Məhkəmə qərarları › İş №2(011)-6710/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6710/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6710/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X7 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehin ona məxsus Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, 1 saylı evin 11 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinin 29.04.1996-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, ev 1, mənzil 11 ona işlədiyi "Azərneftyağ" idarəsi tərəfindən 000064 nömrəli xidməti order əsasında verilmişdir. O, həmin ünvanda ailəsi ilə birlikdə 1992-ci ildən 2000-ci il tarixədək yaşamışdır. Xətai Rayon İcra Hakimiyyətinin “25.11.2000-ci il tarixində baş vermiş zəlzələdən Xətai rayonunda qəza vəziyyətinə düşmüş yaşayış evləri haqqında" 28.11.2000-ci il tarixli aktına əsasən bütün bina sakinləri, o cümlədən, onun ailəsi də müvəqqəti yaşamaq üçün başqa yerə köçürülmüşlər. Sonradan sakinlər öz mənzillərinə qayıtsalar da, ona məlum olmuşdur ki, mənzili zəbt olunmuşdur. Belə ki, onun mənzilinin qonşuluğunda X14 məxsus Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, ev 1, mənzil 14 və Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, ev 1, mənzil 17 yerləşmişdir. X16 ona məxsus olan mənzillərə çıxarış alaraq həmin mənzilləri satmışdır. Eyni zamanda, o, qeyri-qanuni yola əl ataraq İddiaçı məxsus 11 nömrəli mənzili vanna otağı kimi 14 nömrəli mənzilə qataraq çıxarış almış, 2002-ci il tarixdə həmin mənzili X1. X13 öldükdən sonra mənzil X8 adına keçirilmişdir. 23.07.2020-ci il tarixdə həmin mənzilə dair X5 ilə alqı-satqı müqaviləsi bağlanmış, 13.08.2020-ci il tarixdə çıxarış verilmişdir. X5 vəfat etmişdir. Hal-hazırda həmin mənzildə onun arvadı X10 yaşayır. Qeyd edir ki, həmin mənzilə dair ilkin çıxarış qeyri-qanuni olaraq alınmış, daha sonra alınan törəmə çıxarışlar həmin qeyri-qanuni yolla alınan çıxarış əsasında alınmışdır. Onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bu illər ərzində uzun müddətdir ki, o, ailəsi ilə birlikdə kirayədə yaşayır, əlavə xərc, maddi ziyan çəkmişdir. Bu məsələ ilə bağlı neçə ildir ki, məhkəmə prosesləri getmişdir. Bundan sonra illərlə gözləməyə yaşı, sağlamlığı, vəziyyəti imkan vermir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstırilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblərdə daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Yuxarıda istinad edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət kimi qeydiyyata alınmadığına baxmayaraq, iddiaçının həmin evə mülkiyyət onun gözlənilən hüququdur. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan digər bir işlə bağlı hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Cavabdeh X10 məhkəməyə ərizə təqdim edərək, göstərdi ki, iddiaçı artıq üçüncü dəfədir ki, məhkəmə iclaslarına gəlmir. Onun məhkəmə iclasına gəlməməsi yalnız mübahisəyə baxılmasının uzadılması məqsədi daşıyır. Bu səbəbdən də mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə qeyd edilənləri və cavabdeh X4 işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh X10 iddia təlbini qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli mənzil əri X3 tərəfindən 23.07.2020-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən X6 alınmış və 13.08.2020-ci il tarixli çıxarışla xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyatdan keçmişdir. Əri X3 25.01.2021-ci il tarixdə vəfat etmiş, 27.07.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras əmlak tam hissədə tərəfindən qəbul edilmişdir. Buna əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28.07.2021-ci il tarixli çıxarış verilmişdir. Qetd etmək istəyir ki, İddiaçı Fərhad oğlunu tanımır və heç vaxt görməmişdir. Mənzilin bütün hüquqmüəyyənedici sənədlərini məhkəməyə təqdim etmiş və sənədlərdən də, müəyyən olunur ki, mənzil qanuni əsaslarla ona məxsusdur və hal-hazırda istifadəsindədir. Göstərilənlərə əsasən, iddia tələblərinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan alıcı X3 ilə satıcı X11 arasında bağlanmış 23.07.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi, 1 saylı evin, 14 saylı mənzilini 30000 manata alıcıya satmışdır. Daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi, 1 saylı evin, 14 saylı mənzili tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 13.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Vİ-JQ seriyalı, 437552 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X10 arasında nikah 05.10.1994-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 1819 nömrə ilə rəsmiləşdirilmişdir. Vİ-JQ seriyalı, 437552 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 25.01.2021-ci il tarixdə vəfat etmişdir. 27.07.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25.01.2021-ci tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı - X10 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-də 13.08.2020-ci il tarixdə **********00-05101-093013 reyestr nömrəsi və tt20058665 qeydiyyat nömrəsi ilə X19- Hüseyn oğlunun :,aına qeydiyyata alınan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41 kv.m mənzildən ibarətdir. Daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi, 1 saylı evin, 14 saylı mənzili tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 28.08.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Baki Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 05.10.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi (indiki Oksigen küçəsi), ev 1, 11 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, 1 saylı evin, 11 saylı mənzilində qeydiyyatdadır.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Həmçinin, Azərbaycan Respublikasımn MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi, 1 saylı evin, 14 saylı mənzilinə dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənədin olmaması, mənzilin qanuni əsaslarla cavabdeh X4 mülkiyyətində olması təsdiq edilmişdir. İddiaçı ona məxsus olduğunu iddia etdiyi Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, 1 saylı evin, 11 saylı mənzilinin Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi, 1 saylı evin, 14 saylı mənzilinin əvvəlki mülkiyyətçisi tərəfindən zəbt edildiyini göstərsə də, iddia ərizəsinə buna dair heç bir mötəbər sübut əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı hazırki tələblə cavabdeh X7 qarşı iddia irəli sürmək hüququ yartanmadığından, bu səbəbdən də, iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddiaçı cavabdeh X7 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar