Məhkəmə qərarları › İş №2(011)-6716/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6716/2025

02.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6716/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə, əvvəlki vəzifəyə bərpa olunması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı – iddiaçının işdən çıxarılmasına dair Cavabdeh İB –nin Şəmkir regional Qİİ tərəfinfən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 14-2-2-13/3-1K- 687/2025 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əməkhaqqının və digər ödənişlərin hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Şəmkir regional Qİİ Tovuz rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə qaz təsərrüfatının nəzarətçisi işinə qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixli 14-2-2-13/3-1K-687/2U25 saylı əmrə əsasən məninilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitaın verilmişdir. İddiaçı hesab edir ki, qeyd, olunan əmr qanunvericiliyin tələbi pozulmaqla verilmiş və ləğv edilməlidir. Belə ki, idarədə işçilərin ixtisarı adı ilə onunla bərabər bir necə ;işçiyə xəbərdarlıq məktubu göndərilmiş, həmin ərəfədə işdən çıxarılması nəzərdə tutulan işçilər imtahana cəlb edilmişdir. İddiaçı bildirir ki, ən yüksək nəticə göstərməsinə baxmayaraq, əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, qalan işçilərin əksəriyyəti isə öz vəsifəsində saxlanılmış, bununla bərabər yeni işçilər i.şə qəbul edilmişdiryəni iddiaçının işdən çıxarılmağına heç bir əsas olmamışdır. Eyni zamanda müvafiq qaydada həmkarların rəyi alınmamış, əgər alınmışsa mənə bu barədə heç bir məlunun verilməmişdir, əmrclə işdən çıxarılmasının əsası kiıııi isə xəbərdar lui mə- ıb e göstərilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, Cavabdeh İB tərəfindən verilmiş əmrin ləğv edilməsi, əvvəlki işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əməkhaqqının ona ödənilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan, xx.xx.2025-ci il tarixli Tovuz 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan, Cavabdeh Şəmkir X2 İdarəsinin təşkilati strukturunda və ştat cədvəllərində dəyişiklik edilməsi ilə əlaqədar olaraq ştatınızın ixtisarı haqqında xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, əmək müqaviləniz Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilərkən sizə işəgötürən tərəfindən əmək stajınız nəzərə alınaraq (dörd təqvim həftəsi) orta əmək haqqınızın 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəyi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə Siz bir iş günü əmək funksiyasının icrasından azad edildiyi bildirilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli 14-2-2-13/3-1K-687/2025 nömrəli Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, Şəmkir X2 İdarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində qaz təsərrüfatının nəzarətçisi vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, ştatların ixtisar edilməsi əsası ilə xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən:

1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin

2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir.

3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndində qeyd olunmuşdur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəllənin 300.1 maddəsi ilə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli 14-2-2- 13/3-1K-687/2025 nömrəli Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, Şəmkir X2 İdarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində qaz təsərrüfatının nəzarətçisi vzəifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, ştatların ixtisar edilməsi əsası ilə xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşçilərin sayının və ya ştatların işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdehhüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, işçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. İxtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının yazılı qərar formasında qabaqcadan əsaslandırılmış razılığı, işçiyə ixtisar olunacağı barədə əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli miqdarında ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr, işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat. Məhkəmə hesab edir ki, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət yönəlməsi zəruri hesab olunur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən müvafiq qanun pozuntularına yol verilməsi aşkar edilmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmamış, ixtisarın məqsədəuyğunluğu məsələsi əsaslandırılmamış, nəticələri barədə sənədlər tərtib olunmamış, həmkarlar ittifaqı təşkilatının yazılı qərar formasında qabaqcadan əsaslandırılmış razılığı alınmamış, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verildiyi müəyyən edilməmiş, iddiaçının işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizi aparılmamış, işçiyə ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilməmişdir. Belə ki, işəgötürən, fəaliyyəti üçün iddiaçının icra etdiyi funksiyalara hazırda zərurətin qalmamasını, yeni ştat cədvəlində bu funksiyaları həyata keçirən başqa vəzifələrin mövcud olmamasını, iddiaçının yeni ştat cədvəlində göstərilən ixtisas səviyyəsinə uyğun vəzifələrin hər hansına uyğun gəlməməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iddia tələbinin “digər ödənişlərin hesablanıb verilməsi barədə” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı digər ödənişlər dedikdə hansı ödənişlərin nəzərdə tutulduğunu bildirməmiş, bunula bağlı hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli 14-2-2- 13/3-1K-687/2025 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh İB-nin yeni strukturunda əvvəlki dərəcəsinə və vəzifəsinə uyğun işə bərpa edilməli və iddiaçıya məcburi iş buraxma dövrü üçün xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı hesablanaraq ödənilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 100 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3-1K-687/2025 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh İB-nin yeni strukturunda əvvəlki dərəcəsinə və vəzifəsinə uyğun işə bərpa edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2025-ci il tarixdən İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdehndən 100 (yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qlan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar