Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-695/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və iddiaçıların həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 05/485 nömrəli, 03 iyun 1958-ci il tarixli və Şaumyan rayonu X2 21 mart 1958-ci il tarixli, 30/366- 17 nömrəli qərarı ilə Yarəhmədov Əzizə fərdi yaşayış evi tikmək üçün indiki Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində 412,1 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, iddiaçılar da o evdə dünyaya gəlmiş, gəlin köçmüş, uzun müddət orada yaşamışlar. Həmin evin kommunal xidmətləri İddiaçı1 adına rəsmiləşdirilmişdir. Evin bütün kommunal xidmətləri iddiaçılar tərəfindən ödənilmişdir. Əziz Yarəhmədov 14 dekabr 1997-ci il tarixdə, onun arvadı Badə Yarəhmədova 29 mart 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçılardan İddiaçı1, İddiaçı4 və İddiaçı3 həmin evdə dünyaya gəlmiş, İddiaçı2 isə həmin evə gəlin gəlmişdir. 2022-ci ilin iyun-iyul aylarında Cavabdeh2 iddiaçılara məlumat vermədən sözügedən evi satmaq niyyəti ilə həmin evə alıcı gətirmişdir. Bundan sonra onların münasibəti pozulmuşdur. Cavabdehlər polisə müraciət etmiş, polis əməkdaşı 30 avqust 2022-ci il tarixdə sözügedən ünvana gəlmişlər. İddiaçı1 və İddiaçı4 həmin polis əməkdaşı ilə birlikdə 37-ci Polis bölməsinə getmiş, İddiaçı3 həmin vaxt öz işi ilə əlaqədar evdə olmamışdır. İddiaçılardan evdə yalnız İddiaçı2 qalmışdır. Cavabdehlər İddiaçı2 yaşlı və xəstə olmasından istifadə edərək, onu döymüş, evdən güclə çıxararaq həyətə atmış, evin qapısını bağlayaraq onu evə buraxmamışlar. Bundan başqa cavabdehlər iddiaçıların əşyalarını da çölə atmışlar. İddiaçılar uzun müddət həmin evdə yaşamalarına baxmayaraq, cavabdehlər onları həmin evdən çıxarmışlar. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İddiaçı2 öz izahatında bildirdi ki, İddiaçı1 əsgərliyə gedib qayıtmış, sonra onlar evlənmişlər, əvvəl kirayədə, sonra öz evlərində, sonra yenidən kirayədə yaşamışlar. Sözügedən ünvana yalnızca qonaq qismində gedib gəlmişlər. 2020ci il ərəfəsində qardaşı Cavabdeh2 dəvəti ilə onun yaşadığı evə köçmüş və 2 ilə yaxın orada yaşamışlar. Daha sonra aralarında münasibət gərginləşdiyindən Cavabdeh2 onları evdən çıxarmışdır. Məhkəmə iclasında Cavabdeh2, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Cavabdeh2 izahatında bildirdi ki, ata anasının vəfatından sonra o, istinad olunan ünvanda yaşamış, 2020-ci ildə qardaşı xəstə olduğundan və həkimi də onun evinin yaxınında olduğundan qardaşını və ailəsini birlikdə yaşamağa dəvət etmiş, daha sonra evi satmaq istədiyindən onların evdən çıxmalarını istəmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 öz izahatında bildirdi ki, ev onların ata yurdu olmuşdr. Ata anası vəfat etdikdən sonra orada cavabdeh olan qardaşı yaşayıb təsərrüfat aparmışdır. 2020-ci ildə iddiaçı olan qardaşı xəstələndiyindən cavabdeh onu kirayə yaşadığı evdən çıxaraq onunla yaşamağa dəvət etmişdir. Cavabdeh2 bu müddət ərzində o evdə ailəsi ilə birlikdə yaşamışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində yerləşən 23 saylı fərdi yaşayış evi iddiaçı və cavabdehin atası Əziz Yarəhmədov tərəfindən tikilmişdir. O, 14 dekabr 1997-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Cavabdeh2 ailə üzvləri ilə birlikdə o evdə yaşamışdır. İddiaçı1 İddiaçı2 ilə ailə qurmuş və çıxıb başqa evə getmişdir. 1992-ci ildə İddiaçı1 həmin mənzildən qeydiyyatdan çıxmışdır. Daha sonra Cavabdeh2 öz qardaşına və onun ailəsinə həmin evdə yaşamağa razılıq vermiş, iddiaçılar İddiaçı1, onun arvadı İddiaçı2, uşaqları İddiaçı4 və İddiaçı3 2020-ci ildən etibarən 2 il müddətində həmin evdə yaşamışlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Köhnə Mənzil Məcəlləsi: (qüvvədən düşüb) 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi iddiaçı və cavabdehin atası tərəfindən tikilsə də, İddiaçı1 əsgərliyə getdikdən sonra həmin evdən çıxmış, ailə quraraq başqa evdə yaşamış, 2020-ci ilə qədər həmin evə qayıtmamışdır. Qanunvericiliyin tələbinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Məhkəmə qanunvericilik normasına əsasən belə hesab edir ki, İddiaçı1 həmin dövr üçün mənzildən istifadə hüququnu itirmişdir. Belə ki, İddiaçı1 digər iddiaçı Marina Alekseyevna ilə ailə qurduqdan sonra bir müddət kirayədə qalsa da, sonradan özünə ev almış və özünə məxsus yaşayış yeri olmuşdur. O, uzun müddət ailəsi ilə birlikdə özünə aid olan yaşayış yerində yaşamışdır. Məhkəmə 2020-ci ildən sonra İddiaçı1 digər iddiaçılar olan ailə üzvləri ilə birlikdə mübahisəli ünvana köçərək orada yaşamaları ilə bağlı hissəyə qiymət verərək belə hesab edir ki, məhkəmə iclasında hər iki tərəfin verdiyi izahatlardan göründüyü kimi, 2020-ci ildə İddiaçı1 xəstələnmiş, Cavabdeh2 qardaşını kirayə yaşadığı evdən çıxaraq onunla yaşamağa dəvət etmişdir. İddiaçılar İddiaçı1, onun arvadı İddiaçı2, uşaqları İddiaçı4 və İddiaçı3 2020-ci ildən etibarən 2 il müddətində həmin evdə yaşamışlar. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 ailəsi ilə birlikdə müvəqqəti olaraq qardaşı tərəfindən mübahisəli evə köçürülmüş və orada qısa müddət ərzində yaşamışdır. Cavabdehin onu daimi əsaslarla evə köçürməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçı və onun ailə üzvləri olan digər iddiaçılara müvəqqəti yaşamaları üçün icazə vermişdir. Odur ki, iddiaçıların fərdi yaşayış evinə istifadə hüquqları yaranmamışdır. Belə olan halda iddiaçılar istinad edilən ünvana köçürülə bilməz. Həmçinin məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində yerləşən 23 saylı fərdi yaşayış evi özbaşına tikilidir. Belə ki, evlə bağlı hər hansı hüquqi sənədləşmə mövcud deyildir. Ona görə də ev qanunsuz tikili olduğundan iddiaçıların evə dair hər hansı hüquqları yarana bilməz. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı - İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və iddiaçıların həmin evə köçürülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-695/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-695/2023
02.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver