Məhkəmə qərarları › İş №2(011)-6999/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6999/2024

14.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6999/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehin üzərinə Cavabdeh MMC -nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əsassız əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də “mühasib” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə kimi məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilən 61 manat və əlavə məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul edilib. İşəgötürən Əmək Məcəlləsinin əmək müqaviləsinin bağlanması ilə bağlı normalarını pozaraq iddiaçının iştirakı və məlumatı olmadan birtərəfli qaydada xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlamış, beləliklə müqavilə şərtləri ilə tanış edilmədən sınaq müddəti ilə işə qəbul edilmişdir. Lakin işəgötürən qanun pozuntusuna yol verərək 3 ay qüsursuz işlədikdən sonra iddiaçının əmək qabilliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xəbərdarlığını ve xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi əmək qabilliyyətinin müvəqqəti itirlməsi ilə bağlı xx.xx.2024 (03-06) tarixli SN **********81 saylı xəstəlik vərəqəsini nəzərə almadan, üstəlik onun əmək qabilliyyətini müvəqqəti itirdiyi dövrdə - xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə (sınaq müddəti ərzində İşçi özünü doğrultmadıqda) əsasən əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi əmri Əmək Məcəlləsinin tələbinə əsasən əsaslandırılmayıb və işdən azad olunmağı barədə iddiaçının məlumatı olmayıb. Bu barədə əmək haqqı kartına oturan pul barədə soruşduqdan sonra məlumatı olub və müvafiq qanun pozuntusu ilə bağlı darhal cavabdeh qurumun rəhbəriliyinə etirazını bildirmiş, AR ƏƏSMN yanında X4 Xidmətinə müraciət edib. İşdən çıxarılma əmrinin nüsxəsi də iddiaçıya təqdim olunmamışdır. Xidmətin Bakı şəhər İdarəsinin ona ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma nəticəsində “İkma Services" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məktubda bildirilmişdir ki, X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-Z- 29048/7/2024 nömrəli göstəriş məktubu ilə “İkma Services" MMC-nin rəhbərliyinə 30 (otuz) gün müddətində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 29/24 nömrəli əmrin ləğv edərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını təmin edib, nəticəsi barədə Xidmətin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Lakin müvafiq hüquq pozuntusu hələ də aradan qaldırılmamış və iddiaçı işə bərpa olunmayıb. İddiaçının işlədiyi dövrdə işinə məsuliyyətlə yanaşdığı üçün ona dəfələrlə işəgötürən tərəfindən çox yaxşı və bilkili işçi olduğu bildirilib. Həmçinin işdə hər hansı nöqsana və qanun pozuntusuna görə heç vaxt xəbərdar edilməyib. İddiaçının vəzifəsi mühasib olsa da, Elektron ünvan e-mail ünvanı ilə yazışmalara əsasən, ona əlavə işlərin icrası da tapşırılıb. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş yeri əlavə iş yeri olmuşdur. Əmək müqaviləsinin müddətli olaraq, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2025-ci il müəyyən edilmişdir. Bu barədə “Əmək müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişi” xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə yerləşdirilmiş. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli xəbərdalıq ünvanlanmışdır. Xəbərdarlıqda İddiaçı 3 aylıq sınaq müddəti ərzində özünü mühasib kimi doğrultmadığına görə onunla xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində xitam verilməsinin qərara alındığı qeyd edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmrinə əsasən müəssisənin mühasib vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrutlmadığı üçün xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bununla bağlı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişi” xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində yerləşdirilmişdir. Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli ******* №-li əmək qabiliyyətinin olmaması vərəqəsindən məlum olur ki, İddiaçı Hipertoniya xəstəliyi diaqnozu qoylmuşdur. Barəsində yataq rejimi müəyyənləşdirilmişdir. 03 aprel 2024-cü il tarixindən 05 aprel 2024-cü il tarixədək və 06 aprel 2024-cü il tarixindən sonra bir gün müddətinə işdən azad edilmişdir. 07 aprel 2024-cü il tarixində yenidən işə başlamalı olması nəzərdə tutulmuşdur. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli “X3 sonra prosesin davam etdirə bilməməsi barədə Arayış”dan görünür ki, mediasiya prosessində hər iki tərəf iştirak etsə də, 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İŞ Mərkəzinin xx.xx.2024-cü il tarixli vəkil Kamilə Raxtariya ünvanlanmış məktubundan məlum olur ki, İddiaçı ilə DOST İş Mərkəzi arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılaraq, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş və onunla bağlanmış əmək müqaviləsi hal-hazırda güvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olması tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, iki aya qədər müddətə təşkil olunur. İcraçı qurum tərəfindən təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəllərinə əsasən X1 hər gün üçün 8 saat olmaqla sorğunuzda qeyd edilmiş iş yeri üzrə əmək haqqı hesablanmış və onun bank hesabına köçürülmüşdür. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 51. Sınaq müddəti

1. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.

2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Maddə 53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası

1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a... d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

“Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmk müqaviləsinə Azərbaycan Respublikası 79-cu maddəsinin tələbləri pozularaq işçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirdiyinə baxmayaraq xx.xx.2024-cü il tarixndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verildiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi İddiaçı ilə əmək münasibətlərinə xitam verdiyinə görə, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmri qanunsuz olmuşdur. Odur ki, iddia qismən təmin edilərək Cavabdeh MMC nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də “mühasib” vəzifəsinə bərpa edilməli və xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə kimi məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı deyil, aylıq əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının xəstəlik vərəqəsində qeyd edilmiş müddət üçün əsas iş yerində 8 saatlıq iş günlərinə görə əmək haqqı hesablanaraq ödənildiyi ilə bağlı dəlilə qiymət verərək qeyd edir ki, “DOST” İş Mərkəzi tərəfindən təqdim edilmiş məlumatlar işçiyə xəstəlik vərəqəsində qeyd edilən dövr üçün əmək haqqının ödənilməsini göstərir, işçinin, həqiqətdə xəstə olmaması və xəstəlik vərəqəsində qeyd edilənlərin həqiqəti əks etdirməməsi ilə bağlı nəticəyə gəlmək üçün əsas vermir. Məhkəmə iddiaya 61 manat məbləğində mediasiya xərcinin ödənilməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat, kargüzarlıq xərclərinin əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti tərəflər arasında bərabər bölünməklə 25 manat və 5 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia əlavə məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qeyri-müəyyən olduğuna görə iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsasslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Əmək Müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də “mühasib” vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən İddiaçı işə bərpa olunduğu günə kimi məcburi işburaxma müddəti üçün aylıq əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 25 manat, kargüzarlı xərcinin əvəzi olaraq 5 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar