Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-664/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, ərizəçinin nümayəndəsi X1, maraqlı şəxs “Azərbaycan Uşaqları” İctimai Birliyin nümayəndəsi X3 iştirakı ilə ərizəçi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının Bakı şəhəri Maraqlı şəxs1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Uşaqları” İctimai Birliyi maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi və dəlilləri Ərizəçi “Azərbaycan Uşaqları” X7 sığınacağı-reinteqrasiya Mərkəzində məskunlaşmış xx.xx.2017-ci il təvəllüdlü Uğura (adı şərtidir) doğum faktının müəyyən edilməsi, 07 noyabr 2017-ci il təvəllüdlü Uğura doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri Maraqlı şəxs1 üzərinə qoyulması, 07 noyabr 2017-ci il təvəllüdlü Uğur tapılmış uşaq oludğuna görə ona doğum haqqında şəhadətnamə verilərkən soyadı – Ağazadə, adı – Uğur, ata adı –Məhəmməd, doğum tarixi 07 noyabr 2017-ci il, doğum yeri – Bakı şəhəri, ata və ana adı göstərilmədən doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamənin qəbul edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə 11 may 2022-ci il tarixli məktubla müraciət edərək, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində məskunlaşmış 07 noyabr 2017-ci il təvəllüdlü Uğura (adı şərtidir) doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilməsini xahiş etmişdir. Müraciət onunla əsaslandırılmışdır ki, 08 may 2018-ci il tarixində Xəzər TV-nin X8 əməkdaşı X2 və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə müvəkkili, polis mayoru Zaur Usubov tərəfindən baxımsı vəziyyətdə 5 aylıq Uğur adlı oğlan uşağı aşkarlanaraq, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə verilmişdir. Qeyd edilənlərə əsasən və 07 noyabr 2017-ci il təvəllüdlü Uğurun övladlığa verilməsi statusunun müəyyənləşdirilməsi məqsədi ilə doğum haqqında şəhadətnaməsinin alınmasına və onun sosial xidmət müəssisəsinə yerləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azyaşlı Uğurun doğum haqqında şəhadətnaməsi yoxdur. Maraqlı şəxsin ərizəyə dair münasibəti “Azərbaycan Uşaqları” İctimai Birliyin nümayəndəsi məhkəmə iclasında ərizəni qəbul etdiyini bildirmiş və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmdən iclasın iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları 07 noyabr 2017-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Uğur adlı körpənin anası Leyla ondan imtina etmiş və o, uşağın atasının kim olduğunu bilmir. Yetkinlik yaşına çatmayanın anası Leyla müvəqqəti olaraq uşağa baxmaq üçün Elnur adlı taksi sürücüsünün vasitəsi ilə dayə X4 yanında qoyub getmişdir. Bir müddət sonra dayə uşağın anası Leylanın uşağın arxasınca gəlmədiyinə görə Xətai Rayon Polis İdarəsinə və Xəzər TV-yə müraciət etmiş və 07 noyabr 2017-ci il təvəllüdlü Uğur 08 may 2018-ci il tarixində Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşı və Xəzər TV-nin X8 əməkdaşı tərəfindən valideyn himayəsindən məhrum olan uşaq kimi “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzi”nə yerləşdirilmiş və hazırda orada yaşayır. Uşaq sığınacağa yerləşdirilən zaman taksi sürücüsü Elnur adlı şəxs bildirmişdir ki, uşağın anası Leyla içki aludəçisidir, tufeyli həyat tərzi yaşayır, Abşeron rayonunda yerləşən kafelərdə və 20 yanvar metrostansiyasının yaxınlığında içki içərək gecələyir və uşağın atasının kim olduğunu bilmir. Uşaq sığınacaqda yerləşdirilyi vaxtdan hal-hazıradək həmin müəssisədə yaşayır, onun təlim-tərbiyəsi və saxlanılması müəsssisə tərəfindən həyata keçirilir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə sasən ekspertizaya təqdim edilmiş Uğur adlı uşağın müəyyən edilmiş sümük yaşı 5,5-6 yaş ilə uyğun gəlir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 44.4. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. Maddə 114. Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, 08 may 2018-ci il tarixində aşkar edilmiş və daha sonra “Azərbaycan Uşaqları” İctimai Birliyin nəzdində Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində yerləşdirilmiş uşağın nə vaxt və harada anadan olduğu, uşağın valideynlərinin kim olduğunu məlum olmadığına görə, uşağın doğumunu təsdiq edən lazımı sənədlər başqa qaydada əldə etmək mümkün deyil, uşağın isə doğum faktının müəyyən edilməsi uşağın doğum qeydinin aparılması, ona “Doğum haqqında şəhadətnamə”ni alınması baxımından hüquqi əhəmiyyətlidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, 08 may 2018-ci il tarixində aşkar edilmiş və “Azərbaycan Uşaqları” İctimai Birliyin nəzdində Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində yerləşdirilmiş uşağın 07 noyabr 2017-ci il tarixində Bakı şəhərində doğulduğuna dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməli, uşağın mənşəyi məlum olmadığına görə doğum haqqında qeydin aparıldığı zaman uşağı soyadı, adı və ata adı şərti olaraq aşağıda kimi göstərilməlidir: Adı – Uğur, Ata adı – Məhəmməd Soyadı – Ağazadə. Uşağın valideynləri barədə məlumatın olmadığına görə doğum haqqında qeyd ata və ana haqqında məlumatlar göstərilmədən aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 may 2018-ci il tarixində aşkar edilmiş və “Azərbaycan Uşaqları” İctimai Birliyin nəzdində Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində məskunlaşmış “Uğur” adlı uşağın 07 noyabr 2017-ci il tarixində Bakı şəhərində doğulduğuna dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Uşağın doğum haqqında akt qeydinin aparılması Bakı şəhəri Xətai Rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Uşağın doğumu haqqında akt qeydində uşağın adı – Uğur, soyadı – Ağazadə, ata adı – Məhəmməd olaraq göstərilsin, uşağın atası və anası haqqında məlumatlar qeyd edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-664/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-664/2023
14.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver