Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6755/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı “Üfüq” İstehsalat Birliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Üfüq” İstehsalat Birliyi "xxxx" MMC-nin üzərinə 2011, 2014-2016, 2018-ci ilin Lv rübü, 2019, 2020-ci ilin l üzrə sosial sığorta haqqlarının tam həcmdə- 2512,86 manat vəsaitin Dövlət Sosial Müdafiə Fondu tərəfindən adına açılmış fərdi şəxsi hesabına köçürülməsi, Mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 manat, məhkəməyə ödənilmiş 46 manat dövlət rüsumu və sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 6 manat rüsum olmaqla cəmi 112 manat vəsaitin onun adına açılmış bank hesabına ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixə kimi "xxxx" MMC-də əmək müqaviləsi əsasında işləmişdir. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası təyin edilib. Lakin cavabdeh "xxxx" MMC tərəfindən sosial sığorta kapitalı tam köçürülməmişdir. Bu səbəbdən ona əmək pensiyası təyin edilməsi zamanı onun əmək stajı tamlıqıa və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, cavabdeh onun 2011, 2014-2016, 2018-ci ilin Lv rübü, 2019, 2020-ci ilin l üzrə sosial sığorta haqqlarının tam həcmdə ödənilmədiyi qeyd olunmuşdur. Həmçinin "xxxx" MMC-yə müraciət etmiş, MMC-nin xx.xx.2022-ci il tarixli, 03/52 nömrəli məktubunda 2512,86 manat dövlət sosial sığorta haqqı köçürülməli olduğu vəbu ödənişlərin hissə-hissə ediləcəyi qeyd edilmişdir. Həmin ödənişlər ödənilməmiş və bu səbəbdən xx.xx.2022-ci il tarixdə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Lakin təklifə cavabdeh heç bir münasibət göstərməmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, o xx.xx.2013-cü il tarixdən 28.01.202—ci il tarixə kimi əmək müqaviləsi üzrə cavabdeh şirkətdə işləmişdir. Cavabdehin ona ünvanlanmış cavab məktubundan görünür ki, onlar onun 2011, 2014- 2016, 2018-ci ilin lV rübü, 2019, 2020-ci ilin l üzrə 2512,86 manat sosial sığorta haqqlarını DSMF-yə köçürməyiblər. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsini uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında, iddia tələbini qəbul etdiyini, həmin pulun ödəniləcəyini, lakin hal-hazırda hesabda vəsait çatışmamazlığına görə mümkün olmadığını bildirmişdir. İş materiallarında olan: İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2013cü il tarixdə “Üfüq” İstehsalat Birliyi "xxxx"na tikiş sexinə 3-cü dərəcəli tikişçi peşəsinə işə qəbul edilib. xx.xx.2014-cü il tairxdə yeni idarəetmə strukturuna əsasən Tikiş sexi Fərdi mühafizə vasitələri sexi adlandırırılır. xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu tərəfindən iddiaçıya göndərilən məktubun surətindən görünür ki, iddiaçının çalışdığı dövr üçün ona 8363,42 manat məcburi dövlət sosial sığorta haqqı hesablanılmış, lakin zavodun maliyyə çətinlikləri ilə əlaqədar olaraq ona 5850,56 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. "xxxx" MMC-nin məcburi dövlət sosial sığorta haqqı üzrə ona olan borcu 2512,86 manat təşkil edir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, "xxxx" MMC tərəfindən 2011, 2014-2016, 2018-ci ilin lV rübü, 2019-cu ilin l-lV rübləri,, 2020-ci ilin l üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam məbləğdə ödənilmədiyi üçün iddiaçının və digər sığortaolunanların fərdi şəxsi hesablarında məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB5/-1707 saylı “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı oğlu iştirak etmiş və 50 manat mediasiya, 10 manat poçt, kargüzarlıq xərcini ödəmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, iddiaçı mediasiya prosesinin keçirilməsi üçün 60 manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün 46 manat, notariat hərəkətlərinin aparılması üçün 6 manat rüsum ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin j bəndinə əsasən işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini təmin etməlidir. Həmin Məcəllənin 304-cü maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir, sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənin vəzifəsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Dövlət sosial müdafiə fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına Əlavə”nin 1.2.1-ci bəndinə əsasən, sosial təminata ayırmalar məcburi dövlət sosial sığorta ayırmalarından ibarətdir və bu vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesablarına köçürülür. Sosial sığorta ayırmaları da öz növbəsində işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial sığorta ayırmalarına, işçilərin əməkhaqlarından hesablanan sosial sığorta ayırmalarına, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanların gəlirlərindən hesablanan sosial sığorta ayırmalarına və sair gəlirlərdən hesablanan sosial sığorta ayırmalarına bölünür. Qeyd olunan daxilolmalar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Əlavəyə əsasən, “məcburi dövlət sosial sığorta haqları” paraqrafına işçi və qulluqçuların əməkhaqlarına hesablanan və dövlət sosial müdafiə fonduna köçürülən xərclər daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. xx.xx.1996-cı il tarixli Avropa Sosial Xartiyasının 1-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər işçinin sərbəst seçdiyi iş vasitəsi ilə öz yaşayışı üçün qazanc əldə etmək hüququnu səmərəli qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2013-cü il tarixdən – xx.xx.2020-ci il tarixədək cavabdeh müəssisədə 3-cü dərəcəli tikişçi vəzifəsində çalışmış, xx.xx.2020-ci il tarixli 38K №-li Əmrə əsasən, onun əmək müqaviləsinə öz təşəbbüsü ilə (AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndi) xitam verilmişdir, iddiaçının çalışdığı dövr üçün ona 8363,42 manat məcburi dövlət sosial sığorta haqqı hesablanılmış, lakin zavodun maliyyə çətinlikləri ilə əlaqədar olaraq ona 5850,56 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. "xxxx" MMC-nin məcburi dövlət sosial sığorta haqqı üzrə ona olan borcu 2512,86 manat təşkil edir. Hazırki iddia tələbi həmin məbləğin iddiaçının ƏƏSMN tabeliyində DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında olan hesabına köçürülməsi barədədir, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, iddiaçının ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının cavabdeh tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 2512,86 manat məcburi dövlət sosial sığorta haqqı tutularaq İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzi Filialında olan hesabına köçürülməlidir. Məhkəmə iddianın mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 manat, məhkəməyə ödənilmiş 46 manat dövlət rüsumu və sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 6 manat rüsum olmaqla cəmi 112 manat vəsaitin onu ödənilməsi barədə hissəni araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Ona görə ki, cavabdeh öhdəliyini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar ona əlavə zərər vurulmuşdur. Odur ki, vurulmuş zərərin əvəzi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının mediasiya prosesinin keçirilməsi üçün ödədiyi rüsumu, dövlət rüsumunu ödəməsi, sənədlərin notarial qaydada təsdiq olunması nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilməmiş 2512,86 manat pul məbləği tutularaq İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzi Filialında olan hesabına köçürülsün. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 manat, məhkəməyə ödənilmiş 46 manat dövlət rüsumu və sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 6 manat rüsum olmaqla cəmi 112 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6755/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6755/2022
02.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver