Məhkəmə qərarları › İş №2(011)-6917/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6917/2025

29.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6917/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, "X1" MMC-nin xx.xx.2020-ci il tarixdən dövlət qeydiyyatının ləğv edilməsi və ərizəçinin həmin hüquqi şəxsin direktoru olmaması barədə hüquqi faktın tanınması; “my.gov.az” və “əmas.gov.az” elektron portallarında onun direktor kimi göstərilməsi barədə yanlışlığın aradan qaldırılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir və ərizə geri qaytarılmalıdır. Ərizədən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçi "X1" MMC-nin xx.xx.2020-ci il tarixdən dövlət qeydiyyatının ləğv edilməsi və ərizəçinin həmin hüquqi şəxsin direktoru olmaması barədə hüquqi faktın tanınması; “my.gov.az” və “əmas.gov.az” elektron portallarında onun direktor kimi göstərilməsi barədə yanlışlığın aradan qaldırılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Beləliklə, ərizəçi "X1" MMC-nin dövlət qeydiyyatının ləğv edilməsi səbəbindən onun həmin hüquqi şəxsin direktoru olmaması və müvafiq elektron portalda onun direktor qismində göstərilməsinə dair yalnışlığın aradan qaldırılmasını xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsini o halda tələb edə bilər ki, bu faktlar hüquqi nəticələr doğurmaqla yanaşı həmin həmin halları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında baxılan ərizələrin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizələrinin geri qaytarılmasına dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, ərizəçinin ərizəsi, iddia ərizəsinin geri qaytarılmasını müəyyən edən normaların tətbiq edilməklə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, "X1" MMC-nin dövlət qeydiyyatının ləğv edilməsi səbəbindən ərizəçinin əmin hüquqi şəxsin direktoru olmamasının müəyyən edilməsi və bununla əlaqədar olaraq müvafiq dövlət elektron portallarında ərizəçinin direktor qismində göstərilməsinə dair yalnışlığın aradan qaldırılması xüsusi icraatda baxılmalı olan işlərə aid edilmədiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, "X1" MMC-nin dövlət qeydiyyatının ləğv edilməsi səbəbindən ərizəçinin həmin hüquqi şəxsin direktoru olmaması faktının müyyən edilməsinin və bununla əlaqədar müvafiq dövlət elektron portallarında ərizəçinin direktor qismində göstərilməsinə dair yalnışlığın aradan qaldırılmasının - xüsusi icraatdan başqa digər qaydada təsdiq olunmasının qeyri-mümkünlüyü iş materialları ilə öz təsdiqini tapmır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi xüsusi icraat qaydasında verdiyi - "X1" MMC-nin xx.xx.2020-ci il tarixdən dövlət qeydiyyatının ləğv edilməsi və ərizəçinin həmin hüquqi şəxsin direktoru olmaması barədə hüquqi faktın tanınması; “my.gov.az” və “əmas.gov.az” elektron portallarında onun direktor kimi göstərilməsi barədə yanlışlığın aradan qaldırılması barədə ərizəsi geri qaytarılsın. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar