Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-72/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qələndəroviçə və Musayeva (Eyyubova) Afət Aqverdi qızına qarşı mənzildən çıxarma və pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ona məxsus olan Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzili (bundan sonra – Mənzil) qanunsuz zəbt edən Cavabdeh1 Qələndəroviç, onun həyat yoldaşı Musayeva (Eyyubova) Afət Aqverdi qızı, eləcə də mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları, cavabdehin mənzilinə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilinə köçürülməsi, cavabdehdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi, mənzilini qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldə çıxmış fayda qismində 43200 manat zərərin və 70000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi sonuncu dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzili (bundan sonra – Mənzil) qanunsuz zəbt edən Cavabdeh1 Qələndəroviç, onun həyat yoldaşı Musayeva (Eyyubova) Afət Aqverdi qızının, eləcə də mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları, cavabdehin mənzilinə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilinə köçürülməsi, cavabdehdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi, mənzilini qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldə çıxmış fayda qismində 63600 manat zərərin və 80000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Qələndəroviç Mənzilin təmirinə və mebellərin quraşdırılmasına birlikdə çəkilmiş xərcə görə pul vəsaitinin iddiaçıdan alınıb ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. İşin faktiki hallarına görə, "xxxx" MTK ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixdə Mənzilə dair müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xocalı prosepkti 32 ünvanında inşa olunan yüksək mərtəbəli binanın A-1 girişinin 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 m2 olan yaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı da yaşayış sahəsinin dəyəri olan 56 188 manatı "xxxx" MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK-nın xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən Mənzilin dəyəri - 56 188 manat iddiaçı tərəfindən tam ödənilmişdir. Mənzilə dair əvvəllər də məhkəmə mübahisələri olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin X1 AR CM-nin 29, 178.3.2 və 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmü ilə Mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının X2rşı “mənzildən çıxarma” tələbinə dair ilkin iddiası qismən təmin edilərək, S.Eyyubovanın mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə X5 və Cavabdeh1 Qələndəroviçin iddiaçıya və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının Həmin iş üzrə ikinci dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə X3 və Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2020 ci il tarixli 2(102)-2134/2020 saylı qərarı ilə sonuncuların kassasiya şikayətləri təmin edilməmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, onunla Mənzilə dair X5 və Cavabdeh1 Qələdənroviç arasında olmuş məhkəmə mübahisələri üzrə məhkəmə qətnaməsi 2 illik müddətdən sonra qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən aktlar tərtib edilərək cavabdeh X3 mübahisəli mənzildə yaşamaması əsası ilə icra olunmamışdır. Cavabdeh1 öz ailə üzvləri ilə həmin mənzildə yaşadığını və onun həmin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin olmaması bəhanəsini əldə rəhbər tutaraq qanunun aliliyini və məhkəmə qətnaməsinin məcburiliyin şübhə altına almışdır. Nəticədə illərlə məhkəmə mübahisələrində qalib gəlmiş iddiaçı cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ailəsiylə birlikdə mənzilinə köçə bilməmiş və ədalətsizliklə üz-üzə qalmışdır. İş üzrə qanuni qüvvədə olan və hazırki iş üzrə də preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnamə və qərarları ilə Mənzilin ona məxsus olması tam təsdiqini tapıb və bu hal qanunla işin mübahisəsiz halıdır. Cavabdeh və onun ailə üzvlərinin onun mənzilini zəbt etmələri də işin mübahisəsiz halıdır. Həmin məhkəmə mübahisələri zamanı təyin edilmiş ekspertiza rəyi ilə müəyyən olunub ki mənzil ona məxsusdur. Onun mənzili 2018-ci ildən cavabdeh və onun ailə üzvləri tərəfindən qanunsuz zəbt edilib. O, ailəsiylə mənziliə köçüb yaşamaq, mülkiyyəti barəsində istədiyi kimi hərəkət etmək hüququndan məhrum olmuşdur. Cavabdeh mənzilini zəbt nəticəsində o hər ay 1200 manat maddi ziyan dəyir. Belə ki, mənzilini cavabdeh qanunsuz zəbt etməsəydi o adi mülki dövriyyə şəraitində mənzilini kirayə verib fayda götürə ailəsinin maddi təminatini saxlaya bilərdi. Ya da mənzilinə köçüb mənzil şəraitini alan zaman necə arzulamışdısa, elə təşkil edib hazırda məcburiyyətdən yaşadığı mənzilini kirayə verib yenə də ailəsinin saxlanma şəraitini təmin edərdi. Ancaq o, cavabdehin öz ailəsi ilə ona qarşı qanunsuz zəbtindən və mənzilindən çıxmamasına görə bu maddi gəlirlərindən və adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Cavabdehlərin hərəkətləri nəticəsində sarsıntılar keçirmişdir, sarsıntılarına görə cavabdehdən vurulmuş mənəvi zərərə görə 80000 manat zərərin tutulmasında tam haqlıdır. Cavabdeh öz qanunsuz zəbt metodları ilə qanunların aliliyini şübhə altına alır. Öz müqaviləsi ləğv olunmasına və anasının adına hazirda müqavilə olmasına baxmayaraq ləğv edilmiş müqaviləsini əsas tutaraq və məhkəmə qətnaməsində məhz onun adının yox, anasının mənzildən çıxarılmalı olmasını göstərməklə bu metodla qanunsuz zəbtininin müddətini artırır. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin üzürlü olması barədə məhkəməyə əvvəlcədən məlumat vermədiklərindən, Azırbaycan Respublikas MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin yəni, mübahisəli Mənzilin iddiaçıya məxsus olması artıq qanuni qüvvəsini almış Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, X5 və Cavabdeh1 Qələndəroviçin iddiaçıya və "xxxx" MTK-ya qarşı sonuncu ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş və qətnamə həmin hissədə yuxarı və kassasiya instansiyası məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MTK arasında Mənzilə dair xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmış və iddiaçı eyni tarixli Maliyyə arayı əsasında Mənzilin dəyəri olan 56 188 manat pulu "xxxx" MTK-ya ödəməklə, həmin mənzilə sahiblik hüququ əldə etmişdir. İkinci dispozitiv şərtin olması, yəni Mənzilin başqa şəxsin (cavabdehlərin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, Cavabdeh1 Qələndəroviç xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində özü ailə üzvləri ilə birlikdə həmin Mənzilə köçüb hazırda da həmin Mənzildə yaşadıqlarını qeyd etmişdir. İşin bu halı həm də üçüncü dizpozitiv şərtin mövcudluğuna əsas verir. Çünki iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri Mənzilin iddiaçıya məxsus olmasını müəyyən etdiyi halda, cavbdehlər heç bir hüquqi əsas olmadan Mənzildə yaşamaqda və onu iddiaçının sahibliyinə və istifadəsinə qaytarmamaqda davam edirlər. Bu isə əmlakın (Mənzilin) cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin olması barədə qənaətə gəlməyə tam əsas vermiş olur. Beləliklə, şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməklə Mənzili cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, çünki iddiaçı Mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüququ isə həm milli həm də beynəlxalq qanunlarla qorunan ən üstün hüquqlardan biridir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun Mənzilə dair mülkiyyətə gözlənti hüququ olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Məhkəmə iddia tələbinin mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması, onun Mənzilə köçürülməsi, cavabdehlərdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi ilə bağlı qeyd edir ki, həmin tələblər cavabdehlərin mənzildən çıxarılmaları tələbindən doğan tələbdir. Cavabdehlərin Mənzildən çıxarılmaları ilə bağlı tələbin təmin edilməsinin hüquqi əsasları yuxarıda şərh edildiyindən eyni əsaslarla bu tələblərə təkrar hüquqi qiymətin verilməsinə məhkəmə zərurət görmür, odur ki, məhkəmə həmin tələblərin də təmin edilməli olması barədə qənaətə gəlir. Mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları ilə bağlı iddia tələbinə gəldikdə, məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə ümumi xarakter daşısa da, məhkəmə iddia tələbinin bu hissədə də təmin olunması qənaətinə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının X2rşı mənzildən çıxarılması qət edilmiş, lakin qətnamənin icrası zamanı Sabiqə Eyyubovanın Mənzildə yaşamadığı müəyyən edilmiş və həmin qətnamənin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, gələcəkdə baş verə biləcək bu cür hüquqdan suiistifadə hallarının, bununla qətnamənin icrasının mümkün olmamasının və iddiaçının hüquqlarının belə sui-istifadə hallarından pozulmasının qarşısının alınması məqsədilə iddia həmin hissədə də təmin edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Mənzildən çıxarılmalı, cavabdehlərin Mənzilə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulmalı, Mənzil cavabdehlərin əşyaları ilə birlikdə tam boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılmalı, iddiaçı Mənzilə köçürülməli, cavabdehlərdən Mənzilinin qapısının açarları alınaraq ona təhvil verilməlidir. Məhkəmə mənzilin qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldən çıxmış fayda qismində 63600 manat zərərin və 80000 manat mənəvi zərərin cavabdehlərdən tutulması ilə bağlı bildirir ki, iddia həmin hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən müddəa zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növünü müəyyən etmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Lakin iddiaçı cavabdehlərin hərəkətlərinə görə nə real, nə də əldən çıxmış fayda formasında ona zərər dəydiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). İddiaçı ona mənəvi zərər dəyməsini də sübuta yetirə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Sadalanan xüsusatlara və işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçı ona dəyən mənəvi ziyanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 Qələndəroviç və Musayeva (Eyyubova) Afət Aqverdi qızı, eləcə də hüququ olmayan istənilən şəxslər Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilindən məcburi qaydada çıxarılsınlar, mənzil əşyalarla birlikdə tam boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılsın. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilə köçürülsün, mənzilin açarları Cavabdeh1 Qələndəroviçdən və Musayeva (Eyyubova) Afət Aqverdi qızından alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-72/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-72/2022
09.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver