Məhkəmə qərarları › İş №2(011)-7/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7/2021 25.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehdən müqavilə əsasında payçı kimi daxil olduğu Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 2942A saylı məhəllədə “X7” MMC tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsinin 39 saylı mənzilindən əsassız istifadəyə görə yaşadığı hər ay üçün 400 yüz manat olmaqla 14.07.2016-cı il tarixdən 14.01.2018-ci il tarixədək 18 ay üçün cəmi 7200 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, oğlu X3 ilə Cavabdeh 02.10.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14.07.2016-cı il tarixli, 2(011)307/2016 saylı qətnaməsi ilə həmin nikah pozulmuşdur. Cavabdeh nikah pozulana qədər və həmin dövrdən hal-hazıra kimi müqavilə əsasında payçı kimi daxil olduğu Bakı şəhər, Xətai rayonu, Sadıqcan küçəsi, 2942A saylı məhəllədə “X7” MMC tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsinin 39 saylı mənzilindən əsassız istifadə etməklə həmin ünvanda yaşayır və bu günə kimi mənzilə olan hüququnu pozmaqla mənzildən əsasız istifadə edir. Beləliklə də öxünə məxsus olan mənzil sahəsindən faktiki istifadə etmək imkanından məhrum olmuşdur. Cavabdehin həmin mənzildən məcburi çıxarılması üçün verdiyi iddia əsasında hal-hazırda da məhkəmə çəkişməsi üzrə mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavilə əsasında payçı kimi daxil olduğu Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 2942A saylı məhəllədə “X7” MMC tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsinin 39 saylı mənzilindən əsassız istifadəyə görə yaşadığı hər ay üçün 400 yüz manat olmaqla 14.07.2016-cı il tarixdən 2021-ci ilin iyun ayı da daxil olmaqla cəmi 24400 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərdi ki, tərəflər arasında hər hansı bir kirayə müqaviləsi yoxdur. Ümumiyyətlə, qızı olan cavabdeh 8 ildir ki, mübahisəli mənzildə yaşamır. Həm də, pulu ödənildikdən sonra mənzil boşaldılacaqdır. Odur ki, iddianın əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2(102)-1343/2021 saylı qərarının surətindən görünür ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus və Bakı şəhəri, Sadıqcan küçəsi, 2942 “A” məhəlləsində yeni inşa edilmiş yaşayış binasında yerləşən 3 otaqlı 39 nömrəli mənzildən cavabdehin, azyaşlı uşağı və əşyaları ilə birlikdə məcburi çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin təmirinə, yenidən qurulmasına, mebellərə və məişət əşyalarına görə xərclənmiş 100.000 ABŞ dollarının İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(011)-1035/2017 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçıdan 48.600 manat pulun tutularaq cavabdehə ödənilməsi, cavabdehin azyaşlı uşağı 04.09.2010-cu il təvəllüdlü X6 və əşyaları ilə birlikdə mənzildən məcburi çıxarılması və iddiaçının mənzilə köçürülməsi və iddiaçıdan 48.600 manat pulun tutularaq cavabdehə ödənilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01.06.2017-ci il tarixli, 2(103)- 5045/2017 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamənin qarşılıqlı iddianın təmin edilən iddiaçıdan 48.600 manat pulun tutularaq cavabdehə ödənilməsi hissəsində və eyni zamanda, cavabdehin azyaşlı uşağı və əşyaları ilə birlikdə mənzildən məcburi çıxarılması və iddiaçının mənzilə köçürülməsi və iddiaçıdan 48.600 manat pulun tutularaq cavabdehə ödənilməsinin eyni vaxtda icra edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 5000 manatın tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.11.2017-ci il tarixli, 2(102)-7458/2017 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.06.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.02.2018-ci il tarixli, 2(103)- 895/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddia üzrə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, iddiaçıdan 24.300 manat pulun tutularaq cavabdehə ödənilməsi, birinci instansiya məhkəməsi qətnaməsinin “cavabdehin azyaşlı uşağı və əşyaları ilə birlikdə mübahisəli mənzildən məcburi çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə” hissəsinin və “iddiaçıdan təmir xərcinin əvəzinin tutularaq cavabdehə ödənilməsi barədə” hissəsinin eyni vaxtda icra edilməsi hissələrində ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2(102)-5082/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.02.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-853/2019 nömrəli, 09.04.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1035/2017 saylı iş üzrə 23.02.2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə tutulmalı olan pul məbləğinə aid hissədə dəyişdirilmiş, İddiaçı 19700 manat pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qətnamə Cavabdeh azyaşlı uşağı 04.09.2010-cu il təvəllüdlü X11 .qızı və əşyaları ilə birlikdə mənzildən məcburi çıxarılması və İddiaçı mənzilə köçürülməsi və İddiaçı pulun tutularaq Cavabdeh ödənilməsinin eyni vaxtda icra edilməsi hissələrində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2(102)-1343/2021 saylı qərarı ilə İddiaçı Bakı Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-853/2019 nömrəli 09.04. 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə işin faktiki halarına əsasən ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzildən cavabdehin, azyaşlı uşağı və əşyaları ilə birlikdə məcburi çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə və Cavabdeh mübahisəli mənzilin təmirinə, yenidən qurulmasına, mebellərə və məişət əşyalarına görə xərclənmiş 100.000 ABŞ dollarının İddiaçı alınıb ona verilməsi barədə ilkin və qarşılıqlı iddiaları üzrə məhkəmə işinin 2016-cı ildə başlamaqla, 2021-ci ilin aprel ayında yekunlaşmasını, iş üzrə qəbul olunmuş məhkəmə aktlarının da həmin tarixdən qanuni qüvvəsini almasını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı ona məxsus mənzildən əsassız istifadə etdiyinə görə pul tələbi ilə məhkəmədə iddi qaldırmaq hüququ yaranmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddiaçı Cavabdeh müqavilə əsasında payçı kimi daxil olduğu Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 2942A saylı məhəllədə “X7” MMC tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsinin 39 saylı mənzilindən əsassız istifadəyə görə yaşadığı hər ay üçün 400 yüz manat olmaqla 14.07.2016-cı il tarixdən 2021-ci ilin iyun ayı da daxil olmaqla cəmi 24400 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar