Məhkəmə qərarları › İş №2(011)-6691/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6691/2021

21.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6691/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, 16 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, 16 saylı mənzili keçmiş mülkiyyətçisi X1 09.02.2000-cı il tarixdə bağlanmış 097747 saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 23.02.2002-ci iİ tarixli (Seriya RX № 0539798) nömrəli çıxarışa əsasən adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əassən cavabdeh 6 ay müddətində həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, yaşayış sahəsini satdıqdan sonra köçüb getməsinə baxmayaraq qeydiyyatdan çıxmamışdır. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, mənzil anası tərəfindən iddiaçıya satılmış, lakin mənzilin dəyəri tam ödənilmədiyindən, qeydiyyatdan çıxmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş matieriallarında olan alıcı İddiaçı və satıcı X3 arasında bağlanmış 09.02.2000-cı il tarixli, 097747 saylı müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, 16 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Müqaviləyə əlavə edilmiş ərizənin surətindən göründüyü kimi, mənzildə qeydiyyatda olan Cavabdeh həmin mənzilin satılmasına razılığı notarial qaydada təsdiqlənmiş və notariat işinə əlavə edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, 16 saylı mənzil (Yeni qaydalarla: AZİ 142, Bakı şəhəri, Xətai rayonu, X7 küçəsi, 75, M8, m 2) İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 16.12.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-in 12.08.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, 16 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus mənzildə qeydiyyatda olması iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur və iddiaçının xüsusi mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün cavabdehin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, 16 saylı (Yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Xətai rayonu, X7 küçəsi, 75, M8, m 2) mənzildən istifadə hüquqları itirilsin. Qətnamə cavabdehin yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar