Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3211/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 və SOCAR-ın Nəqliyyat idarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti olmaqla, məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə X1 ölümü ilə nəticələnən hadisənin istehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizənin məzmunu ondan ibarətdir ki, ərizəçinin bildirdiyinə əsasən onu həyat yoldaşı X2 rəsmi olaraq ezamiyyətdə olduğu və işə gedərkən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi istehsalatda baş verən bədbəxt hadisə kimi araşdırılmalı və bununla əlaqədar İZ firmalı akt tərtib edilməli idi. Lakin, bədbəxt hadisə ilə əlaqədar işəgöteürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” İZ formalı akt tərtib edilməmişdir. Hesab edirəm ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmə li və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş SOCAR-ın Nəqliyyat idarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin sorğuya cavab məktubundan müəyyən edilir ki, idarənin maşinisti mərhum X2 "xxxx" MMC-nin M10\001 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istehsal zərurəti ilə əlaqədar Biləsuvar rayonuna ezam olunmuş, baş vermiş hadisə haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 hadisənin araşdırılması üçün məlumat verilmiş, X4 tərəfindən cavab olaraq bildirilmişdir ki, baş vermiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisənin təhqiqi və uçota alınması qaydalarının 1.2-ci bəndində göstərilən hallara uyğun olmadığından hadisə təhqiq edilmir. Başqa sözlə, ərizəçi hazırkı xahişlə müvafiq orqana müraciət etmiş, orqan ərizəçinin xahişini qanunvericiliyə zidd hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırkı işdə ərizəçinin eyni xahişinə inzibati orqan tərəfindən imtina verilmişdir. Belə olan halda, eyni halın hüquq əhəmiyyətli hal kimi təsdiq edilməsi barədə mülki mühakimə icraatı qaydasında müraciət edilməsi yolverilməzdir. Məhkəmə bildirir ki, ərizəçi inzibati orqanın imtina cavabından inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in sadalanan maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 və SOCAR-ın Nəqliyyat idarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti olmaqla, xx.xx.2022-ci il tarixdə X1 ölümü ilə nəticələnən hadisənin istehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Ərizəçiyə izah edilsin ki, inzibati orqanın imtina cavabından Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3211/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3211/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Bədbəxt hadisə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver