Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7064/2025 16.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsi etibarsız olmaqla ona xitam verilmiş hesab edilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin etibarsız olmaqla, xitam verilmiş hesab edilməsi; əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X3 həvalə edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının heç bir məlumatı olmadan güya onunla "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmış, güya iddiaçı bu müəsissəyə işçi kimi təyin olunmuşdur. İddiaçının qeyd olunan "xxxx" MMC ilə bir gün belə olsun əmək fəaliyyəti olmamış, ümumiyyətlə, müəsissənin harada yerləşməsi hansı fəaliyyət ilə məşğul olması barədə məlumatı yoxdur. Hazırda digər bir yerə işə düzəlmək istəyərkən digər işəgötürən, iddiaçı ilə əmək müqaviləsi bağlamaqdan imtina etmişdir və əmək hüquqları kobud formada pozulmuşdur. Bundan sonra iddiaçı tərəfindən işgötürənin bu qanunsuz hərəkətləri barədə dövlət vergi xidmətinə habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 şikayət edilsə də, aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin müraciət etdiyi qurumun səlahiyyətinə aid olmadığını bilmiş və iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, heç vaxt "xxxx" MMC-nə işə düzəlməyib və həmin şirkətlə heç bir əlaqəsi yoxdur. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə ona məhkəmə bildirişi göndərilmiş, lakin qurumun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) X1 bildirmişdir ki, qızı xərçəng xəstəsi olduğundan ona köməklik etmək üçün öz adına formal olaraq Cavabdeh qeydiyyatdan keçirib. Ona aylıq 1.000 manat veriləkdi. O, şirkətdə işləməyib. O, öz adına “ASAN” imzalı nömrə alıb şirkətin əsl sahibinə verib. O, şirkətdə işləmədiyindən iddiaçının müqaviləsinə xitam verə bilmir. Sual-cavab zamanı B.Bayramov şirkətin faktiki idarə olunması barədə məlumatlar verməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 3-17-5/2- B-7999/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-5/1-B-4128/2025 nömrəli müraciətə dair məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2025- ci il tarixli, MŞB/20/2025-00599 saylı “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan 18 noyabr 2025-ci il tarixli, 3-17-5/2-106477/2025 saylı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixində müddətsiz əmək müqaviləsi bağlanmışdır. CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı Cavabdehndə aylıq əmək haqqı 150 manat təşkil etməklə “bağban” vəzifəsində işləyir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları bunlardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında bağban vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən əmək müqaviləsinin) etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsi və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Tərəflər arasında əmək münasibətlərinin yaranmasına dair tərəflərin qarşılıqlı iradənin ifadə olunması və onun bildirilməsinin vahidliyi iş materialları ilə müəyyən edilmir. İşin mübahisısiz halıdır ki, iddiaçı ilə cavabdeh təşkilatın qanuni təmsilçisi arasında əmək müqaviləsi bağlanılmamışdır. Cavabdeh təşkilatın qanuni təmsilçisi B.Bayramov formal rəhbər kimi qeydə alındığını, şirkətin təsərrüfat işləri ilə əlaqəsi olmadığını bildirmişdir. Belə olduğu halda, iddiaçının dəlilləri sübuta yetirilmiş hesab edilməli, bağlanılmış əmək müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə iddiaçı ilə inzibati orqan (X5 Xidməti) arasında yaranmış inzibati mübahisə olmadığından, əmək müqaviləsi bildirişinin elektron sistemdə qeydiyyatı ilə bağlı X2 üzərinə öhdəliyin qoyulması barədə iddia tələbi təmin edilə bilməz. Lakin sözügedən müqavilə etibarsız hesab edildiyindən, qətnamənin icrası zamanı çətinliklərin qarşısının alınması məqsədilə hazırki qətnamə “əmək müqavilələri bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə müvafiq qeydiyyatın aparılması üçün əsas hesab edilməlidir. Sözügedən əmək müqaviləsi etibarsız olduğundan, onun xitam verilmiş hesab edilməsi barədə tələblər təmin edilə bilməz. Belə ki, etibarsız müqavilə hüquqi nəticələr yaratmadığından, əqd üzrə hüquq və vəzifələrin xətmi aparıla bilməz. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi əsasları hazırda mövcud olmadığından və müqavilənin etibarsızlığına dair iddia tələbləri əsaslı olduğundan, müqavilənin xətmi ilə bağlı olan hissədə iddia təmin edilməməlidir. Belə ki, sözügedən əmək müqaviləsi etibarsız hesab edildiyindən - olmayan bir müqavilənin xitamından söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Hazırki qətnamə əmək müqaviləsinin qüvvədən düşməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edilsin. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-7064/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7064/2025
16.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver