Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6820/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “bağlandığı iddia edilən əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin etibarsız hesab edilməsi, həmin əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də yardımçı fəhlə kimi işə götürülməsi barədə cavabdehlə iddiaçının arasında bağlandığı iddia edilən əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin etibarsız hesab edilməsi, iddiaçı və cavabdeh arasında bağlandığı iddia edilən əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir müddət əvvəl rəsmi qaydada işə düzəlmək istəyərkən iddiaçıya bildirilmişdir ki, o, mərkəzləşdirilmiş elektron informasiya sistemində artıq işçi kimi qeydiyyatdan keçmişdir. Belə ki, həmin mərkəzləşdirilmiş informasiya sistemində aparılmış qeydiyyata əsasən iddiaçı adını belə bilmədiyi Cavabdeh MMC adlanan hüquqi şəxsdə yardımçı fəhlə kimi göstərilmişdir. İddiaçının əsas iş yeri olaraq göstərilmiş Cavabdeh MMC-də yardımçı fəhlə kimi işə götürülməsi barədə bildiriş elektron informasiya sisteminə 01 oktyabr 2021-ci il tarixdə daxil edilmişdir. Halbuki iddiaçı nə qeyd edilən müəssisədə işə daxil olmamışdır, nə də həmin hüquqi şəxslə əmək müqaviləsi bağlamamışdır. İddiaçı qeyd edilən ünvanda olsa da, Cavabdeh MMC-nin nümayəndələrini tapa bilməmişdir. O, müxtəlif orqanlara müraciət etsə də, bu hüquqi şəxsin harada yerləşməsini müəyyən edə bilməmişdir. Nəticədə cavabdeh tərəfindən saxta sənədlər əsasında mərkəzləşdirilmiş elektron informasiya sisteminə yardımçı fəhlə olaraq daxil edilmiş əmək müqaviləsi bildirişi səbəbindən iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqla işə girib əmək fəaliyyəti ilə məşğul ola bilmir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh MMC-də yardımçı fəhlə kimi işə götürülməsi barədə cavabdehlə iddiaçının arasında bağlandığı iddia edilən əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin etibarsız hesab edilməsi, həmin əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İddiaçı verilmiş 18 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçıya X2 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası MPM-in 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilatda işə qəbul edilib onunla əmək müqaviləsinin bağlanmasına baxmayaraq iddiaçının faktiki olaraq razılığı alınmamış, onun cavabdeh təşkilatda işə qəbul edilməsi ilə bağlı məlumatı olmamış, o həmin təşkilatda işləməmiş, heç bir əmək haqqı almamışdır. İddiaçı işə qəbul olunmaq üçün digər işəgötürənə müraciət etdiyi zaman ona cavabdeh təşkilatda işləməsi barədə məlumat verilmişdir və o bundan sonra məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinin qanuni əsaslarla bağlanması halı aşkar edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli əmək müqaviləsi və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişi etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, hazırkı tələb qətnamənin icrasından irəli gələn məsələdir. Nə qədər ki, məhkəmə tərəfindən cavabdehlə bağlı müvafiq dövlət orqanlarına verilmiş sorğulara cavab verilməmiş, cavabdehin fəaliyyəti ilə bağlı hər hansı mötəbər dəlillər aşkar etmək mümkün olmamışdır. Bu səbəbdən də qətnamənin icrası zamanı hər hansı çətinliklər yaranmaması üçün əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildiriş etibarsız hesab edilsin, həmin əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6820/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6820/2022
27.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver