Məhkəmə qərarları › İş №2(011)-6784/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6784/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6784/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, NZS qəsəbəsi Xətai rayonu Aşıq Qurban 25 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlə evlənməmişdən əvvəl ünvan 2 ünvanında yerləşən 19 nömrəli 1 otaqlı mənzili olmuşdur. 1999-cu ildə cavabdehlə evləndikdən sonra bir müddət 1 otaqlı mənzildə yaşamışlar. Övladları doğulduqdan sonra, 2006-ci ildə həmin mənzili satıb hazırda yaşadıqları Bakı şəhəri, NZS qəsəbəsi, Xətai rayonu, Aşıq Qurban 25 nömrəli fərdi yaşayış sahəsini almışlar. İddiaçı, cavabdeh və onların iki övladı orada yaşayıb ümumi təsərrüfat idarə etmişdir. Lakin cavabdehlə iddiaçının münasibəti pozulduğu üçün xx.xx.2024-cü ildə nikahları pozulmuşdur. Bundan sonra cavabdehlə iddiaçının münasibəti daha da pisləşmişdir. İddiaçıların mənzildə rahat yaşamasına imkan verməmişlər Hətta ailə münaqişəsi zəmnində aralarında olan mübahisə məhkəmə aktı ilə nəticələndi. Cavabdeh hazırda iddiaçıları evə buraxmır. İddiaçının bütün geyim əşyaları, sənədlər və s. əmlakı mənzildədir. Hazırda iddiaçıların başqa yaşayış yeri olmadığı üçün məhkəməyə müraciət etməli olmuşdurlar. Bütün kommunal xidmətlərin xərcləri iddiaçı tərəfindən ödənmişdir. Tərəflərin izahatları: İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin halları: 66 saylı MKİS tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş 1473 saylı arayışdan görünür ki, İddiaçı1 Bakı şəhəri, NZS qəsəbəsi Xətai rayonu Aşıq Qurban 25 ünvanında qeydiyyatda olduğu müəyyən edilir. Bakı şəhəri, NZS qəsəbəsi Xətai rayonu Aşıq Qurban 25 ünvanı üzrə elektrik enerjisi, su, qaz təchizatı üzrə abonent hesabları İddiaçı1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-401/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:45-də birgə yaşadıqları ünvan 3 ünvanında yerləşən mənzildə aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən anası Cavabdeh bədəninin müxtəlif nahiyələrindən vurmaqla ona döş qəfəsinin və sol bazunun dərialtı hematomaları, boyun nahiyəsinin qançırları, sağ gözaltı nahiyəsinin və hər iki yuxarı ətrafın sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 33, İ hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 71, İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülki Məcəllə Maddə 6 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi... Maddə 164 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 180 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 225 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 425 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materillarnın araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ilə cavabdeh 1999-cu il tarixdə ailə qurmuşlar. Tərəflər ailə qurduqdan bir müddət sonra, yəni 2006-ci il tarixində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, iki övladları ilə birlikdə həmin mənzildə yaşamışlar. Lakin münasibətləri pozulduğundan tərəflərin nikahı xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Münasibətlərinin pzozulmasına baxmayaraq bir müddət, yəni xx.xx.2024-cü il tarixə kimi mübahisəli mənzildə birlikdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə ailədaxili münaqişə zəmnində baş vermiş mübahisə nəticəsində İddiaçı2 anası, hazırki iş üzrə Cavabdeh bədəninin müxtəlif nahiyələrindən vurmaqla ona bədən xəsarəti yetirmiş, atası İddiaçı1 ilə birlikdə mübahisəli mənzili tərk etmişlər. Hazırda iddiaçılar ünvan 3 ünvanında yerləşən mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, mübahisəli tikili iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşayış yeridir. Cavabdehin iddiaçıları qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçıların yaşadığı sahə özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçılara qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı1 ilə Cavabdeh 1999-cu ildə rəsmi nikaha daxil olmaqla, ailə münasibətləri yarandığına görə, sonradan onlar mübahisəli mənzili əldə edərək, həmin evdə yaşadıqlarından Cavabdeh İddiaçı1 və İddiaçı2 qeyd edilən fərdi yaşayış sahəsindən istifadə və sahiblik etməsinə maneələrin yaradılması üçün hər hansı bir hüququ yoxdur. Odur ki, iddia təmin edilərək İddiaçı2 və İddiaçı1 ünvan 3 ünvanında yerləşən mənzil ünvanında yerləşən fərdi evə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı2 və İddiaçı1 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar