Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6867/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X5 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ildən istifadəsində olan, 2013-cü ildən qeyri-yaşayış sahəsi kimi qeydiyyat vəsiqəsi aldığı, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən verilən 29 iyul 2015-ci il tarixli qərarına əsasən 02.03.2017ci il tarixində yaşayış sahəsi kimi mülkiyyətində olan ünvan 1 ünvanında olan 76,2 kv.m sahəsinin 8,7 kv.metrinin qanunsuz olaraq ondan yuxarı mərtəbədə yaşayan Cavabdeh icarəyə verilməsi barədə bağlanan 21.02.2014-cü il tarixli 5272 nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, hal-hazırda yaşayış sahəsi olmaqla daşınmaz əmlak kimi mülkiyyətimdə olan ünvan 2 ünvanında olan mənzil Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə 2007-ci ildə Xətai Rayon Mənzil Komunal İdarəsində süpürgəçi işlədiyi üçün ona verilmişdir, Xətai Rayon İcra Hakimiyyətinin həmin vaxtı Başçısı olan R.Məmmədov həmin yeri ona versə də həmin sahənin adına sənədləşdirilməsinə cavabdeh olan aidiyyətli vəzifəli şəxslər ondan15.000 min manat pul almaq məqsədilə həmin sahənin adına sənədləşdirilməsində maneələr yaratmağa başladılar, lakin pulu olmadığı üçün, hüquqi müstəvidə həmin sahənin adına sənədləşdirilməsi üçün apardığım 6 illik gərgin mübarizədən sonra 01.04.2013-cü il tarixində adına keçirilmişdir, məhz bundan sonra, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Komuna! idarəsinin aidiyyətli vəzifəli şəxsləri həmin yerdə yaşamağıma maneələr törətmək məqsədilə, nəyin bahasına olursa-olsun ona orada yaşamağa imkan verməməyə başladılar, bu məqsədlə, hələ keçən əsrin 90-cı illərindən başlayaraq Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Başçısı Haçıbala Abutalıbov hələ Bakı şəhəri Suraxanı rayonunda İcra Hakimiyyətinin Başçısı olanda onun himayəsi ilə 10 hektarlarla torpaq sahələrini zəbt edərək həmin sahələrdə evlər tikib satmaqla məşğul olan və ondan yuxarı mərtəbədə yaşayan cavabdehin rəhbərliyi ilə oğullarından ibarət “ailə killer qrupu” yaradaraq onu həmin yerdən qovmaq üçün ən iyrənc əməllərə əl atmağa başladılar, cavabdehin onun yaşadığı mənzilin üstündə, yəni binanın 2-ci mərtəbəsində də 4 otaqlı mənzilləri vardır. Cavabdeh mənzillərinin altında olan mənzilin mətbəxinin xeyli hissəsinin qanunsuz olaraq ona verilməsindən istifadə edərək, mənzildə yaşamağıma maneələr yaradırlar, yuxarıda yaşadığı üçün mənzilə müntəzəm olaraq kanalizasiya və çirkab suları axıdırlar, dəfələrlə aidiyyətli orqanlara müraciət etsə də heç bir tədbir görməmişlər, məqsədləri də odur ki, onun üçün dözülməz şərait yaratsınlar ki, mənzildən çıxsın, qanunsuz verilən həmin sahəni onun mətbəxindən ayıran divar mənzilin də tərkibinə daxil olduğu binanın layihə sənədlərində nəzərdə tutulmamış və yol verilən bu qanunsuz hallara qədər də, həmin qanunsuz tikilən divar mövcud olmamışdır, məhz həmin müqavilənin bağlanması ilə əlaqədar yol qanunsuzluqlara hüquqi don geyindirmək üçün, yaşadığı binanın layihə sənədlərində nəzərdə tutulmayan həmin qanunsuz divar hörülmüşdür, mətbəxində tikilən qanunsuz divarın binanın layihə sənədlərində olmaması mənzilin sxemi ilə də təsdiq olunur, bir neçə dəfə məhkəməyə müraciət etmiş, lakin cavabdehin xeyrinə qərarlar çıxarılmışdır, işə baxan hakim axırıncı məhkəmə iclasında ona bildirmişdir ki, iş materiallarında olan sənədlərdən belə bir nəticə çıxır ki, mətbəxin bir hissəsi hesab etdiyi 8,7 kv.m. sahənin X1 verilməsi barəsində 21.02.2014-cü il tarixli 5272 nömrəli Müqavilə mövcuddur, həmin müqavilə ləğv olunmadan Çıxarışın ləğv edilməsi yol verilməzdir, ona görə də həmin müqavilənin ləğv olunması üçün cavabdehin yaşadığı ərazinin məhkəməsinə müraciət etməlidir, nəticədə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi R.Mərdiyev izahat verərək bildirdi ki, bu iddiaçı ilə ilk mübahisələri deyildir, o, mübahisəli mənzildə ortaq divarda qanunsuz olaraq pəncərə açmış, bu səbəbdən atası iddia tələbi ilə 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir, qətnamə ilə onun iddia tələbi təmin edilmiş, ortaq divarda iddiaçı tərəfindən inşa edilən pəncərənin iddiaçının öz hesabına sökülməsi və sökülmüş divar tikilib təmir edilərək əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir, həmin qətnamədən iddiaçı yuxarı instansiyalara şikayət vermiş, mülki iş Ali Məhkəməyə qədər getmiş, qüvvədə qalmışdır, hazırda iddiaçının mübahisələndirdiyi müqavilə isə onun atası ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında 21.02.2014-cü il tarixində bağlanmışdır, iddiaçı həmin müqavilə üzrə tərəf deyildir, o, müqavilənin ləğv olunmasını məhkəmədən tələb edə bilməz. Sonda R.Mərdiyev qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına əmlakın dövlət reyestrində 2616 nömrəli reyestr kitabının 243783 nömrəli vərəqində 02.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, ünvan 4 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 12477 nömrəli vərəqində 05.04.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X4 və Cavabdeh arasında bağlanmış 21.02.2014-cü il tarixli 5272 saylı müqaviləyə əsasən, satıcı ünvan 4 ünvanında yerləşən 8,7 kv.m-lik qeyri-yaşayış sahəsini müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq tam dəyərlə (902 AZN) birbaşa alıcıya satmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5347/2018 saylı, 10.08.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,2 kv.metr olan mənzil ilə Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.metr olan qeyri-yaşayış sahəsinin ortaq divarında İddiaçı tərəfindən inşa edilən pəncərə İddiaçı öz hesabına sökülməsi və sökülmüş divar tikilib təmir edilərək əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3642/2020 saylı 22.09.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmiş işin hallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)11646/2018 saylı 28.11.2018-ci il tarixli Qətnaməsi ilə İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5347/2018 saylı, 10.08.2018-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin olunmamış, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2674/2019 saylı 11.04.2019cu il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır, Bakı Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli Qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5347/2018 saylı, 10.08.2018-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3642/2020 saylı 22.09.2020-ci il tarixli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh arasında bağlanmış 21.02.2014-cü il tarixli 5272 saylı müqaviləyə əsasən, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh verilmişdir, iddiaçı həmin müqavilənin ləğv edilməsi tələbini irəli sürmüşdür, qanuni qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5347/2018 saylı, 10.08.2018ci il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,2 kv.metr olan mənzil ilə Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.metr olan qeyri-yaşayış sahəsinin ortaq divarında İddiaçı tərəfindən inşa edilən pəncərə İddiaçı öz hesabına sökülməsi və sökülmüş divar tikilib təmir edilərək əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, mübahisələndirilən müqavilə Cavabdeh və 3-cü şəxslər arasında bağlandığından, iddiaçı həmin müqavilənin tərəfi kimi çıxış etmədiyindən iddiaçı subyektiv hüquqa malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından onun təqdim etdiyi sübutlar da araşdırılmadan rədd olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-cü maddəsinə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “2007-ci ildən istifadəsində olan, 2013-cü ildən qeyri-yaşayış sahəsi kimi qeydiyyat vəsiqəsi aldığı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilən 29 iyul 2015-ci il tarixli qərarına əsasən 02.03.2017-ci il tarixində yaşayış sahəsi kimi mülkiyyətində olan ünvan 1 ünvanında olan 76,2 kv.m sahəsinin 8,7 kv.metrinin qanunsuz olaraq ondan yuxarı mərtəbədə yaşayan Cavabdeh icarəyə verilməsi barədə bağlanan 21.02.2014-cü il tarixli 5272 nömrəli müqavilənin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “2007-ci ildən istifadəsində olan, 2013-cü ildən qeyri-yaşayış sahəsi kimi qeydiyyat vəsiqəsi aldığı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilən 29 iyul 2015-ci il tarixli qərarına əsasən 02.03.2017-ci il tarixində yaşayış sahəsi kimi mülkiyyətində olan ünvan 1 ünvanında olan 76,2 kv.m sahəsinin 8,7 kv.metrinin qanunsuz olaraq ondan yuxarı mərtəbədə yaşayan Cavabdeh icarəyə verilməsi barədə bağlanan 21.02.2014-cü il tarixli 5272 nömrəli müqavilənin ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6867/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6867/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver