Məhkəmə qərarları › İş №2(011)-6931/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6931/2021

08.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6931/2021 08.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanındakı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ə.İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, 18 saylı Dövlət notariat Kontorunda bağlanmış 21 fevral 2007ci il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən, X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili ona satmışdır, həmin mənzil onun tam mülkiyyətindədir, bu iş materiallarına əlavə olunmuş sənədlərdən də görünür, alğı-satqı müqaviləsinə əsasən, cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxacağına söz versə də, daha sonra bundan boyun qaçırmış, bu barədə tələbləri nəticəsiz qalmışdır, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ə.İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək iddia tələbini qəbul etdiyini, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmiş, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyətinə vermişdir, həmin müqavilənin 8-ci maddəsinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 56, 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 383 nömrəli reyestr kitabının 35680 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 17.06.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında 26.11.2019-cu il tarixdən qeydiyyatdadır, Cavabdeh həmin mənzildə qeydiyyatda olan digər şəxsdir. İş materiallarında olan məhkəmə bildirişindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 56, 20 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, Cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, orada yaşamır və mənzildən istifadə etmir, iddiaçının ailə üzvü deyildir, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 56, 20 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 56, 20 saylı mənzildən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar