Məhkəmə qərarları › İş №2(011)-7021/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7021/2023

07.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7021/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı “qonşu mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı Ağdam rayonundan məcburi köçkündür. İddiaçı ünvan 1 ünvanında yerləşən özbaşına fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Özbaşına tikilmiş həmin evin nə iddiaçının, nə də orada yaşayan ailə üzvlərinin mülkiyyətində olmasına dair hansı rəsmi sənəd mövcud deyil. İddiaçının da yaşadığı özbaşına tikiliyə dair yalnız 66 saylı MKİS tərəfindən yalnız iddiaçının oğlu X2 adına sxem tərtib edilərək verilmişdir. 66 saylı MKİS tərəfindən verilən həmin sxemdə ünvan 1 ünvanında tikilən özbaşına fərdi yaşayış evində X4 ilə bərabər iddiaçı və X1 yaşayır.

2. Cavabdeh iddiaçının övladıdır, 66 saylı MKİS tərəfindən ünvan 2 ünvanında yerləşən özbaşına fərdi yaşayış evinə dair sxem tərtib edilərək verilmişdir. 66 saylı MKİS tərəfindən verilən sxemə əsasən ünvan 2 ünvanında yerləşən özbaşına fərdi yaşayış evində yaşayan tək X3r.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı cavabdehin həyət qapısı ayrı olan qonşu mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi 70A saylı mənzil onun sahibliyindədir və orada öz ailə üzvləriylə birlikdə yaşayır. Onun mənzilində hal-hazırda cavabdeh də yaşayır. Cavabdeh ona məxsus mənzildə yaşamasına baxmayaraq ona fiziki güc tətbiq edir, onu nalayiq söyüşlərlə təhqir edir və onun mənzilinin şüşələrini dəfələrlə sındırmaqla böyük narahatçılıq yaradır. Cavabdeh iki dəfə ərə gedib boşanıb. Onlara rahat yaşamağa imkan vermir. Bu da onların psixoloji və maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Bu barədə o müxtəlif orqanlara müraciət etsə də, bunun məhkəməyə aid olduğu bildirilmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

9. Maddə 26.İİ Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

10. Maddə 60 İ Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

16. Məhkəmə qeyd edir ki, ilk öncə iddiaçının hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi iş üçün əhəmiyyətlidir.

17. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin də, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

19. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.

20. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür və şəxsiyyət vəsiqəsində onun yaşayış yeri Ağdam rayonu, Salahlı kəndi qeyd edilmişdir. İddiaçıya məxsus məcburi köçkün vəsiqəsinin sürətindən isə görünür ki, o, məcburi köçkündür. ünvan 1 ünvanında yerləşən özbaşına fərdi yaşayış evində isə iddiaçının nə qanunla müəyyən edilmiş hər hansı əsasla yaşaması, nə də həmin fərdi yaşayış evinin onun istifadəsinə, yaxud sahibliyinə verilməsi üçün qanuni əsaslar iş materiallarında mövcud deyil.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar