Məhkəmə qərarları › İş №2(011)-6654/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6654/2025

12.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6654/2025 12.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı X3 cavabdeh X2 qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.1990-cı ildə rəsmi nikaha girərək, ailə qurmuşdur. Birgə nikahlarından 2 (iki) övladları vardır. Övladları yetkinlik yaşına çatmışdır. Bir müddət cavabdehlə mehriban münasibətləri olsada, lakin bu uzun çəkməmişdir. Ailə daxili problemlər və ən əsası xasiyyətlərinin qətiyyən uyğun gəlməməsi səbəbindən İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Onlar birgə nikah dövründə ünvan 1 ünvanında ev tikmişlər və hal-hazırda da cavabdeh həmin mənzildə yaşayır. Göstərilən ev birgə nikah dövründə əldə olunmuş vəsait hesabına tikilmişdir və həmin evdə onun istifadə hüququ vardır. Ona görə də məhkəmə qətnaməsi ilə həmin evə onun istifadə hüququ təmin edilməlidir. Tərəflərin izahatları İddiaçı X3 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, o, 2020-ci ildə cavabdehlə ayrılmışdır. Ondan sonra rayona getmiş və 2 il rayonda qalmışdır. Rayonda iş olmadığından geri qayıtmışdır və iddiaçı onu mənzilə buraxmamışdır. Sözsöhbətdən bezdiyindən getmişdir. 1998-ci ildən Xətai rayonundakı evdə yaşamışdır. Evi hazır almışlar. Sonradan evə artırmalar olmuşdur. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, bildirdi ki, əgər qanuna əsasən evdən iddiaçıya pay düşürsə, ev satılsın, iddiaçının payı verilsin. Evin çıxarışı yoxdur. Qaz ilə su sayğacları onuna adınadır, elektrik sayğası isə ev kimdən alınıbsa onun adına qeydə alınıb. Ev 1998-ci ildə alınıb. Onun iddiaçı ilə birgə yaşaması mümkün deyildir. İddiaçı dəfələrlə 102-ə zəng edərək, onun dəli olduğunu bildirmişdir. Halbuki, onda sağlamlıq haqqında sənəd vardır. İddiaçı onun qabırğasını sındırmışdır. İddiaçı həm də içki içəndir. İddia tələbinə yazılı etirazın dəlilləri: Cavabdeh etirazında göstərmişdir ki, iddiaçı ilə 14 iyun 1990-cı ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikah münasibətindən iki övladları vardır. Hər iki övladı yetkinlik yaşına çatmışdır. Ailə quran dövrdə iddiaçı ilə münasibətləri səmimi və qarşılıqlı hörmət əsasında davam etsə də, qeyd olunan münasibət uzun çəkmədi. Aralarında baş vermiş mübahisə nəticəsində nikahları məlum məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Altı ildən yuxarıdır ki, nikahları ləğv olunmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, onlar birgə nikah dövründə guya Bakı şəhəri, Xətai rayonu, məhəllə 2994, ev 136 sayı evi birgə tikmişlər. Onun dedikləri yalandır. İddia ərizəsində qeyd etdikləri söz yığnağıdır və heç bir sübuta əsaslanmır. Qeyd olunan mənzildə onun pasport qeydiyyatı yoxdur. Uzun illərdir ki, iddiaçı onunla həmin mənzildə birgə təsərrüfat aparmır. Mənzilin bütün kommunal xərcləri cavabdeh tərəfindən öz maddi vəsaiti hesabına ödənilir. İddiaçı şəxs dəfələrlə döyüb-söymüş, işgəncələr belə vermiş, aralarında baş vermiş dava- dalaşla bağlı ərazi aidiyyatı üzrə polis idarəsində dəfələrlə şikayət ərizəsi daxil olmuşdur. Özü halhazırda 2-ci qrup əlildir. Onlar artıq başqa-başqa insanlardırlar. İddiaçı şəxslə yəni İddiaçı ilə artıq cavabdeh bir mənzildə bir yerdə yaşamaqları mümkünsüz haldır. Onun iddia ərizəsini qəbul etmir, elə bu səbəbə görə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-913/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdh Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. İsmayıll Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(037)-972/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 14 iyun 1990-cı ildə Azərbaycan SSR İsmayılllı rayon Lahıc qəsəbə sovetliyində 04 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuşdur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı Xətai Rayon Məhkəməsinin hesabına 50 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 60 manat məbləğində pul vəsaitini 3 saylı Mediasiya Təşkilatının hesabına ödəmişdir. xx.xx.2023-cü il tarixli, MŞB-3/2023-01218 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı İMS-də iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini iddiaçı ödəmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1- ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-cı maddəsinə əsasən, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1--ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarına əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və işin faktiki hallarını araşdıraraq, hesab edir ki,aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi? Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub, əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. İddiaçının yaşadığı sahədən məhrum edilməsi qanunsuzdur. Məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçının mənzildə yaşamaq hüququ bərpa edilməlidir. Cavabdehin həmin evin birgə nikah vəsaiti hesabına əldə edilməməsi barədə etirazı, birgə nikah dövründə əldə edilən əmlakın ümumiliyi prezumpsiyasına əsasən əksini iddia edən şəxs tərəfindən sübut edilməlidir. Lakin cavabdeh tərəfdən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Odur ki, birgə nikah dövründə əldə edilmiş əşyaya dair iddiaçının da cavabdehlə eyni həcmdə hüquqi gözləntisi, əşyadan istifadə etmək və sahiblik hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının bu hüququ realizə etməsi məqsədə müvafiqdir. Bundan əlavə, işin faktiki hallarından görünür ki, iddiaçı həmin evdə təsərrüfat aparmışdır. Məhkəmə iddiaçının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının yaşayış yeri sayıldığından iddia təmin edilərək, iddiaçı mübahisəli evə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən evə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar