Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7002/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli 90 nömrəli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində əvvəlki vəzifəsi üzrə işə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində 2017-ci ilin yay aylarında iki ay stajor olaraq fəaliyyət göstərdikdən sonra, 2017-ci ilin 31 avqustundan etibarən mülki hüquqi müqavilə - xidmət müqaviləsi əsasında məktəblinin dostu vəzifəsində işləmişdir. 7 illik çalışma müddətindən sonra onunla cavabdeh təşkilat arasında xx.xx.2024-cü ildə əmək müqaviləsi bağlanmış və o, eyni işi və eyni vəzifəni bu dəfə əmək müqaviləsi əsasında görməyə başlamışdır. Bildirir ki, məktəblinin dostu layihəsi məhz məktəb, valideyn və şagirdlər arasındakı münasibətləri tənzimləyir. O, bu çərçivədə 7 ildən artıq fəaliyyət dövründə valideynlərlə görüşlər, fokus qruplar təşkil etmiş, silsilə tədbirlərdə iştirak etmiş, bir sözlə şagird və pedoqoji kollektivin daha təhlükəsiz mühitdə təhsil alma və təhsil verməsinə dəstək vermişdir. Müxtəlif tədbir və təlimlərin təşkilatçısı olmuş, xüsusilə bir neçə məktəbdə “Valideyndən öyrənək” təlimləri həyata keçirmişdir. İdman, bilik, qiraət yarışlarının təşkilində aktiv iştirak etmişdir. Müəllimlərin işə qəbulu, sertifikatlaşdırma, eləcə də təhsil verənlərin vakansiya prosesinə qeydiyyatçı, baxçalar Elm və Təhsil Nazirliyinin tərkibinə keçirildikdən sonra isə ilkin yaradılan monitorinq qrupuna cəlb olunmuşdur. 7 illik fəaliyyəti dövründə işini məsuliyyətlə görmüşdür. Bunun əyani sübutudur ki, mülki müqaviləsi müddət bitdikdən sonra hər dəfə yenilənmiş və o, fəaliyyətini davam etdirmişdir. Bildirir ki, Gündüz Tapdıqovun layihə rəhbərliyinə gəldikdən sonra təqiblərə məruz qalmışdır. Bu və ya digər şəkildə onu işdən soyutmaq üçün yaşadığı evindən məsafəcə çox uzaq məktəblərə yazılmış, rəhbərlik tərəfindən 5-7 il fəaliyyət göstərdiyi layihədə hansı səbəbdən, xüsusən də əmək müqaviləsinə keçirildikdən sonra məhz müqavilə müddətinə bitmə əsası ilə onunla əmək münasibətlərinə xitam verilməsi tərəfindən anlaşıqlı deyildir və tamamilə hüquqlarının pozulması kimi qəbul edir. Belə ki, cavabdeh təşkilat onunla əmək müqaviləsini güya Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinadla bağlamışdır. Hansı ki, bu “f” bəndi o “f” bəndidir ki, qarşılıqlı razılıq tələb edir. Lakin hazırkı halda aralarında qarşılıqlı razılıqdan söz gedə bilməz. Müqavilənin müddətli bağlanmasında ifadə olunan tək razılıq işəgötürənin razılığı olmuşdur. Bildirir ki, onunla əmək müqaviləsinə müddət bitdikdən sonra uzadılmama səbəbi qismində Gəncədə fəaliyyəti zamanı Gəncə şəhər 1 nömrəli məktəbin direktor müavini Leyla Camalzadənin bədii ədəbiyyat nümunələrinə maraq salması və boş vaxtlarında səsləndirmə edən biri olaraq tərəfindən səsləndirilməsi olmuşdur. Belə ki, həmin yazıları səsləndirdikdən sonra ona rəhbərlikdən bildirilmişdir ki, həmin şəxslə əlaqə qurmasın. Lakin tərəfindən edilmiş hərəkətlərin heç biri nə qanundan, nə də etikadan kənar olduğundan şəxsi həyatına müdaxilə kimi qiymət verərək rəhbərliyə bunu bildirmişdir. Hətta direktor müavini ilə danışdıqda da Leyla xanım ondan heç bir şikayəti olmadığını, rəhbərliyə barəsində heç bir söz demədiyini, əksinə, tərif etdiyini bildirmişdir. Lakin layihə rəhbəri, Gündüz Tapdıqov yazıları səsləndirdiyi və bu məsələni də müəllimlə dəqiqləşdirdiyi üçün ayrıca iki izahat yazmağını tələb etmişdir. Lakin ortada heç bir qeyri-qanuni hərəkət olmadığından o, izahat yazmaqdan imtina etmişdir. Bu barədə Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin rəhbərinə, MÜTDAnın direktoruna şikayət məktubu ünvanlamışdır. Ən son xx.xx.2024-cü il tarixində MÜTDAnın direktoru Eşqi Bağırovun qəbulunda şifahi olaraq şikayətini bildirdikdən sonra, ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi deyilmişdir. Göründüyü kimi, Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam vermələrinə heç bir əsas olmadığından onu 47-ci maddənin “f” bəndinə istinadən uzaqlaşdırmağa qərar verilmişdir. Belə ki, cavabdeh təşkilat ona xx.xx.2024-cü il tarixli bildiriş ünvanlayaraq xx.xx.2024-cü ildə əmək müqaviləsinin müddəti bitdiyinə görə müqaviləsinə xitam veriləcəyini qeyd etmişdir. Bildirir ki, cavabdeh təşkilat işdən azad edildiyi gün və uzunca bir müddət əmək kitabçasını təhvil verməmişdir. Ən son o, 2024-cü ilin iyun ayında cavabdehə əmək kitabçasının ona verilməsi ilə əlaqədar məktub ünvanlamışdır. Daha sonra cavabdeh təşkilatın onun ünvanına daxil olan məktub əsasında xx.xx.2024-cü il tarixdə əmək kitabçasını götürərək (cavabdehin qeydlər kitabında təhvil aldığı tarix qeyd edilməklə imza atmış) xx.xx.2024-cü ildə Bakı 20 saylı Mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası baş tutmuş, lakin aralarında razılığa gəlinməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. Həmçinin bildirir ki, cavabdeh təşkilat bu günə qədər ona işdən azad edilməsi barədə əmri təqdim etməmişdir. Əmrin tarixi və nömrəsini əmək kitabçasında işdən azad edilmə barədə qeyd qrafasından öyrənmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış müqavilə xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixədək xidməti müqavilə olmuş, xx.xx.2024-cü ildə isə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Həm xidməti müqavilə, həm də əmək müqaviləsi müddətli olaraq bağlanmışdır. Onun işdən çıxarılması və müqaviləsinin müddətinin uzadılmaması qərəzli şəkildə olmuşdur. Müqaviləyə xitam verilməzdən əvvəl ona bu barədə bildiriş verilmişdir. xx.xx.2024-cü il tarixdən sonra əmək münasibətləri davam etməmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, tərəflər arasında xidmət müqavilənin bağlanılması onun razılığı ilə olmuşdur. Hazıki tələbi müqaviləsinin bitməsindən sonra onunla müqavilənin müddətinin uzadılmaması ilə bağlıdır. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçının işdən azad olunması qanunun tələbinə uyğun həyata keçirilmişdir. Belə ki, onunla xx.xx.2024-cü ildə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Daha sonra tərəflər müqavilənin müddətini xx.xx.2024-cü il tarixədək uzatmışlar. İddiaçıya müqaviləyə xitamla bağlı bildiriş verilmişdir və xx.xx.2024-cü il tarixdə müqavilə xətm edilmişdir. Müqavilənin müddətli olması iddiaçıya əvvəlcədən bəlli idi. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən Təhsil Texnologiyaları Mərkəzinin layihələrin idarə olunması şöbəsinin məktəblərlə iş şöbəsinə “mütəxəssis-məktəblinin dostu” vəzifəsinə təyin olunmuş, xx.xx.2024-cü il tarixdə 90 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. İş materiallarında olan sifarişçi Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi ilə icraçı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli xidmət müqavilələrindən görünür ki, icraçı ümumtəhsil məktəblərində “məktəblinin dostu” fəaliyyəti çərçivəsində müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaradılması və s. kimi xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi “mütəxəssis-məktəblinin dostu” vəzifəsinə işə qəbul edilmiş və müqavilə müddətli olmaqla, xx.xx.2024-cü il tarixədək bağlanmışdır. Həmçinin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin müddəti bitdikdən sonra 1 həftə ərzində tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi üçün qarşı tərəfə müraciət etmədiyi halda, müqavilənin müddəti 3 ay müddətinə uzadılır. xx.xx.2024-cü il tarixli əlavə razılaşmaya əsasən əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin xx.xx.2024-cü il tarixli M-05 nömrəli İddiaçı ünvanlanmış “müddətli əmək müqaviləsinə xitam verilməsinə dair” Bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi arasında xx.xx.2019-xx.xx.2023-cü il tarixini əhatə edən dövr ərzində xidmət müqaviləsinə əsasən münasibətlər mövcud olmuşdur. Daha sonra tərəflər arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış əmək müqaviləsinə əsasən, müqavilə birinci dəfə üçün xx.xx.2024-cü il tarixədək bağlanmışdır. Sözügedən əmək müqaviləsində nəzərdə tutulmuşdur ki, müqavilənin müddəti bitdikdən sonra 1 həftə ərzində tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi üçün qarşı tərəfə müraciət etmədiyi halda, müqavilənin müddəti 3 ay müddətinə uzadılacaqdır. xx.xx.2024-cü il tarixli əlavə razılaşmaya əsasən əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İşəgötürən xx.xx.2024-cü il tarixli bildiriş əsasında işçini əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam veriləcəyi barədə məlumatlandırılmışdır. İşəgötürənin 90 nömrəli xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İddiaçı hazırda əmək müqaviləsinə müddətinin qurtarması əsası ilə xitam verilməsinin əsassız olduğunu bildirərək, əmrin ləğv edilməsini, onun işə bərpa edilməsini və buraxılmış müddət üçün ona əmək haqqının ödənilməsini xahiş etmişdir. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsi müddətli əmək müqavilə olmuş, xx.xx.2024-cü il tarixdə bağlanmış və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam edilmişdir. Məhkəmə araşdırılması zamanı, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin hər hansı qanun pozuntusu ilə baş verməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi qanunvericiliyin tələbləri qaydasında həyata keçirildiyindən və onunla əmək müqaviləsinin uzadılmasının məcburiliyi barədə şərt qanunvericilikdə nəzərdə tutulmadığından, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) işdən azad edilmə barədə xx.xx.2024-cü il tarixli 90 nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində əvvəlki vəzifə üzrə işə bərpa edilmə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-7002/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7002/2024
15.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver