Məhkəmə qərarları › İş №2(103)-6937/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6937/2024

18.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6937/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “evdən çıxarılma, evə köçürülmə və özbaşına inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “evə istifadə hüququnun itirilməsi” tələbinə və iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə (Açar sözlər: icraatın təzələnməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “evdən çıxarılma, evə köçürülmə və özbaşına inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “evə istifadə hüququnun itirilməsi” tələbinə dair və iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (üçüncü şəxs: İddiaçı) "ilkin qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəsini alanadək, hazırda məhkəmənin icraatında baxılan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "evdən çıxarılma, evə köçürülmə və özbaşına inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "evə istifadə hüququnun itirilməsi” tələbinə dair və iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı "istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(005)-59/2020 nömrəli mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə EMİS vasitəsi ilə ərizə ünvanlayaraq, bildirmişdir ki, cavbdehlər tərəfindən Bakı İnzibati Məhkəməsinin icraatında olan ilkin qeydiyyatın ləğv olunması tələbinə dair inzibati iş üzrə Ali Məhkəmə yekun qərar qəbul etmişdir. Məhkəmənin icraatda olan mülki iş üzrə icraatın təzələnməsini və məhkəmə baxışının təyin edilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2020 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "evdən çıxarılma, evə köçürülmə və özbaşına inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "evə istifadə hüququnun itirilməsi” tələbinə dair və iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı "istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İlk iddia üzrə Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 vəsatətlə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-14284/2024 saylı inzibati iş üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: İddiaçı) "Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13.09.199l -ci il tarixli, "YVəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarının etibarsız hesab edilməsi tələbinə dair” iş üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəsini alanadək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4/2024 saylı mülki işin icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-14284/2024 nömrəli iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, ilk İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "evdən çıxarılma, evə köçürülmə və özbaşına inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "evə istifadə hüququnun itirilməsi” tələbinə dair və iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı "istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(005)-4/2024 saylı mülki işin icraatının dayandırılması qərara alınmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə EMİS vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sözügedən qeydiyyatın aparılmasına əsas olmuş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991 -ci il tarixli "Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarına əsasən Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Halbuki sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən İddiaçı adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında İddiaçı qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi qərarın üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin Q.M.Quliyanın adına deyil, İddiaçı adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi bu hal baş verməmiş, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək Qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. Eyni zamanda, üzərində düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmişdir və beləliklə rəsmi qeydiyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yaratmışdır.” Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı apellyasiya instansiyası məhkəməsinin iddia qaldırılmasının müddəti ilə bağlı qənaətinə gəldikdə, nəzərə alınmalıdır ki, iddiaçılar inzibati aktı - Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarını mübahisələndirmirlər. Onlar hesab edirlər ki, həmin qərar özünün həqiqi məzmununa görə onların hüquqlarına toxunmur və mübahisəli deyil. Onlar məzmunu təhrif olunmuş (düzəliş edilmiş) qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin (cavabdeh inzibati orqanın faktiki xarakterli hərəkətinin nəticəsinin) ləğvini tələb edirlər. Həmin məzmunda tələb isə öhdəliyin icrası haqqında iddialara aiddir və bu növ iddianın qaldırılması üçün İPM-də müddət müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçılar üçüncü şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsini xahiş etsələr də həmin evə dair iddiaçıların hansı hüquqlarının olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin, iddiaçı inzibati orqanın bundan təxminən 30 il əvvəl qəbul etdiyi, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarı əsasında verilmiş 1993-cü il 18 avqust tarixli qeydiyyatı mübahisələndirir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarı; Qeyd olunmalıdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 100b ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı verilən vəkalətnamənin, eyni zamanda yaşayış sahəsinin Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə əsas olmuş sənədləri araşdırılmadan və işə baxılan zaman Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 100b ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına, rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin və vəkalətnaməni tələb etmədən və onun mətnini araşdırmadan apellyasiya instansiyası məhkəməsi iş üzrə yanlış olaraq, inzibati aktda əlyazma ilə olan və heç bir hüquqi qüvvəyə malik olmayan düzəlişin qanuni və əsaslı olması və mübahisəli ünvanda yerləşən məxsus mübahisəli evə dair cavabdehin hüquq sələfi tərəfindən aparılan qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı- Nəzərə almaq lazımdır ki, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ hüquqmüəyyənedici sənəd - Nərimanov rayon X1 İcraiyyə Komitəsinin sözügedənqərarı əsasında dövlət qeydiyyatına alınmışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, Nərimanov rayon X1 İcraiyyə Komitəsinin sözügedən qərarında aparılmış düzəliş imza və möhürlə təsdiq olunmuş, həmin düzəliş qərarı qəbul etmiş orqan tərəfindən təkzib olunmamış, həmin düzəlişin saxta olduğuna dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qeyd edilməlidir ki, qərarda düzəlişin edilməsi prinsip etibarı ilə mümkündür və bu səlahiyyətli dövlət orqanının məsuliyyət sferasına aiddir. Bu baxımdan iddiaçıların və məhkəmənin istinad etdiyi düzəlişlə bağlı hal üçüncü şəxsin məsuliyyət sferasına aid edilə, onun ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticə doğura bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarı; Yuxarıda qeyd edilən bütün qərarlarda sözügedən Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 199İ -ci il 13 sentyabr tarixli qərarına məhkəmələr tərəfindən münasibət bildirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 275/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında mübahisələndirilən qərarın araşdırılması birbaşa göstəriş olaraq qeyd edilmişdir. Qərarda məcburi xarakter daşıyan göstəriş iş Bakı Apelyasiya Məhkəməsinin icraatında olan zaman qərara dair bütün hallar kifayət qədər araşdırılmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsasən Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia predmeti inzibati qaydada mübahisələndirilən iddia predmetindən qətiyyən asılı deyildir. Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçıların iddia tələbi təmin olunacağı təqdirdə belə hazırki mülki iş üzrə icraat dayandırıla bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə; 254.1.2. tərəf fəaliyyət qabiliyyətini itirərsə; 254.1.3. iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda; 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; 254.1.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa. 254.1.6. məhkəmə bu məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etdikdə. 254.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4/2024 nömrəli, 01 noyabr 2024-cü il qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qərardadını onunla əsaslandırmışdır ki, ərizədən görünür ki, iddiaçı qeyd olunan mübahisəli mənzillə bağlı "Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında 16/279 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14284/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14284/2024 saylı iş üzrə çıxarılacaq olan məhkəmə aktı hazırki mülki işin nəticəsinə bilavasitə təsir edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 14284/2024 nömrəli iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, ilk İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "evdən çıxarılma, evə köçürülmə və özbaşına inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "evə istifadə hüququnun itirilməsi” tələbinə dair və iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı "istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(005)- 4/2024 saylı mülki işin icraatı dayandırılmalıdır. Mülki işdə olan sənədlərdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi uzun müddət icraatında olan və artıq bir dəfə icraatı dayandırılmış mülki iş üzrə təkrarən icraatı dayandırarkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, mülki işdən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 21(112)-574/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınmasına dair ilkin qeydiyyat ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2- 1(103)-1944/2021 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2-1(102)-133/2022 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1336/2022 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023cü il tarixli, 2-1(102)-275/2023 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 2- 1(103)-1938/2023 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli 2-1(102)-112/2024 nömrəli qərarına əsasən, üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 21(103)-1938/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Kollegiya qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (MM-in 140 mad.) Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına aparılmış ilkin qeydiyyatın həqiqiliyi yoxlanılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli 2-1(102)-112/2024 qərarı ilə müəyyən edilmişdir ki, sözügedən mübahisəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin (İddiaçı) adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün hər hansı qanuni əsas müəyyən edilmədiyindən iddiaçılar tələblərində haqlı sayıla bilməzlər. İstinad olunanlara əsasən, kollegiya şikayəti əsaslı hesab edib, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi və mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar