Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-72/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, bu mümkün olmadığı təqdirdə əmlakın açıq hərracda satılması və satış məbləğinin paylara mütənasib surətdə bölünməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX tərəfindənverilmiş çıxarışlra əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 32, mənzil 72 və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsi İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 32, 72 saylı mənzilin 6/7 hissəsi Cavabdeh adına xx.xx.2021-ci il tarixində , 1/7 hissəsi isə xx.xx.2021-ci il tarixində iddiaçının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsinin 1/7 hissəsi (xx.xx.2021-ci il) İddiaçı, 6/7 hissəsi (xx.xx.2018-ci il) isə iddiaçının mərhum atasının mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixində İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış və bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: İddiaçı iddia tələbinin təmin olunmasını, Cavabdeh ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 32, mənzil 72 və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsinin naturada bölünməsi barədə, naturada bölünməsi mümkün olmadığı halda açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölünməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin şəxsin etirazı: Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) real addımların atılması ilə bağlı eləcə də mütəxəssis rəyi ilə razı olduğunu və əlavə tələbinin olmadığını qeyd etmişdir. Sadəcə olaraq məhkəmə proseslərinin tezliklə yekunlaşmasını istədiyini və real addımların atılması istiqamətində vaxtın çox uzadılmasını istəmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixkli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında cavabdehin onunla əlaqə saxlamadığını, buna görə də razılıq əldə edə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixli) iştirak edən Cavabdeh ekspertin rəyi ilə tanış olduğunu, rəy ilə razılaşdığını və işin baxışa təyin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iddiaçının payının alınmasına dair real addımlar atacağını (özgəninkləşdirəcəyini) bildirmiş və bunun üçün vaxt verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 87.42 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 32, mənzil 72 xüsusi mülkiyyətin 6/7 hissəsi pay hüququ üzrə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə, həmin xüsusi mülkiyyətin 1/7 hissəsi pay hüququ üzrə İddiaçı adına **********4 qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0.0491 hektar olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsi xüsusi mülkiyyətin 6/7 hissəsi pay hüququ üzrə Cavabdeh adına əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə, həmin xüsusi mülkiyyətin 1/7 hissəsi pay hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır; - Bakı 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/5-01625 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışa əsasən, X2, Cavabdeh xx.xx.2022-ci il tarixində 15:00-16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdirlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir; - xx.xx.2018-ci il tarixli Azərabaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin A№ 303997 saylı torpaq sahəsinin planı və ölçüsü; - xx.xx.2022-ci il tarixli ekspert tərəfindən verilmiş məlumata əsasən, 2(011)-3770/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixdə baxışın keçirilməsi təşkil olunmuş, lakin cavabdehin məhkəməyə gəlməməsi və iddiaçının dediyinə görə ünvanın açarlarının cavabdehdə olması səbəbindən tədqiqat obyektinə baxışın keçirilməsi mümkün olmamış, tədqiqat obyektinə dair texniki sənədlər Mərkəzə təqdim edilməmişdir. Bu səbəbdən də, Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir; - xx.xx.2023-cü il tarixli 10/6434 nömrəli 2(011)-3770/2022 saylı mülki iş üzrə təyin olunmuş eskpert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 72 saylı mənzilin yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər arasında İddiaçı 1/7 hissə və Cavabdeh 6/7 hissədə olmaqla 2 yerə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89un 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsinin yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər arasında İddiaçı 1/7 hissə və Cavabdeh 6/7 hissədə olmaqla 2 yerə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir; - “X3” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən mənzilin halhazırda vəziyyəti təmirsizdir, tam olaraq təmirə ehtiyac vardır, mənzilin bazar dəyərini hesablayarkən hal-hazırki təmirsiz vəziyyəti, yerləşmə yeri nəzərə alınmışdır. Aparılan təhlil və hesablamalar nəticəsində mənzilin hazırki bazar dəyəri 107500 (bir yüz yeddi min beş yüz) manat, İddiaçı 1/7 payı 15357 (on beş min üç yüz əlli yeddi) manat, Cavabdeh 6/7 payı 92143 (doxsan iki min yüz qırx üç) manat məbləğində müəyyən olunmuşdur; Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 87.42 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 32, mənzil 72 xüsusi mülkiyyətin 1/7 hissə payı, ümumi sahəsi 0.0491 hektar olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsi xüsusi mülkiyyətin 1/7 hissə payı İddiaçı adına qeydiyyata alınmış və rəsmiləşdirilmişdir, buna əsasən də iddiaçının mülkiyətindədir (MM. 140). Mülki Məcəllənin 220.2-ci maddəsinin mənasına görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumiəşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddənin mənasına görə, payın naturada ayrılmasına dair iddia tələbi məhkəmə qaydasında o, vaxt təmin oluna bilər ki, payın naturada ayrılmasına yol verilsin və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olsun. Hazırki halda, İddiaçı və Cavabdeh ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsinin naturada bölünməsi xx.xx.2023-cü il tarixli 10/6434 nömrəli 2(011)-3770/2022 saylı mülki iş üzrə təyin olunmuş eskpert rəyinə əsasən mübahisəli bağ sahəsinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Mübahisə tərəfləri məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) ekspert rəyinin bağ sahəsinin naturada bölgüsü ilə bağlı razı olduqlarını bildirmişlər. Lakin, xx.xx.2023-cü il tarixli 10/6434 nömrəli 2(011)-3770/2022 saylı mülki iş üzrə təyin olunmuş eskpert rəyinə əsasən, mübahisə predmeti olan digər əmlakın - Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 72 saylı mənzilin yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər arasında İddiaçı 1/7 hissə və Cavabdeh 6/7 hissədə olmaqla naturada 2 yerə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdeh tərəf məhkəmə iclasında (xx.xx.2023-cü il tarixli) əmlakın hərracda satılmasına etiraz etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarına görə paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz və məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi hüququ olduğunu nəzərə alaraq tərəflərin bir-birinə paylarının əvəzinin ödənilməsi yolu ilə mülkiyyətin ayrılmasını təklif etmişdir. Cavabdehin vəsatəti əsasında (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında) paylı əmlakın qiymətləndirilmısi keçirilmiş, Azərbaycan Respublikası “X3” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən mənzilin hazırki bazar dəyəri 107500 (bir yüz yeddi min beş yüz) manat, İddiaçı 1/7 payı 15357 (on beş min üç yüz əlli yeddi) manat, Cavabdeh 6/7 payı 92143 (doxsan iki min yüz qırx üç) manat məbləğində müəyyən olunmuşdur. İddiaçı və Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 72 saylı mənzillə bağlı real addımlar həyata keçirmək (özgəninkləşdirilməsi) üçün məhəkəmədən əlavə vaxt verilməsi xahiş edilmiş, lakin tərəflər arasında heç bir razılıq əldə olunmamışdır. Məhkəmə tərəflərin razılığa gələ bilmədiyini nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 72 saylı mənzilinaçıq hərracda satılmasını və mənzilin satılmasından əldə olunan vəsaitin 1/7 hissəsinin İddiaçı, 6/7 hissəsinin isə Cavabdeh verilməsini məqsədəmüvafiq hesab edir (MM. 220.6).
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. “X3” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən qiymətləndirmənin həyata keçirilməsi üçün 200 manat xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin apardığı təqdiqatın qiyməti 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” sektoru 4 saylı bağ sahəsi onların arasında İddiaçı 1/7 hissədə və Cavabdeh 6/7 hissədə olmaqla naturada bölünsün. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 72 saylı mənzil açıq hərracdan satılsın. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 72 saylı mənzilin satılmasından əldə edilən vəsaitin 1/7 hissəsi İddiaçı, 6/7 hissəsi isə Cavabdeh verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. “X3” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən qiymətləndirmənin həyata keçirilməsi üçün ödənilmiş 200 manat xidmət haqqı cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Samirə Eyvazova