Məhkəmə qərarları › İş №2(011)-707/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-707/2022

10.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-707/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Kasimova İradə Əzizağa qızının, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Kasimova İradə Əzizağa qızına qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Kasimova İradə Əzizağa qızına qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehdən onun xeyrinə 55.000 manat məbləğində pulun kompensasiya kimi tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdehlə aralarında 1/2 nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzil X6 ilə cavabdehin birgə nikahda olduqları dövrdə əldə edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli, 2(011)-2287/2019 saylı qətnaməsi ilə X4 iddiası təmin edilərək, qeyd olunan mənzilin üzərində 1/2 hissədə X4, 1/2 hissədə isə cavabdehin paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.06.2019-cu il tarixli 2(103)-6155/2019 saylı qətnaməsi ilən Kasimova İradə Əzizağa qızının apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli 2(103)-6155/2019 saylı qərardadı ilə məhkəmənin qətnaməsindən cavabdeh Kasimova İradə Əzizağa qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(102)- 1457/2021 saylı qərarı ilə cavabdeh Kasimova İradə Əzizağa qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.09.2021-ci il tarixli 2(102)- 4140/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14.06.2019-cu il tarixli 2(103)- 6155/2019 saylı qətnaməsi qismən, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin üzərində 1/2 hissədə X4 və 1/2 hissədə cavabdeh Kasimova İradə Əzizağa qızının paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və yeni baxışa göndərilmişdir. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin 14.06.2019-cu il tarixli 2(103)-6155/2019 saylı qətnaməsi Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzilin bölünməsi hissəsində qanuni qüvvəyə minmişdir. X6 mənzildəki payını satmaq istəmiş, ilkin olaraq payı almağı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218-ci maddəsinə müvafiq olaraq cavabdehə təklif etmiş və bununla bağlı ona 23.07.2021-ci il tarixdə bildiriş göndərmişdir. Cavabdeh həmin bildirişi 24.07.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və bildirişə yazılı etiraz göndərmişdir. Cavabdeh etirazında bildirmişdir ki, “həmin mənzil ona məxsus Bakı şəhəri, ünvan 2 ünvandakı 5 otaqlı 25-ci mənzilin satılması və pulunun aralarında bölünməsi nəticəsində ona çatan vəsait hesabına alınmışdır. Yəni 5 otaqlı mənzili satıb pulu bölmüşlər. İddiaçı özünə çatan hissəni götürmüş, ona çatan hissə hesabına isə o, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzili almışdır. Mübahisəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı bu mənzilin alqı-satqısında satıcının nümayəndəsi, o isə alıcısı olmuşdur. Əgər bu mənzil birgə mülkiyyət kimi, yəni ümıınıi qazancları hesabına alınırdısa, iddiaçının satıcının nümayəndəsi kimi ona verilən etibarnamə əsasında öz mənafeyinə uyğun müqavilə bağlanması qanunsuz idi. Qeyd olunanlarla bağlı hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığından iddiaçının göstərilənlərlə bağlı müraciət etməsi əsassızdır. O. qeyd olunan müraciətlə razılaşmır və mənzilin satılmasına razı deyil.” X6 bundan sonra mübahisəli mənzildəki payını Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş AN-1 ******* saylı 19.10.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 40.000 manata ona satmışdır. 22.10.2021-ci il tarixdə isə mənzilin 1/2 hissəsinə dair adına çıxarış verilmişdir. Mülkiyyətində olan mənzildən faktiki olaraq məhrum olmuşdur. Belə ki, cavabdeh mənzili kirayə verdiyindən orada yaşaya bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğu izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Kasimova İradə Əzizağa qızı izahatında göstərdi ki, mübahisəli mənzillə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığına görə hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli, 2(011)-2287/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” iddiası təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 86 ünvanında yerləşən 2 otaqlı 101 saylı mənzilin və Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 16-cı Cənub küçəsi, “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin üzərində 1/2 hissədə iddiaçının və 1/2 hissədə cavabdehin paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 14.06.2019-cu il tarixli 2(103)-6155/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli, 2(011)-2287/2019 saylı qətnaməsindən cavabdeh Kasimova İradə Əzizağa qızı tərtəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli 2(103)- 6155/2019 saylı qərardadının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 14.06.2019-cu il tarixli 2(103)-6155/2019 saylı qətnaməsindən cavabdeh Kasimova İradə Əzizağa qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(102)-1457/2021 saylı qərarının surətindən görünür ki, cavabdeh Kasimova İradə Əzizağa qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.09.2021-ci il tarixli 2(102)-4140/2021 saylı qərarının surətindən görünür ki, işdə iştirak etməyə cəlb edilməyən X3 ərizəsi əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən verilmiş təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14.06.2019-cu il tarixli 2(103)-6155/2019 saylı qətnaməsi qismən, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin üzərində 1/2 hissədə X4 və 1/2 hissədə cavabdeh Kasimova İradə Əzizağa qızının paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 23.07.2021-ci il tarixli bildirişin surətindən görünür ki, X1 İradə Əzizağa qızına müraciət edərək, paylı mülkiyyətlərində olan Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən 86 nömrəli evin 101 nömrəli mənzilinin özünə məxsus 1/2 hissəsini üçüncü şəxslərə 40.000 manata satmaq niyyətində olduğunu, mənzilin özünə məxsus hissəsini almağı ilkin olaraq digər paylı mülkiyyətçi kimi cavabdehə təklif etmişdir. Cavabdeh həmin bildirişi 24.07.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 23.07.2021-ci il tarixli bildirişə etirazın surətindən görünür ki, Kasimova İradə Əzizağa qızı mübahisəli mənzillə bağlı hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti ilə müraciət olunduğundan məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığından mənzilin satılması ilə bağı müraciət etməsinin əsassız olduğunu, qeyd olunan müraciətlə və mənzilin satılması ilə raz olmadığını göstərmişdir. İş materiallarında olan 19.10.2021-ci il tarixli AN-1 ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X6 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 86 nömrəli evin 101 nömrəli mənzilinin özünə məxsus olan 1/2 hissəsini 40.000 manata İddiaçı satmışdır. Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1, 101 saylı mənzilin 1/2 hissəsi xüsusi paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 10.03.2022-ci il tarixli, 10/829 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında ümumi sahəsi 48,61 kv.m olan mənzilin doqquz mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşməsini, giriş-çıxışının yeganə olmasını, yaşayış və yardımçı otaqların planlı yerləşməsini nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylara uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 218.2-ci maddəsinə görə payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, “Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmə baxışı zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 86 nömrəli evin 101 saylı mənzilndə iddiaçıya və cavabdehə məxsus 1/2 hissə paylarının naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4,2.7, 2.9. bəndlərinin, eləcə də, metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edildiyinə görə iddia tələbi mənzilin naturada bölünməsi hissəsində təmin edilməməlidir. Eyni zamanda, iddiaçıya Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi və ya mənzilin açıq hərracda satılaraq, əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 10.03.2022-ci il tarixli, 10/829 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməklə ondan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Kasimova İradə Əzizağa qızına qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması tələbinə dair” iddiası təmin edilməsin. İddia təmin edilmədiyinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar