Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7095/2023 18.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi, Maraqlı şəxs qismində cəlb edilməklə, “torpaq sahəsinə mülkiyyət hüququnun və sərəncamın tanınması” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xx.xx.1968-ci ildə Ermənistan respublikası Qafan rayonunda anadan olmuş, xx.xx.2019-cu ildə Bakı şəhərində vəfat etmiş mərhum həyat yoldaşı X2 aid sənədlərdə yazılmış Bəhman və Bağman adlarının eyni ad olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərərk hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Ərizəçi ərizəsində qeyd edir ki, o, xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. 1996-cı ildə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.1997-ci il təvəllüdlü X6 və xx.xx.2001-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdurlar. Mərhum həyal yoldaşı X6 xx.xx.2019-cu il tarixində “Digər kəllədaxili travmalar” diaqnozundan Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş X11 Hüququ Haqqında 2V-101 reyestr nömrə ilə qeydə alınmış, **********101 nömrəli Şəhadətnaməyə əsasən və V-26/2020 nömrəli Vərəsəlik işi əsasında mərhum həyat yoldaşı X1 qalan bütün mirasları (ev, avtomobil və.s) ailə üzvləri adından o idarə edir. 28 noyabr 1990-cı il tarixdə Abşeron rayon XDS İcraiyyə Komitəsi 2 nömrəli Zeytun sovxozunun ərazisindəki kənd təsərrüfatına yararsız olan 0,06 ha torpaq sahəsinin X3 fərdi yaşayış evi tikdirmək məqsədilə ayrılması barədə Qərar qəbul etmiş, hal-hazırda torpaq sahəsini ayıran Abşeron rayon XDS İcraiyyə Komitəsinin səlahiyyətləri Abşeron Rayon İcra Hakimiyyətinə verilmişdir. Sənəddəki səhvllərin düzəldilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi Rayon Şöbəsinə müraciəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə ünvanlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti müraciətin məhkəmə mübahisəsi olduğunu bildirmişdir. Mərhum həyat yoldaşı Piriyev Bağırın həm doğum şəhadətnaməsində, həm ölüm şəhadətnaməsində, həm də digər sənədlərdə ata adı Bağman yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən müddəadan da görünür ki, məhkəmə həmin norma əsasında hüquq müəyyənedici sənədlərlə şəxsiyyəti təsdiq edən sənəddə onun adı, ata adı və soyadı arasında uyğunsuzluq olduqda, məhz hüquq müəyyənedici sənədlərin eyni şəxsə məxsus olması barədə hüquqi faktı müəyyən edə bilər. Şəxsin adı, soyadı, ata adındakı yanlışlıqların hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi isə MPM-nin 307-ci maddəsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi tələb edir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin ərinin adının bir neçə sənəddə (inzibati orqanlar tərəfindən verilən sənədlərdə) yanlış yazılması əslində akt qeydindəki yanlışlıqların aradan qaldırılması ilə əlaqədardır ki, bundan ötrü ərizəçi yanlışlıqların aradan qaldırılması ilə bağlı müvafiq inzibati orqanlara, onların hərəkətlərindən (hərəkətsizliyindən) isə inzibati məhkəməyə müraciət etməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Həmçinin, həmin Qərarın 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Şərh edilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizəçinin ərinin adının bir neçə sənəddə müxtəlif cür yazıldığı halda hüquqmüəyyənedici sənədlərin ona (ərinə) məxsus olması hüquqi fakt kimi ümumi məhkəmələr tərəfindən baxıla bilər. Şəxsin müxtəlif sənədlərdəki adının eyni ad olması isə hüquqi fakt deyil və xüsusi icraat qaydasında baxıla bilməz. Əks halda, yəni səhv yazılmış adın düzgün yazılması üçün ərizəçi həmin sənədi verən inzibati orqana müraciət etməli, imtina aldığı halda həmin orqanın qərarından inzibati məhkəməyə müraciət edə bilər. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin tələbinə (adların eyni ad olması) xüsusi icraat qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə hüquqmüəyyənedici sənədlərin həyat yoldaşı X2 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmçinin, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən qanunvericiliyin tələbləri pozularaq məhkəməyə müraciət edildiyinə görə ərizəsinin icraata qəbulundan imtina edildiyindən onun tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, ərizəçinin ərizəsinin icraata qəbulundan imtina edildiyindən, ödədiyi 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçiyə izah edilsin ki, qərardadda göstərilən çatışmazlıqlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət etmək, əks halda, yəni səhv yazılmış adın düzgün yazılması üçün sənədi verən inzibati orqana müraciət etmək, imtina aldığı halda isə həmin orqanın qərarından inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-7095/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7095/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver