Məhkəmə qərarları › İş №2(011)-6968/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6968/2023

08.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6968/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh, Xətai rayon Qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Səadət Sarayı (Bakı nikah evi) və AR Ədliyyə Nazirliyi X2 Reyestri Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (bundan sonra – üçüncü şəxs(lər)) qismində cəlb edilməklə) “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İş materialında olan Bakı şəhəri Səadət sarayı (Bakı nikah evi) tərəfindən verilmiş (“Azərbaycan SSR Bakı şəhəri Səadət sarayı” möhürü ilə təsdiq edilməklə) İV – ЖГ seriyalı, 498676 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə xx.xx.1966-cı il təvəllüdlü İddiaçı və xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh nikaha daxil olmaları, nikahın xx.xx.1993-cü il tarixdə akt qeydləri kitabında 25 nömrə ilə qeydiyyata alınması qeyd edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsindəki məlumatlardan isə müəyyən edilir ki, o, xx.xx.1966-cı il tarixdə Cəbrayıl rayonunun Dərzili kəndində, cavabdehin şəxsiyyət vəsiqəsindəki məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdə Fizuli rayonunda doğulmuşdur.

2. Səadət Sarayı (Bakı nikah evi) tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məlumatda isə tərəflərin xx.xx.2022-ci il tarixədək nikaha daxil olmaları barədə akt qeydlərinin aşkar edilməməsi qeyd edilmiş, AR ƏN X2 Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli məlumatında isə 25 nömrəli nikah haqqında akt qeydinin Səadət sarayı (Bakı nikah evi) tərəfindən xx.xx.1993-cü il tarixdə deyil, xx.xx.1993-cü il tarixdə başqa şəxsin adına tərtib edildiyi qeyd edilmişdir.

3. Səadət Sarayı (Bakı nikah evi) tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məlumata əsasən tərəflərin nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “X4” X1 sisteminə xx.xx.2022-ci il tarixədək daxil edilmiş bütün X4 üzrə yoxlama aparılmış və onlara aid nikah haqqında akt qeydi aşkar olunmamışdır.

4. Bundan başqa, iddiaçının, cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” xüsusi icraat qaydasında verdiyi ərizə Bakı şəhəri Xətai Rayon Məhəkəmsinin 2(011)-785/2022 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Məhkəmə ərizəni təmin etməməklə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər ki, hazırki mülki iş üzrə tərəflərə aid belə bir qeydin əvvəllər (habelə indi) mövcud olması iş materiallrı sübut olunmur, əksinə onlara məxsus olması iddia edilən 1993-cü ilin 25 saylı akt qeydi həmin ilin yanvar ayında başqa şəxslərin adına tərtib olunmuşdur.

5. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli xüsusi qərardadı əsasında xx.xx.2023-cü il tarixdə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AR CM-nin 320.1-ci maddəsi ilə fakta görə bağlanmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai RPİ-nin İŞ-nə göndərilmiş, araşdırma aparılaraq Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə AR CPM-nin 39.1.2 və 39.1.3-cü maddələrinə əsasən cinayət işi icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.1993-cü il tarixdə, 25 nömrə ilə qeyd edilməsinə dair İV JQ seriyalı 498676 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə saxtalaşdırılmış və hazırda qeyd edilən sənəd mpvcud deyil, mövcud olan sənədin isə heç bir hüquqi qüvvəsi yoxdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

6. İddiaçı cavabdehlə xx.xx.1993-cü il tarixdə 25 saylı nikah aktı qeydi ilə Səadət sarayı (Bakı nikah evi) tərəfindən bağlanmış nikahın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixində cavabdehlə Səadət Sarayında (Bakı Nikah evində) rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Cavabdehlə 25 ildən artıqdır ki, birgə təsərrüfat aparmışlar. Lakin sonradan aralarında bir sıra fikir ayrılıqları yaranmış, münasibətləri pozulmuşdur. Qarşılıqlı verdikləri qərar əsasında nikahın pozulması razılığına gəlmişlər. Lakin sənədləşmə işləri apararkən aşkar olmuşdur ki, ona təqdim edilmiş nikah haqqında şəhadətnamədə yanlışlığa yol verilmişdir. 25 nömrəli nikah haqqında akt qeydi Səadət sarayı tərəfindən xx.xx.1993-cü ildə deyil, xx.xx.1993-cü ildə başqa şəxslərin adına tərtib edilmişdir. Halbuki bütün sənədlərdə ailə vəziyyəti evli olaraq göstərilmişdir. Həmçinin bugünədək bu barədə hər hansı problemlə qarşılaşmamış, qeyd olunan şəhadətnamə ilə bir çox hüquqlarını həyata keçirmiş, birgə nikahdan dünyaya gələn övladılarına həmin şəhadətnamə əsasında doğum haqqında şəhadətnamə də verilmişdir. Mübahisəli məsələnin aydınlaşdırılması və həll edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Dövlət Reyestr Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Dövlət Reyestr Xidməti tərəfindən ona təqdim edilmiş, xx.xx.2022-ci il tarixli, 05/2-R-İ5 saylı məktuba əsasən, Ədliyyə Nazirliyinin “X4” X1 sisteminə daxil edilmiş məlumatlar üzrə axtarış aparılarkən cavabdehlə daxil olduğu nikah haqqında hər hansı məlumat aşkar olunmadığı qeyd olunmuşdur. Eyni zamanda təqdim etdiyi ərizənin icrasının qeydiyyat şöbəsində mümkün olmadığı bildirilərək ərizənin təmin olunmasından imtina olunmuş, nikah haqqında akt qeydinin bərpa edilməsinə dair ərizə ilə yaşadığı yer üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Öz hüquqlarını həyata keçirmək imkanları məhdudlaşdığından, hüquqlarının realizəsini bərpa etmək məqsədilə tərəfindən məhkəməyə müraciət olunmuşdur. Lakin Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-785/2023 saylı qətnaməsi ilə “nikahın qeyd edilmə faktının müəyyən edilməsi” tələbi təmin edilməmişdir. Bu da ona bir çox hüquqi proseduru həyata keçirməyə, sənədləşdirmə işləri aparılan zaman problem yaşaşamağına səbəb olur. Yeni nikaha daxil olmaq istəyir. Lakin nikahın mövcud olmamasına baxmayaraq, elektron sistemdə nikahda olmamasına dair qeyd silinmədiyindən o, yeni nikaha daxil ola bilmir. Xətai Rayon Məhkəməsinin məlumatı əsasında araşdırma aparılmış və Xətai Rayon Polis İdarəsinin 10 iyul 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan da göründüyü kimi ********* № cinayət işi üzrə törədilmiş əməldə Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinatət tərkib əlamətləri olmadığından başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Araşdırma zamanı müəyyən olunduğu kimi sözügedən sənədin saxta olub-olmaması barədə məlumatı olmamış, bu sənədin hazırlanmasında iştirak etməmişdir. Ümumiyyətlə sənəddə belə bir yanlışlığın olması ona və ailə üzvlərinə illər sonra, nikahın pozulması üçün sənədləşmə işləri apararkən aşkar olmuşdur. Hətta belə bir yanlışlığın aradan qaldırılması, hüquqlarının realizəsi üçün şəxsən məhkəməyə müraciət etmişdir. Cavabdehin valideynlərinin razılığı ilə 1995-ci ildə onunla ailə qurmuş, həmin vaxt cavabdehin 17 yaşı tamam olmamışdır. Həmin dövrün qanunvericiliyinin tələblərinə əsasən qadınlar üçün nikah yaşı 17 yaş müəyyən edilmişdir. Lakin cavabdehin həmin vaxt 17 yaşının tamam olmamasını bilməmiş, bu səbəbdən hazırki nikahın saxta olması ona məlum olmamışdır. Həmçinin indiyə kimi hər hansı bir problemlə qarşılaşmadığından bu nüansı mübahisələndirməmişlər.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə baxışı zamanı iddia tələbini tam qəbul edərək təmin edilməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi):

11. Maddə 15. Nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur.

12. Maddə 16. Nikah bağlamaq üçün nikahda olan tərəflərin qarşılıqlı razılığı olmalı və nikah yaşına çatmış olmalıdır.

13. Maddə 17. Nikahın bağlanmasına icazə verilmir: 13.1. Ən azı biri artıq başqa nikahda olan şəxslər arasında; 13.2. Birbaşa yüksələn və enən xətt üzrə qohumlar arasında, doğma və ögey qardaş və bacılar arasında, habelə övladlığa götürənlərlə övladlığa götürülmüş uşaqlar arasında; 13.3. Ən azı biri məhkəmə tərəfindən psixi xəstəliyə və ya əqli zəifliyə görə fəaliyyət qabiliyyəti olmayan elan edilmiş şəxslər arasında.

14. Maddə 48. Bu Məcəllənin 15-17-ci maddələri ilə müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandıqda (uydurma nikah) nikah etibarsız sayıla bilər.

15. Maddə 49. Nikah məhkəmə tərəfindən etibarsız hesab edilir.

16. Maddə 50. Nikah yaşı aşağı salınmamış yetkinlik yaşına çatmayan şəxslə bağlanmış nikah (bu Məcəllənin 15-ci maddəsi) nikah yaşına çatmamış nikah bağlamış ərarvadın maraqları tələb etdikdə etibarsız sayıla bilər. Yetkinlik yaşına çatmayan ər, onun valideynləri və ya qəyyum (qəyyum), habelə qəyyumluq və himayəçilik orqanları və ya prokuror bu əsasda nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Əgər işə baxılan zaman yetkinlik yaşına çatmayan ər-arvad yetkinlik yaşına çatmışdırsa, onda nikah yalnız onun xahişi ilə etibarsız sayıla bilər.

17. Maddə 51. Bu Məcəllənin 17-ci maddəsində göstərilən hallarda bağlanmış nikah etibarsız sayıla bilər. Əgər işə baxılan zaman nikahın bağlanmasına mane olan hallar aradan qalxarsa, məhkəmə bu hallar aradan qalxdığı andan nikahı etibarlı hesab etmək hüququna malikdir. Ər-arvad və bu nikah bağlanarkən hüquqları pozulmuş şəxslər, habelə qəyyumluq və himayəçilik orqanları və ya prokuror bu əsaslarla nikahın etibarsız hesab edilməsini tələb etmək hüququna malikdirlər. Ruhi xəstəlik və ya əqli zəiflik nəticəsində fəaliyyət qabiliyyəti olmayan elan edilmiş şəxslə bağlanmış nikahın etibarsız sayılması haqqında işə baxılarkən işə qəyyumluq və himayəçilik orqanı cəlb edilməlidir.

18. Maddə 52. Qadının məcburiyyət qarşısında bağladığı nikah zərər çəkmiş şəxsin və ya prokurorun ərizəsi ilə etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassızdır.

23. Ailə Məcəlləsinin yuxarıda sadalanan müddəalarında nikahın etibarsız sayılmasının əsasları müəyyən edilmişdir. Bu əsasları iki qrupda təsnifləşdirmək olar: birincisi, sonradan aradan qaldırılması mümkün olan etibarsızlıq şərtləri. Bunlara Ailə Məcəlləsində göstərilən yaş həddi ilə, nikaha girən tərəflərin yazılı razılığı və qadının məcburiyyət nəticəsində nikah bağlaması ilə bağlı olan şərtlər aiddir. Bu şərtləri ehtiva edən əsasların sonradan aradan qaldırılması ilə nikahın etibarlı sayılması mümkündür; ikincisi, nikahın etibarsızlığına səbəb olan mütləq şərtlərdir. Həmin şərtlərin mövcudluğu nikahın bağlanmasına mane olur, nikah bağlandığı halda isə istisnasız olaraq onun etibarsızlığına səbəb olur. Bunlara, Ailə Məcəlləsinin 17-ci maddəsində göstərilən əsaslar daxildir.

24. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.1993-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar və bu münasibətlərindən iki övladları doğulmuşdur. Lakin iddiaçı cavabdehlə ailə münasibətlərnə daxil olarkən nikaha daxil olmaq üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmamışdır. Belə ki, həm cavabdehin şəxsiyyət vəsiqəsində, həm də onun doğum haqqında akt qeydindən görünür ki, o, xx.xx.1979-cu il tarixdə Fizuli rayonunun Kosagözlü kəndində doğulmuşdur. Doğum haqqında akt qeydi məlumatında cavabdehin soyadı “Şirinova” qeyd edilmişdir. Eyni zamanda, xx.xx.1993-cü il tarixdə 25 nömrə ilə qeydə alınmaqla, Bakı şəhəri Səadət sarayı (Bakı nikah evi) tərəfindən verilmiş də cavabdehin doğum tarixi “xx.xx.1975-ci il”, yaşayış yeri Fizuli rayonunun Kosagözlü kəndi qeyd edilmişdir. Halbuki, iddiaçı ilə cavabdeh arasındakı nikahın rəsmi qaydada bağlanması məqsədilə xx.xx.1993cü il tarixdə İV –ЖГ seriyalı, 498676 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə verilərkən cavabdehin 14 yaşı olmuşdur.

25. Şərh edilənlərdən də, göründüyü kimi, xx.xx.1993-cü il tarixdə İV –ЖГ seriyalı, 498676 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə verilərkən cavabdeh nikaha daxil olmaq üçün qanunla müəyyən edilmiş yaş həddinə, yəni 17 yaşına çatmamışdır. Bu hal tərəflər arasında qeydə alımış nikahın etibarsız hesab oluması üçün qanunda birbaşa göstərilmiş əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

26. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhəkəmsinin 2(011)-785/2022 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə məhkəmə bu nəticəyə gəlmişdir ki, mülki iş üzrə tərəflərə aid nikah qeydinin əvvəllər (habelə indi) mövcud olması iş materialları sübut olunmur, əksinə onlara məxsus olması iddia edilən 1993-cü ilin 25 saylı akt qeydi həmin ilin yanvar ayında başqa şəxslərin adına tərtib olunmuşdur. Eləcə də, Bakı şəhəri Xətai RPİ-nin İŞ xx.xx.2023-cü il tarixli qərarında iddiaçı ilə cavabdeh arasında xx.xx.1993-cü il tarixdə, 25 nömrə ilə qeyd edilməsinə dair İV JQ seriyalı, 498676 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin saxtalaşdırılması və hazırda həmin sənədin mövcud olmaması barədə nəticəyə gəlmişdir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1993-cü il tarixdə 25 saylı nikah aktı qeydi ilə Səadət sarayı (Bakı nikah evi) tərəfindən (İV –ЖГ seriyalı, 498676 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə əsasında) bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar