Məhkəmə qərarları › İş №2(011)-6657/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6657/2021

17.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6657/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı “işə bərpa və s.” barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin "xxxx" MMCnin Qərb regionu üzrə mühafizə xidmətinin "xxxx" MMC-nin mühafizəsini həyata keçirən atıcı vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməyi barədə 06.07.2021-ci il tarixli 102/k saylı əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10.09.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 14 noyabr 2013-cü ildə "xxxx" ASC "xxxx" MMC-nin Qərb regionu üzrə mühafizə xidmətinin "xxxx" MMC-nin mühafizəsini həyata keçirən atıcı vəzifəsinə təyin olunmuşdur, səkkiz il həmin işdə işləmişdir, 18.06.2021-ci il tarixdə səhər saat 07:30da növbəni qəbul etmiş və 08:00-da işə başlamışdır, növbəni qəbul edərkən heç bir nöqsan qeydə alınmamışdır, həmin gün saat 20:00-da növbəni X3 nöqsansız təhvil-təslim edib, evə getmişdir, həmin gün saat 21:55-də Cavid ona zəng vuraraq “dəmirləri gətir yerinə qoy” demişdir, o, Cavidə hansı dəmirləri dediyini soruşmuş və onun dediklərinin araşdırılması məqsədilə iş yerinə getmiş və Caviddən nə baş verdiyini soruşmuşdur, Cavid ona “dəmirlər yoxdur, sən oğurlayıbsan” demişdir, o da Cavidə demişdir ki, postu təhvil alıb təhvil-təslim olunanda bütün malları sayaraq təhvil vermişdir və dəmirlər də orada idi, daha sonra o gördükdə ki, Cavidin vasitəsilə müdiriyyət ona böhtan atıb cəzalandırmaq istəyir, Cavidə demişdir ki, belə haqsızslıq olmaz, bu məsələ sabah müdiriyyət gələrkən araşdırılar, sonra isə çıxıb evə getmişdir, səhəri günü rəisləri işə gəlməmiş, 19.06.2021-ci il tarixdə saat 19:30-da işə gedib 20:00-da növbəni Elnur Əsədovdan təhvil almış, gecə növbədə olmuşdur, ümumiyyətlə növbə yoldaşları ardıcıl olaraq Elnur, o, Cavid olub, 20.06.2021-ci il tarixdə səhər saat 08:00-da növbəni Cavid Çobanova təhvil vermiş və Cavid ona demişdir ki, “dəmirləri qoymuşam yerindədir, salamatçılıqdır”, o, Cavidə “mən dəmir götürmüşdüm ki, mənə deyirdin ki, gətir dəmirləri yerinə qoy, indi də deyirsən ki, dəmirləri yerinə qoymuşam” demişdir, belə çıxır ki, Cavid özü dəmirləri götürüb, sonra da üstü açılıb deyə gətirib yerinə qoyubdur, o həmin gün rəisləri Taleh Qafarovu görüb ona “mən 18 iyun 2021-ci il tarixdə növbəni təhvil verərkən heç bir nöqsan olmadığı halda mənə nəyə görə böhtan atırsınız” demiş, rəis də ona cavab vermədən çıxıb getmişdir. İddiaçı, həmçinin izahatında bildirdi ki, 21 iyun 2021-ci il tarixdə Bakı şəhərindən Baş İdarənin silaha baxan Həzi müəllim iş yerinə gələrək ona irad bildirmiş və “niyə dəmirləri icazəsiz aparmısan” demişdir, o da “mən aparmamışam, təhvil-təslim vaxtı heç bir nöqsan olmayıb, postu təhvil alanda Cavid mənə heç bir irad bildirməyib, sonrası günü isə Cavid özü mənə dedi ki, dəmirləri yerinə qoyubdur”, bundan sonra rəisləri Taleh Qafarov ona demişdir ki, 06.07.2021-ci ildə Bakıda Baş idarənin həmkarlar komitəsində onun işdən çıxarılma məsələsi müzakirə olunacaq, onun iştirakı vacibdir o da həmin iclasda iştirak etmiş, iclasda dəmirlərin aparılması ilə bağlı ona hədə-qorxu gəlmişlər, o, iclasda “ bu mənə qarşı qurulmuş çirkin oyundur, nə çəkiliş, nə də görüntü ola bilməz, çünki qanunvericiliyin tələbinə uyğun olaraq mən postu Cavidə təhvil-təslim etmişəm” demişdir, Həmkarlar iclasında heç bir sübut olmadığı halda müdiriyyətin, yəni "xxxx" ASC "xxxx" MMC-nin 06.07.2021-ci il tarixli, 102/k saylı əmri ilə o qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə atıcı vəzifəsindən azad edilmişdir, işdən çıxarılma ilə bağlı əmri ona 6 iyul tarixində əmək kitabçası ilə birgə vermişlər, ona demişlər ki, “səni maddə ilə çıxaracaqlar”, o da məcbur olub öz ərizəsi əsasında işdən çıxmışdır. İddiaçı həmçinin bildirdi ki, cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz edərək məhkəmədə bildirmişdir ki, guya İddiaçı 18.06.2021-ci il tarixdə xidmətdə olarkan "xxxx" MMC-in işçi heyətində növbədə olarkən mühafizə etdiyi obyekti və orada olan mal-material qiymətlərini kənar qəsdən qorumaq əvəzinə, mühafizə olunan ərazidən müəssisəyə məxsus 06 ədəd metal məmulatlarını icazəsiz və heç kimə demədən çıxararaq aparmışdır, bu, tamamilə yalan, uydurma və onun işdən azad olunması üçün süni qurulmuş bir oyundur, belə ki, ona “özbaşına götürmüşdür” ittihamı ümumiyyətlə uyğun gəlmir, ona görə ki, onun atıcı işlədiyi "xxxx" ASC-nin "xxxx" MMC yalnız "xxxx" MMC-yə məxsus ərazidə olan əmlakın mühafizəsini həyata keçirir, həmin ərazidə olan mal-materialın mövcud olması, oğurlanması, kiməsə verilməsini yalnız əmlakın mülkiyətçisi olan "xxxx" MMC müəyyən edə bilərdi, mühafizəni yerinə yetirən "xxxx" ASC-nin "xxxx" MMC-yə və həmin idarənin təqsiri olan şəxslərə qarşı tələb irəli sürə bilərdi, göründüyü kimi 06 ədəd metalın icazəsiz götürülməsi barədə əmlakın mülkiyyətçisi olan "xxxx" MMC-nin nə rəsmi, nə də şifahi məlumatı belə yoxdur, ümumiyyətlə belə bir metal var idimi, necə götürüldü və necə yerinə qoyuldu? 18.06.2021-ci il tarixdə saat 21:55-də ona zəng vurulub ki, guya 06 ədəd metal yoxdur, o dərhal iş yerinə getmişdir, Cavidə sübut etmişdir ki, belə bir hal olmayıb, 20.06.2021-ci il tarixdə saat 08:00-da növbəni Cavid Çobanova təhvil verən zaman Cavid ona “dəmirləri qoymuşam yerindədir, salamatçılıqdır” demişdir, bu onun azad edilməyi və yerinə başqa birinin götürülməsi üçün süni şəkildə qurulmuş bir işdir. İddiaçı izahatında həmçinin bildirdi ki, o, rəsmi qaydada əmrlə "xxxx" postunda növbə olmalı olduğu halda, heç bir rəsmi əmr olmadan qanunsuz olaraq müdiriyyət onu işçi heyyəti postuna göndərmişdir, bu xüsusatı ona görə məhkəmənin diqqətinə çatdırır ki, həmin posta çıxdıqdan bir həftə sonra ona bu qərəzli qurğu qurulmuşdur, göstərilənlərə əsasən işdən çıxarılmasını ədalətsiz və qanunsuz hesab edir, müdiriyyət onu əsassız olaraq işdən azad etməklə hüquqlarını kobud şəkildə pozmuş, onun 8 illik fəaliyyətini nəzərə almadan, heç bir sübut olmadan yeganə gəlir mənbəyi olan işdən azad etmişdir, videogorüntüdə dəmirlərin götürülməsi ilə bağlı danışıqlar ona məxsusdur, amma bunu təzyiqlərə məruz qalaraq etiraf etmişdir, çünki ona hədə-qorxu gələrək boynuna almayaçağı təqdirdə onu maddə ilə işdən çıxaracaqlarını bildirmişlər. İddiaçı S.Sərxanov sonda iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı hər hansı bir pozuntuya yol vermədiyi halda cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq işdən azad edilməsi barədə irəli sürdüyü dəlillər tamamilə əsassızdır, belə ki, iddiaçı 14.11.2013-ci ildən cavabdeh MMC-nin 18 saylı mühafizə hissəsinə 4-cü dərəcəli atıcı vəzifəsinə işə qəbul edilmiş və 06.07.2021-ci ildən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir, işlədiyi müddətdə iddiaçının barəsində 2 dəfə töhmət (25.12.2014-cü il tarixli 498/k və 20.06.2018-ci il tarixli 158/kş saylı əmrlər) və 1 dəfə sonuncu xəbərdarlıqla şiddətli töhmət (03.02.2021-ci il tarixli 31/kş saylı əmr) növündə intizam tənbehi tədbirləri tətbiq edilmişdir, mübahisələndirilən 06.07.2021-ci il tarixli 102/k saylı əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ona görə xitam verilmişdir ki, İddiaçı həyati əhəmiyyətli mühüm strateji obyektin mühafizəsi ilə bağlı özünün əmək müqaviləsi üzrə əmək funksiyalarını və öhdəliklərini yerinə yetirməyərək, təkrarən əmək vəzifələrini və atıcınm xidmət vaxtı vəzifəsini müəyyən edən "xxxx" MMC-nin "Xidmətin təşkili və aparılması haqqında" Təlimatın tələblərini kobud şəkildə pozmuş, bununla da müəssisənin nüfuzuna xələl gətirmişdir, belə ki, iddiaçı 18.06.2021-ci il tarixdə saat 07.30da işə gəlib müvafiq təlimat keçdikdən sonra saat 08.00-da növbəni atıcı X1 təhvil alaraq saat 20.00-dək mühafizə obyekti olan "X7 Şəbəkəsi" MMC-nin işçi həyətində xidmət aparmış və saat 20.00-da növbəni atıcı X3 təhvil verib işdən getmişdir, növbəni iddiaçıdan təhvil alan Cavid Çobanov postun ərazisindəki mal-materiallara baxış keçirərkən ərazidə metallom qismində toplanmış 6 ədəd metal avadanlığın yerində olmadığını aşkar etmiş, bu barədə iddiaçıdan əvvəl növbədə olmuş Elnur Əsədovdan soruşduqda o, növbəni iddiaçıya təhvil verən zaman avadanlıqların orada olduğunu demiş, daha sonra bu haqda iddiaçıdan soruşduqda isə, sonuncu həmin avadanlıqları ərazidən heç kəsə məlumat vermədən əmisi oğlunun avtomobili ilə apardığını bildirmiş, bundan sonra Cavid Çobanov bununla bağlı mühafizə xidmətinin məsul şəxsi X4 məlumat vermiş, hadisə ilə əlaqədar iddiaçıdan izahat tələb edildikdə o, avadanlıqları apardığını etiraf etsə də, yazılı izahat verməkdən imtina etmişdir, beləliklə, aparılmış xidməti araşdırma zamanı iddiaçının 18.06.2021-ci il tarixdə "xxxx" MMC-nin işçi həyətində növbədə olarkən mühafizə etdiyi obyekti və orada olan mal-material qiymətlilərini kənar qəsdlərdən qorumaq əvəzinə, mühafizə olunan ərazidən müəssisəyə məxsus 06 (altı) ədəd metal məmulatlarını icazəsiz və heç kimə məlumat vermədən çıxararaq apardığı müəyyən edilmişdir, həmçinin, müəyyən olunmuşdur ki, iddiaçı əvvəllər də xidməti vəzifəsini keyfiyyətsiz yerinə yetirmiş, əmək funksiyasını və müəssisədaxili intizam qaydalarını pozmuşdur, belə ki, o, 29- 30.01.2021-ci il tarixdə gecə növbəsində "xxxx" MMC-nin inzibati binasında xidmət apararkən ayıq-sayıqlığını itirərək postda yatmış və buna görə intizam məsuliyyətinə cəlb edilməklə, ona 03.02.2021-ci il tarixli 31/kş saylı əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir, lakin iddiaçı həmin intizam tənbehindən heç bir nəticə çıxarmayaraq, təkrarən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına, mülkiyyətçinin və işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurulmasına, işgüzar nüfuzuna xələl gətirməsinə səbəb olan hərəkətə və əmək funksiyası və vəzifə borcu ilə bir araya sığmayan ciddi pozuntuya yol vermişdir, göstərilənləri nəzərə alaraq, cavabdeh MMC-nin direktor müavini 22.06.2021-ci il tarixli təqdimatla MMC-nin direktoruna müraciət edərək, iddiaçının işdən azad olunmasını təklif etmişdir, MMC-nin direktoru 23.06.2021-ci il tarixli 01/16/2/32 saylı məktubla MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət edərək, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinn 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə münasibət bildirilməsini xahiş etmişdir, Həmkarlar İttifaqı Komitəsinin 06.07.2021-ci il tarixli 25 saylı protokoluna və 09 saylı məktubuna əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə razılıq verilmişdir, Protokoldan görünür ki, HİK-in iclasında iştirak edən iddiaçı anasının təkidi ilə hadisə barədə izahat yazmaqdan imtina etmişdir, beləliklə, yuxarıda şərh edilənlərdən göründüyü kimi, iddiaçının işdən azad edilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Vəkil2 həmçinin izahatında bildirdi ki, xidmətin təşkili və aparılması qaydaları haqqında təlimata əsasən öz postunu sayıq mühafizə və mətanətlə müdafiə etmək; ayıq xidmət etmək; təyin olunmuş marşrutla hərəkət edərək postun yaxınlığındakı keçidləri və hasarları nəzərdən keçirmək, həmçinin postun siqnalizasiya və işıqlandırma vasitələrinin sazlığını yoxlamaq postlar tabelində göstərilən qadağan olunmuş yerdən yaxın məsafəyə qarovul rəisindən və onların müşayiət etdikləri səxslərdən başqa heç kəsi posta buraxmamaq xidmət vaxtı atıcının vəzifələrindəndir, yatmaq, kimdənsə nəsə almaq və kiməsə nəsə vermək, kənar şəxsləri obyektə buraxmaq; xidməti postunu tərk etmək və ya postun mühafizəsini kənar şəxslərə həvalə etmək, xidmətdən yayınmaq sayıqlığı itirmək atıcıya xidmət vaxtı qadağan edilən hallardır, həmçinin iş materiallarında olan videogörüntülərdə avadanlıqların götürülməsi ilə bağlı danışıqların və etirafın iddiaçıya məxsus olması da açıq-aşkardır, bu etirafın hədə qorxu nəticəsində söylənilməsi və ya iddiaçıya qarşı müdiriyyətin qərəzli münasibətinin olması heç bir əsaslara söykənmir. Sonda cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 06.07.2021-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan İddiaçı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 14.11.2013-cü il tarixdə "xxxx" ASC-nin "xxxx" MMC-yə 18 saylı mühafizə hissəsinə 4-cü dərəcəli atıcı vəzifəsinə qəbul edilmiş, 06.07.2021-ci il tarixdə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş CD Disk-ə baxış keçirilərkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mühafizə xidmətinin ərazisində lentə alnmış videogörüntüdə İddiaçı avadanlıqları apardığını etiraf etmiş, bunun birinci dəfə baş verdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-nin “Xidmətin təşkili və aparılması qaydaları haqqında təlimatın surətindən görünür ki, öz postunu sayıq mühafizə və mətanətlə müdafiə etmək; ayıq xidmət etmək; təyin olunmuş marşrutla hərəkət edərək postun yaxınlığındakı keçidləri və hasarları nəzərdən keçirmək, həmçinin postun siqnalizasiya və işıqlandırma vasitələrinin sazlığını yoxlamaq postlar tabelində göstərilən qadağan olunmuş yerdən yaxın məsafəyə qarovul rəisindən və onların müşayiət etdikləri səxslərdən başqa heç kəsi posta buraxmamaq xidmət vaxtı atıcının vəzifələrindəndir, yatmaq, kimdənsə nəsə almaq və kiməsə nəsə vermək, kənar şəxsləri obyektə buraxmaq; xidməti postunu tərk etmək və ya postun mühafizəsini kənar şəxslərə həvalə etmək, xidmətdən yayınmaq sayıqlığı itirmək atıcıya xidmət vaxtı qadağan edilən hallardır, həmin təlimatın ümumi müddəalarında isə qeyd olunmuşdur ki, atıcı bilavasitə qarovul rəisinə (qaravul xidməti olmayan yerlərdə region üzrə mühafizə xidmətinin rəisinə) tabedir və o birbaşa və bilavasitə rəislərin əmrlərini dəqiq və sözsüz yerinə yetirməyə; obyektin mühafizəsi məqsədilə qaravul xidmətinin dəqiq aparılmasına və sayıq olmağa; mütəmadi olaraq xidməti hazırlığın artırılmasına, obyektlərin mühafizəsində tətbiq edilən bütün xidməti naryadların vəzifələrinin dəqiq yerinə yetirilməsini bilməyə, tələbkar, mühafizə qaydalarının pozanlara qarşı ciddi olmağa, ancaq belə hallarda kobudluğa və qanun pozuntusuna yol verməməyə, mühafizə məsələləri ilə bağlı əmr, təlimat, nizamnamə və qaydaları daima öyrənməyə, intizamlı və tələbkar olmağa, xidməti yoldaşlarının da nəlayiq hərəkətlərdən çəkindirməyə və s. borcludur. İş materiallarında olan "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri C.B.Abuşovun "xxxx" ASC-nin "xxxx" MMC-nin direktoru V.İ.İsgəndərova ünvanlanan 06.07.2021-ci il tarixli 09 saylı məktubunun surətindən görünür ki, komitə Qərb regionu üzrə mühafizə xidmətində atıcı vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına öz razılığını bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin baş mühəndisi E.N.Həsənov, "xxxx" MMCnin baş mühəndisinin müavini N.H.Bəhramov, "xxxx" MMC-nin Təsərrüfat Sahəsinin aparıcı mütəxəssisi H.S.Hüseynov, "xxxx" MMC-nin Qərb regionu üzrə məsul şəxsi T.H.Qafarov, "xxxx" MMC-nin Qərb regionu üzrə atıcısı C.S.Çobanov tərəfindən tərtib edilmiş 23.06.2021-ci il tarixli aktdan görünür ki, 18.06.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən mühafizə olunan müəssisə ərazisindəki anbardan avadanlıqlardan çıxarılmış 6 ədəd hava balonları altlığı, təxminən 120 kq çəkisi olan qara metal oğurlanmışdır, oğurlanmış malın dəyəri təxminən bazar qiyməti ilə 48 manatdır. İş materiallarında olan "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin iclasın 25 saylı protokolunun surətindən görünür ki, komitə Qərb regionu üzrə mühafizə xidmətinin atıcısı İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, "xxxx" MMC-nin “Xidmətin təşkili və aparılması qaydaları haqqında təlimatın tələblərini kobud surətdə pozduğuna görə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinin ləğv olunmasına öz razılığını bildirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-nin 102/kş saylı 06.07.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, əmək müqaviləsi üzrə əmək funksiyalarını və öhdəliklərini yerinə yetirməyərək, təkrarən əmək vəzifələrini və "xxxx" MMC-nin “Xidmətin təşkili və aparılması qaydaları haqqında” təlimatın tələblərini kobud şəkildə pozduğuna görə "xxxx" MMC-nin Qərb regionu üzrə mühafizə xidmətinin atıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 06.07.2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-nin 31/kş saylı 03.02.2021-ci il tarixli Qərb regionu üzrə mühafizə xidmətinin atıcısı İddiaçı “İntizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrdən görünür ki, Qərb regionu üzrə mühafizə xidmətinin "xxxx" MMCnin məsul şəxsi X2 29.01-30.01.2021-ci il tarixində saat 00:30-05:10 radələrinədək postlarda mühafizə xidmətinin aparılmasını yoxlayarkən "xxxx" MMC-nin İnzibati binasında gecə iş növbəsində olan atıcı İddiaçı post otağında yatmış vəziyyətdə aşkar etmişdir. Atıcı İddiaçı "xxxx" MMC-nin “Xidmətin təşkili və aparılması qaydaları haqqında” təlimatın tələblərini kobud şəkildə pozduğuna görə Qərb regionu üzrə mühafizə xidmətinin ("xxxx" MMC İB) atıcısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, bir daha belə hallara yol verərsə, onun barəsində daha ciddi tədbir görüləcəyi əmr edilmişdir. İş materiallarında olan "xxxx" MMC-yə ünvanlanan 19.06.2021, 21.06.2021, 21.06.2021-ci il tarixli təqdimatların surətindən görünür ki, İddiaçı 18.06.2021-ci il tarixdə metal avadanlqların icazəsiz götürülməsi ilə bağlı ciddi tədbir görülməsi ilə bağlı təqdimat verilmişdir. İş materiallarda olan "xxxx" MMC-nin məsul şəxs T.H.Qafarov, atıcı E.Ş.Əsədov, atıcı C.S.Çobanov tərəfindən tərtib edilmiş və "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən təsdiq olunmuş 21.06.2021-ci il tarixli Aktdan görünür ki, 18.06.2021-ci il tarixdən 19.06.2021-ci il tarixə keçən gecə növbənin təhvil-təslim vaxtı növbəni təhvil alan atıcı X6 əraziyə baxış keçirərkən ərazidə toplanmış metal dəmirlərin yerində olmadığını qeyd etmiş, növbəni təhvil verən İddiaçı soruşduqda özünün tamah məqsədilə ərazidən heç kəsə məlumat vermədən əmisi oğlunun avtomobili ilə ərazidən apardığını bildirmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı 14.11.2013-cü il tarixdə cavabdeh təşkilatda atıcı vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsi üzrə işçinin əmək funksiyası üzrə öhdəlikləri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamını və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, təlimatla müəyyən edilmiş əmək vəzifələrinə əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir, iddiaçıya 03.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, 06.07.2021-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, dəymiş zərərin məbləği 48 manatdır, Həmkarlar İttifaqı Komitəsinin işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığı vardır. Bununla belə, əmrin ləğv edilməsinə əsas olan, həmçinin cavabdehin qərəzli davranışına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Belə ki, iddiaçı, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını lazımınca yerinə yetirməyərək, o cümlədən əmək intizamını və müəssisədaxili intizam qaydalarına, təlimatla müəyyən edilmiş əmək vəzifələrinə və əmək qanunvericiliyinin tələblərinə əməl etməməklə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmiş, həmçinin mühafizə obyektində mülkiyyətciyə ziyan vurmuşdur. Məhkəmə, iddiaşınn “işəgötürənin ona qarşı qərəzli olması səbəbindən işdən azad edilməsi” barədə irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı işəgötürənin ona qarşı qərəzli olmaqla onu işdən azad etməsini bildirsə də, qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 68-ci maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinin tələblərinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; “e” bəndinin tələbinə görə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 76.1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr qanuni və əsaslıdır, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən hər hansı bir hüquq pozuntusu törədilməmişdir və buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı "xxxx" ASC-nin "xxxx" MMC-nin Qərb regionu üzrə mühafizə xidmətinin "xxxx" MMC-nin mühafizəsini həyata keçirən atıcı vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməyi barədə 06.07.2021-ci il tarixli 102/k saylı əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunması” barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar