Məhkəmə qərarları › İş №2(011)-720/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-720/2025

17.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-720/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) “əmək haqqından qanunsuz tutulmuş pul məbləğlərinin geri qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “əmək haqqından qanunsuz tutulmuş pul məbləğlərinin geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergiyə ödənilməsi üçün 5.372,37 manat pul kompensasiyasından (əmək haqqının 5 misli) əsassız tutulmuş 1.035,04 manat məbləği; 5.280 manat yemək xərclərindən tutulmuş 1.320 manat pul məbləği olmaqla, cəmi 2.355 manat pul məbləğinin və mediasiya xərcinə görə ödənilmiş 60 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2004-cü il tarixdən qaz istismarı sahəsində əmək fəaliyyətinə başlamışdır. Bu sahədə struktur dəyişikliyi aparıldığdan sonra yaranmış X7 İstismar İdarəsində verdiyi müvafiq qənaətbəxş imtahan nəticəsinə əsasən müqavilə bağlanılmaqla xx.xx.2014-cü il tarixindən nəzarət xidmətində işə başlamışdır. xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyasına çıxmaq əsası ilə cavabdehlə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin yaş həddinə görə əmək pensiyasına çıxmağı ilə əlaqədar ona verilən əmək haqqının 5 misli həcmində - 5.372,37 manat məbləğində kompensasiyadan 1035,04 manat məbləğində verginin tutulması ona məlum olmuşdur. Habelə bundan sonra məlum olunmuşdur ki, cavabdeh tərəfindən işçiyə hər işlədiyi günə görə 3 manat məbləğində verilən yemək pulunu da vergiyə cəlb edilmişdir və bunun nəticəsində işçiyə 3 manat əvəzinə gündəlik 25 % (0,75 manat) az, yəni 2,25 manat yemək pulu verilmişdir. Bununla da, işlədiyi 8 il ərzində ayda 60 manat miqdarında yemək pulu ödənilməsi nəzərə alınsa, bu 8 il müddətində illik məzuniyyətlər çıxıldıqa ona 8 il x 11 ay x 60 manat = cəmi 5.280 manat yemək pulunun ödənilməsi müəyyən olunar. Bu məbləğ əsassız olaraq vergiyə cəlb edildiyindən işəgötürən tərəfindən işçiyə 5.280 manat x 25%/100% = 1.320 manat məbləğində yemək pulu qismində ziyan vurulduğu məlum olur. Beləliklə, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasına çıxmağı ilə əlaqədar verilən 5.372,37 manat kompensasiyadan əsassız vergi tutulduğuna görə ona 1.035,04 manat və 8 il müddətində verilən cəmi 5.280 manat yemək pulu əsassız vergiyə cəlb edildiyinə görə 1.320 manat məbləğində, ümumlikdə isə cəmi 2.355 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu qanunsuzluqların aradan qaldırılması, başqa sözlə iddiaçıdan əsassız vergiyə cəlb edilməklə tutulan cəmi 2.355 manat pulun qaytarılması üçün müraciət etdiyi orqanlar, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin müvafiq rəsmi cavab məktublarında onun haqlı olduğunu və Vergilər Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən, təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və mirasların gəlir vergisindən azad olmaları bildirilmişdir. Bundan sonra mübahisənin həlli ilə əlaqədar müvafiq olaraq Mediyasiya Təşkilatına müraciət edilmiş və cavabdeh tərəfə mediyasiya prosesinin vaxtını və tarixini bildirsə də cavabdeh tərəf prosesdə iştirak etməkdən qəsdən boyun qaçırmışdır. Odur ki, mübahisənin, yəni hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə məlumat verməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə vermişdir. Lakin, cavabdeh təşkilatın nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz edərək, iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh İB tərəfindən iddia tələbləri üzrə iddia müddətinin ötürülməsi barədə ərizə daxil olmuşdur və bu əsasla iddianın rədd edilməsi xahiş edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X5 iddia tələbinə yazılı etiraz verərək qeyd etmişdir ki, İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İşin hallarından da göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixində işdən azad olunmasına baxmayaraq, müvafiq iddia tələbi ilə məhkəməyə 1 illik müddət keçdikdən sonra, başqa sözlə iddia müddətini ötürməklə müraciət etmişdir. İşin mahiyyəti ilə bağlı isə iddia ərizəsindən göründüyü kimi, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən iddiaçıya əmək haqqının 5 misli məbləğində vəsait ödənilmiş və həmin vəsaitdən 1.035,04 manat gəlir vergisi tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin həmin zaman qüvvədə olmuş 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə daxildir: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri; əvəzsiz dövlət köçürmələri; dövlət pensiyaları və dövlət təqaüdləri; işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Beləliklə qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Eyni zamanda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş pul vəsaiti qanunvericiliyin və Əmək Məcəlləsinin tələblərindən irəli gəlməmişdir. Belə ki, iddiaçıya vəsait ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına əsasən müəssisənin öz imkanları hesabına ödənilmişdir. Bununla da, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Hazırkı mübahisə üzrə geniş məhkəmə təcrübəsi mövcuddur, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunda analoji mübahisələrlə bağlı qanunvericiliyin şərhi məsələsinə baxılmış və müvafiq şərh verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarının nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. İddiaçıya ödənilmiş yemək xərclərinin gəlir vergisinə cəlb edilmiş 1.320,0 manat məbləğində pulun ona qaytarılması ilə bağlı iddia tələbi ilə bağlı bildirilir ki, bu hissədə də iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan 98.2.3-cü maddəsinə əsasən “işçinin xərclərinin əvəzi ödənildiyi halda ödənən vəsaitin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab olunur.” Həmin maddəyə 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Qanunla dəyişiklik olmuş və hazırda qüvvədə olan norma belə səslənir: “98.2.3. bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab olunur”. 5 dekabr 2023-cü il tarixli 1033- VİQD nömrəli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş yeni 119.2-ci maddəyə əsasən “nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.” Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi (xx.xx.2014 - xx.xx.2023) və təqaüdə çıxdığı tarixlərdə (xx.xx.2023) qüvvədə olan vergi qanunvericiliyinə əsasən yemək xərclərinin əvəzinin birbaşa işçiyə ödənilməsi zamanı əldə olunan gəlir işçinin muzdlu işdən gəlirinə aid edilir və qanunla gəlir vergisinə cəlb edilir. Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində vəsaitdən gəlir vergisinin tutulması və ona yemək xərcləri üçün ödənilmiş məbləğlərin gəlir vergisinə cəlb edilməsi tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri 1 saylı Mediasiya Təşkilat tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh İB-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə ARDNŞ Cavabdeh İB-nin X7 İstismar İdarəsində “istehlakçılara satılan qaza nəzarət şöbəsinin 9-cu dərəcəli mühəndisi” vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilərək işdən azad edilmiş və ARDNŞ və ARNQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-197 nömrəli əmr-qərarının 4-cü bəndinə əsasən ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. - "xxxx" ASC-nin hesabdan çıxarışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı 4.337,33 manat əmək haqqı köçürülmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onun müraciəti ilə əlaqədar ona bildirilmişdir ki: “muzdlu işlə əlaqədar alınan gəlirdən vergi tutulması ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********116200 nömrəli) aidiyyəti üzrə 3 saylı Ərazi Vergilər idarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, Vergi Məcəlləsinin 102.1.3-cü məddəsinə əsasən, təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar gəlir vergisindən azaddır. Qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçinin işəgötürəndən iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə müvafiq arayışlar almaq hüququ var. Həmçinin işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq işəgötürənin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, əmək haqqından tutulmalar ilə bağlı işəgötürənə müraciət etmək tövsiyə olunur. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9 və 12-ci maddələri ilə tənzimlənir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytına, İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə, Siyəzən rayonu Vergi ödəyicilərinə xidmət mərkəzinə və ya bütün vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək olar. Məlumat üçün o da qeyd edilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Əlaqə” bölməsindəki “Vergi ödəyiciləri ilə görüşlər” alt bölməsində yerləşdirilmiş görüşlərdə iştirak etmək istədiyi olarsa xidmət mərkəzlərinə və ya İnternet Vergi İdarəsinin “onlayn kargüzarlıq və e-VHF” bölməsi vasitəsi ilə müraciət etməklə həmin görüşlərə yazılmaq olar.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, onun müraciəti ilə əlaqədar ona bildirilmişdir ki: “X1 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanmış müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə bağlı ətraflı məlumat vermək məqsədilə ünvan 3 ünvanına 3-17- 5/2-S-48783/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Müvafiq qaydada əmək haqqı bank hesabından çıxarış araşdırmaya təqdim olunsa da izahat təqdim olunmamışdır. Müraciətlə əlaqədar X2 ünvan 4 ünvanına 3-17-5/2-48768/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və araşdırmaya dair sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur, lakin tələb olunan sənədlər təqdim olunmadığından müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilən zaman X3 ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) əsasən xitam verildiyi məlum olmuşdur. Bildirilir ki, təqdim olunan əməkhaqqı bank hesabından çıxarışda xx.xx.2023-cü il tarixində 4.337,33 manat son haqq-hesabın köçürüldüyü məlum olsa da, əməkhaqqı hesab cədvəlləri və digər tələb olunan sənədlər işəgötürən tərəfindən təqdim edilmədiyindən, həmin ödənişdən tutulmaların olunub-olunmamasına münasibət bildirmək mümkün olmamışdır. Nəzərə çatdırılır ki, X3 tərəfindən təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılaraq nəticəsi barədə məlumat veriləcəkdir. Müraciətdə qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ var”. - Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K-18/2023 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əsas olaraq onun ərizəsi göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X6 Həmkarlar İttifaqının Respublikas Komitəsinin xx.xx.2009-cu il tarixli 57 nömrəli əmrqərarının surətindən görünür ki, 4-cü bəndə əsasən, işçi öz xahişi ilə işdən azad edildikdə ona orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinəti ödənilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 175-ci maddəsinin 4-cü bəndinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 98.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir. Həmin maddənin xx.xx.2023-cü il tarixli 1033-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyədək olan redaksiyasına görə işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir. - 101.1-ci maddəsinə görə bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakına uyğun tutulur: vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda -14%; 2500 manatdan çox olduqda - 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi. - 102.1.3-cü maddəsinə görə təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar - gəlir vergisindən azaddır aşağıdakı hallarda: - hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2500 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi; ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi; təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun. (maddə 102.1.3.1) - hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri; (maddə 102.1.3.2) - şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi; (maddə 102.1.3.3) - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi; maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun. (maddə 102.1.3.4) - 102.1.4-cü maddəsinə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır. Həmin maddənin son redaksiyasına 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “dövlət təqaüdləri,” sözlərindən sonra “hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və” sözləri, “işçilərə” sözündən sonra “, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2014-2023-cü illər ərzində Cavabdeh İB-də işləmişdir. xx.xx.2023-cü ildə onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar) ləğv edilərək iddiaçı işdən azad edilmişdir. Ona cavabdeh təşkilat tərəfindən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. İddiaçının ilk tələbi odur ki, ona ödənilən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətdən tutulmuş gəlir vergisi əsassız tutulduğundan, həmin məbləğ cavabdehdən tutularaq ona qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının işdən çıxması ilə bağlı ona ödənilmiş müavinət (kompensasiya) vergidən azad olan gəlirlərə aid edilmədiyinə görə sözügedən iddia tələbi təmin edilməməlidir. Belə ki, gəlir vergisindən azadolmaları qeyd edən iddiaçının istinad etdiyi Vergi Məcəlləsinin 102.1.3-cü maddəsi bütün hallarda deyil, yalnız yuxarıda sadalanmış xüsusi hallarda təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və mirasların gəlir vergisindən azad olunduğunu qeyd edir. İddiaçının aldığı ödəniş gəlir vergisindən azad olunmuş ödənişə aid deyildir. Belə ki, həmin ödənişin dövlət müavinətinə aid edilməsi və ya sair hallarla bağlı vergitutmadan azad olunması iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə iddiaçıya ödənilən yemək xərclərindən əsassız şəkildə verginin tutulması ilə bağlı iddia tələblərinə münasibətdə qeyd edir ki, həmin xərclər “muzdlu işlə əlaqədar alınan gəlir” hesab edildiyindən və sonuncu gəlir növü “gəlir vergisi”nin üzrə vergitutma obyektinə aid edildiyindən, iddia tələbləri bu hissədə də təmin edilə bilməz. Belə ki, iddiaçının işdən çıxdığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan Vergi Məcəlləsinin 98.2.3-cü maddəsinə əsasən işçinin xərclərinin əvəzi ödənildiyi halda, ödənən vəsaitin məbləği (yemək xərcləri) muzdlu işlə əlaqədar alınan gəlir hesab edilirdi və həmin məbləğdən ümumi qaydalara əsasən gəlir vergisi tutulmalı idi. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin ötürülməsi barədə ərizəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən mövcud iddia tələbləri üzrə iddia müddətləri ötürülmüşdür. Belə ki, qüvvədə olan əmək qanunvericiliyinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçilər, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilərlər. Hazırkı mülki işin materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunmaqla, sonuncuya xx.xx.2023-cü il tarixdə son haqq-hesab köçürülmüşdür. Göründüyü kimi, iddiaçı üçün sözügedən iddia ilə müraciət etməyin son tarixi 2024-cü ilin 01 fevral tarixi olmuşdur. İddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbləri təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) – vergi ödənilməsi üçün 5.372,37 manat kompensasiya məbləğindən tutulmuş 1.035,04 manat məbləği və 5.280 manat yemək xərclərindən tutulmuş 1.320 manat məbləği olmaqla, cəmi 2.355 manat pul məbləğinin və mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar