Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-693/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı Şəhəri 36 Saylı Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. X1 xx.xx.1978-ci il tarixdə vəfat etmiş, onun ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi və həmin yaşayış evinin altındakı həyatyanı torpaq sahəsi miras qalmışdır. Laçın rayonu Dövlət Notariat Kontorunda 412 № ilə reyestrdə qeyd edilmiş, xx.xx.1985-ci il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamə"si əsasında ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi və həmin yaşayış evinin altındakı həyatyanı torpaq sahəsi X2nın mülkiyyətinə verilmişdir. X2 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi və həmin yaşayış evinin altındakı həyatyanı torpaq sahəsi vərəsələrinə miras qalmışdır.
2. Qeyd edilən əmlakla bağlı olaraq "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə verilməsi üçün Bakı şəhəri 36 saylı Notariat Ofisinə tərəfindən müraciət edilmişdir. Lakin Həmin Notariat Ofisinin 18 sentyabr 2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, "xx.xx.2005-ci il tarixdə vəfat etmiş ananız X3 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edə bilmədiyiniz üçün xahişinizin təmin olunması imkan xaricindədir".
3. Məlum hadisələrlə bağlı olaraq 18 mart 1992-ci il tarixdə Laçın rayonu düşmən tərəfindən işğal olunarkən onlar bütün sənədlərini, o cümlədən də yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlər işğal zonasında qaldığından həmin sənədləri götürmək mümkün olmamışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət notariat arxivi tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli məktubunda göstərilir ki, "Bildiririk ki, Laçın rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş notariat işləri arxivə təhvil verilməmişdir".
Ərizəçinin tələbi:
5. ünvan 2 ünvanda yerləşən fərdi yaşayı evi və torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə vəfat etmiş anam X4 mülkiyyətində olması faktını təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilmədiyimdən hüquqi əhəmiyyəti olan həmin hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
6. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
7. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Şahid1 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, X4 onun anası olduğunu, 2005-ci ildə anasının vəfat etdiyi bildirmişdir. Onlar Laçın rayonunda qeyd edilən evdə doğulub, böyümüşdür. Ev Laçın rayonunda abidədən aşağıda, Həzi Aslanov 37 ünvanında yerləşmişdir. Ev atasından anasına qalmışdır. Atası 1978-ci ildə vəfat etmişdir. Ev 2 mərtəbəli olmuşdur, 1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 4 otaq yerləşmişdir. Aşağı mərtəbə yaşayış üçün yararlı olmuşdur. Evin sənədini görmüşdür.
10. Şahid2 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, anasının adı X6 olmuşdur. O Laçın rayonu, Xaçınyalı kəndində anadan olmuş, 7 yaşına qədər kənddən rayona gəlmişlər və əmisigildə qalmışlar. 1972-ci ildə evləri tikildikdən sonra ora köçmüşlər və ünvan 4 ünvanında yaşamışlar.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
11. AZ-İİ № 362235 saylı “ölüm haqqında” şəhadətnaməyə əsasən X6 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər 36 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli, № X-497 saylı məktub.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazurliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024cü il tarixli məktuba əsasən Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqlara qayıdışla bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bu tədbirlər "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli, 1170 nömrəli Fərmanına uyğun olaraq azad olunmuş ərazilərdə ictimai təhlükəsizliyin təmin olunması, sakinlərin yaşayışı üçün zəruri olan infrastruktur obyektlərinin inşası, dövlət qurumlarının normal fəaliyyəti üçün şəraitin yaradılması və s. məsələləri əhatə edir.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Laçın rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş notariat işləri arxivə təhvil verilməmişdir.
15. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən Laçın Rayonu 18 may 1992-ci il Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün işğal dövrünə qədər olan Laçın rayonu arxiv sənədləri işğalda qalmışdır. Odur ki, Laçın Şəhər sakini mərhum X4 adına mülkiyyət hüuqunu təsdiq edən sənədin olub olmaması haqqında məlumat vermək imkan xaricindədir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən X9 barəsində ölüm faktını təsdiq edən tibbi sənəd olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
17. 412 №-li reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə.
18. AA № 363120 saylı məcburi köçkün vəsiqəsi.
19. 423 №-li “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024cü il tarixli məktubuna əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 19 saylı Xankəndi Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Laçın şəhəri, H.Aslanov küçəsi, ev 37 Ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
22. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, ərizəçinin izahatını, şahid ifadələrini nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir.
24. Belə ki, ərizəçi məhkəmədən ünvan 2 ünvanda yerləşən fərdi yaşayı evi və torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2nın mülkiyyətində olması faktını təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.
25. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, qeyd edilən daşınmaz əmlakla bağlı müəyyən sənədlər ərizəçinin atasının adına olmuş (§19), o vəfat etdikdən sonra vərəsəlik işi açılmış və ərizəçinin anasının adına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə (§17) verilmişdir.
26. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarının 7-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. (§22)
27. Məhkəmə araşdırması zamanı qeyd edilən daşınmaz əmlakın ərizəçinin anasının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmadığı müəyyən edilmiş, bu cür sənədin əvvəllər mövcud olması sübuta yetrilməmişdir.
28. Yuxarıda qeyd edilənlərə əsasən məhəkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizə rədd edildiyində və ərizəçinin bununla bağlı tələbi olmadığından ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə rədd edilsin.
2. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova