay cavabdehin və ½ pay naturada onun mülkiyyətinə verilməsi, naturada qaytarmaq mümkün olmadıqda isə cehiz əşyalarının dəyərinin cavabdehdən tutaraq ona verilməsi” hissəsində qeyd edir ki, iddiaçının tələb etdiyi əşyaların bir qisminin cavabdeh tərəfindən ona qaytarılmasına dair tərəflər arasında mübahisə olmadığından iddia ərizəsi qismən təmin edilməklə həmin əşyaların bir qismi cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalı, 1 ədəd 800 manat dəyərində soyuducu, 1 ədəd 500 manat dəyərində kondisionerin dəyərinin yarısı – 650 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, General Şıxlinski küçəsi, bina 59, blok 4, mənzil 56-ya cehiz əşyaları olan otağa köçürülməsi” hissəsində qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ev cavabdehin deyil, başqa şəxsin mülkiyyətindədir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev cavabdehin mülkiyyətində olmadığından, o cümlədən iddiaçı evin mülkiyyətçisindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən qeyd edilən evin mülkiyyətçilərinin digər qohumu hesab edilmir. Odur ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, onun göstərilən evə köçürülməsinə dair iddia tələbi də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “birgə nikah dövründə 2020-ci ildə «Land Cruiser» markalı, BA-707-Kİ dövlət qeydiyyat nişanlı avtomobildən ½ pay cavabdehin və ½ pay onun mülkiyyətinə verilməsi, avtomobilin açıq hərracdan satılması və satış pulunun cavabdehlə arasında paylara mütənasib surətdə bölüşdürülməsinə barədə” hissəsinə müasibətdə qeyd edir ki, bu avtomobilin tərəflərdən hər hansı birinin mülkiyyəti kimi dövlət reyestrində qeydə alınması barədə sübut məhkəməyə təqdim edilməyib. O cümlədən “Elektron Məhkəmə” İnformasiya Sistemindəki məlumatlardan tərəflərin hər hansı birinin mülkiyyətində belə avtomobilin olması görünmür. Ona görə də məhkəmə eyni hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, həmin avtomobilin ər-arvadın ümumi mülkiyyəti kimi tanınması və mülkiyyətdə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilə bilməz. Avtomobil ər-arvaddan birinin mülkiyyəti kimi dövlət reyestrində qeydiyyatdan keçməsə də, avtomobilə münasibətdə iddiaçının hüquqları müdafiə oluna bilər. Belə ki, əgər avtomobil nikah müddətində ər-arvadın ümumi vəsaiti hesabına əldə olunubsa və bunu təsdiq edən sübutlar varsa, lakin arvadın (iddiaçının) iradəsinə zidd olaraq ər (cavabdeh) tərəfindən özgəninkiləşdirilibsə, belə halda arvad (iddiaçı) ərinə (cavabdehə) qarşı “avtomobilin bazar dəyərindən paya müvafiq pul kompensasiyasının ödənilməsi barədə” iddia irəli sürə bilər. Hazırkı işdə belə iddia irəli sürülməyib. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia qismən təmin edilsin. İddiaçı məxsus olan - 1 dəst yataq mebel dəsti, 1 dəst mətbəx mebeli, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qazpeçi, 1 ədəd soba, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən maşın,1 ədəd tozsoran, 1 ədəd tikiş maşını, 5 ədəd xalça, 1 ədəd çilçıraq, pərdə dəsti, 1 ədəd ütü, 1 dəst qab servisi, qazan dəsti, 1 ədəd jurnal masası, , 1 ədəd uşaq çarpayısı, 3 ədəd xalça, 1 ədəd uşaq stolu Cavabdeh alınaraq İddiaçı verilsin. 1 ədəd 800 manat dəyərində soyuducu, 1 ədəd 500 manat dəyərində kondisionerin dəyərinin yarısı – 650 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6633/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6633/2022
14.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver