Məhkəmə qərarları › İş №2(011)-7202/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7202/2024

07.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7202/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx xxxxx 1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. 2010-cu il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin daxil olub istehlak mallarının ekspertizası və marketinq ixtisasını 2014-cü il tarixdə bitirmişdir. İxtisası ekspert-əmtəəşünas olmuşdur. 2015-ci il tarixdən bugünə kimi bir çox işlərdə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin pərakəndə satış vəzifəsinə Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək məcəlləsinin 72-ci Maddəsinin “ə” bəndinə müvafiq olaraq xitam verilmişdir. Belə ki, sözügedən mağaza şəbəkəsində işlədiyi zaman təqribən noyabr ayında kassada işlədiyi zaman kassada müəyyən malların siyahısı düşməmişdir. Bununla bağlı olaraq həmin müddətdə iddiaçıya töhmət verilmişdir. Buna səbəb isə adı vurulmayan malı müştəri qaytardıqda həmin malın kassada göstərilməməsi olmuşdur. İddiaçıya qarşı verilən töhmət 6 ay əvvəl olduğu üçün qüvvədən düşmüşdür. Daha sonra isə kassada işlədiyi zaman malın silinməsini əvvəllər kassir vəsifəsini icra edən şəxslər edirdi. Kassada çalışdığı zaman müştəri çox olduğu üçün müştəri şikayətin qarşısını almaq üçün tələsik olaraq həmin malı iddiaçı özü silmişdir. Bunula bağlı isə ona şiddətli Töhmət verilmişdir. Şiddətli Töhmət isə iddiaçıya şifahi şəkildə bildirilmişdir. Müdiriyyət tərəfindən isə bu barədə ona heç bir əmr və ya yazılı formada heç bir sənəd tərtib olunmamışdır. Bu səbəbdən iddiaçıya Şiddətli Töhmət verilməsinə inanmamışdır. İddiaçı bununla bağlı heç bir yerə şikayət etməmişdir. İddiaçı ali təhsilli olduğu üçün burada malların qəbulu işi üzrə imtahan verib getmək istəmişdir. Bununla bağlı ona şiddətli töhmət verməklə qəsdən geri salmışlar. Bu şiddətli töhmətdən 3 gün sonra yenə də kassada işlədiyi zaman müştəri çox olduğu üçün Yönətici müdir müavinin çöldə olub siqarət çəkdiyindən yenə də malın silinməsini iddiaçı özü həyata keçirmişdir. Bununla bağlı olaraq yenə də ona qarşı intizam tənbehi tətbiq edərək iddiaçını işdən azad etmişlər. Hazırda isə kassada silinmə ilə əlaqədar heç bir əskik və ya oğurluq halı olmadığı üçün iddiaçı onların bu qanunsuz əməli ilə razılaşmamışdır. İnsan Resursları ona öz istəyilə işdən çıxmağı təklif etsə də, iddiaçı ərizəsini yazmamış və buna görə də işəgötürən tərəfindən Əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Əmək məcəlləsinin 72-ci Maddəsinin “ə” bəndinə müvafiq olaraq xitam verilmişdir. Bütün bunları nəzərə alaraq, iddiaçı ilkin aydada mediasiya təşkilatına müraciət etmiş, lakin prosesin davam etdirilə bilməməsi ilə bağlı arayış təqdim edilmişdir. Bütün bunları nəzərə alaraq iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu baxımdan cavabdehin iddiaçını kobud qanun pozuntuları ilə işdən çıxararaq verdiyi əmr qanunsuz və əsassızdır. Bundan başqa qanunsuz işdən çıxarıldığı üçün itirdiyi iş saatlarının əvəzinə maaşının hesablanması nəzərə alınmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, onun işdən azad edilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş 24 may 2024-cü il tarixli 1821-K saylı əmrinin etibarsız hesab edilməsi, işəgötürən tərəfindən işə buraxılmadığı günlər hesablanmaqla əmək haqqının Cavabdeh MMC-dən tutularaq işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, işdən çıxarılmasına səbəb olan silmə əməliyyatını müştərinin şikayətinin qarşısını almaq üçün etmişdir. Belə ki, müştərilər bəzən aldıqları malları kassaya vurulandan sonra qaytarmaq istəyirlər. Bu əməliyyat mağazanın yalnız bir işçisində olan kart vasitəsilə aparılır. Həmin işçi yerində olmayanda müştərilər gözləmək istəmirlər və bu hal onların şikayətlərinə səbəb olur. Həmin vaxt həmin işçi mağazada olmadığına, müştəri də tələsdiyinə görə o, xatırladığı qədər təxminən 2-3 manat dəyəri olan çay məhsulunu kassadan silmək əməliyyatını aparmağa məcbur olmuşdur. Bu zaman heç kimin rahatçılığı pozulmamış, mağazanın ümumi iş ahənginə təsir olmamış, müştəri məmnun halda mağazadan getmişdir. Məhkəmə iclası barədə Cavabdeh MMC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi hazırkı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 12 iyul 2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı pərakəndə satış departamentinə kassir vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 347,49 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 149T nömrəli, 03 may 2024-cü il tarixli İntizam tənbehinin verilməsi haqqında əmrin surətindən görünür ki, kassir vəzifəsində işləyən İddiaçı Mobil oğluna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (əmək funksiyasının qaydalarını pozduğuna görə) töhmət verilməsi, kassir vəzifəsində işləyən İddiaçı Mobil oğlunun əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl edilməsində əsaslı dönüş yaratmalı olması, belə halların təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görücələyi nəzərinə çatdırılması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 154T nömrəli, 07 may 2024-cü il tarixli İntizam tənbehinin verilməsi haqqında əmrin surətindən görünür ki, kassir vəzifəsində işləyən İddiaçı Mobil oğluna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək intizamını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə) sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, kassir vəzifəsində işləyən İddiaçı Mobil oğlunun əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl edilməsində əsaslı dönüş yaratmalı olması, belə halların təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görücələyi nəzərinə çatdırılması əmr edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 22 yanvar 2023-cü il tarixli izahatdan görünür ki, 22 yanvar 2023-cü il tarixdə kassada çalışdığı zaman kassa ətrafında büro işçi olmadığı və müştəri tələsdiyi üçün müdriyyətə demədən silinmə etmişdir. Bu halın təkrarlanmamasına çalışacaqdır, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 09 dekabr 2023-cü il tarixli izahatdan görünür ki, 09 dekabr 2023-cü il tarixdə kassada çalışdığı zaman kassa yaxınlığında yetkili şəxslər və büroçu olmadığı üçün silinəcək bir ədəd məhsulu onlara bildirmədən silmişdir. Mağaza müdiri Q.Cavid bəy tərəfindən irad bildirilmişdir. Bu halın təkrarlanmamasına çalışacaqdır, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 17 dekabr 2023-cü il tarixli izahatdan görünür ki, 17 dekabr 2023-cü il tarixdə kassada çalışdığı zaman kassa yaxınlığında yönətici və büroçu olmadığı üçün kassa monitorunda bir ədəd məhsulu silmişdir. Bu halın təkrarlanmamasına çalışacaqdır, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli izahatdan görünür ki, 16 fevral 2024-cü il tarixdə kassada çalışdığı zaman büroçu iş gördüyü üçün büroçuya deyərək 1 ədəd mal silmişdir. Bu halın təkrarlanmamasına çalışacaqdır, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli izahatdan görünür ki, 25 aprel 2024-cü il tarixdə kassada çalışdığı zaman kassa ətrafında yönətici olmadığı üçün özbaşına silinmə etmişdir. Bu halın təkrarlanmamasına çalışacaqdır, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli izahatdan görünür ki, 29 aprel 2024-cü il tarixdə kassada çalışdığı zaman kassa ətrafında yönətici olmadığı üçün silinmə etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 03 may 2024-cü il tarixli izahatdan görünür ki, kassada çalışdığı zaman yönətici xəbərdarlıq etməsinə baxmayaraq, yönəticiyə və büroçuya məlumat vermədən kassa ətrafında olmadığı üçün müştəri tələsdiyi üçün və müştəri şikayətinin qarşısını almaq üçün silinmə etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 07 may 2024-cü il tarixli izahatdan görünür ki, 07 may 2024-cü il tarixdə kassada çalışdığı zaman kassada müştəri malı qaytardığı üçün və büroçuya zəng edib tapmadığı üçün, yönətici kassa ətrafında olmadığı üçün və axtarıb tapa bilmədiyi üçün məcburən qaytarılan malı özü silmişdir. Bu halın təkrarlanmamasına çalışacaqdır, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 15 may 2024-cü il tarixli izahatdan görünür ki, kassada işlədiyi zaman silinmə ilə bağlı şiddətli töhmət almışdır. Ondan 3-4 gün sonra müştəri malı qaytardığı üçün müştərinin şikayət etməməsi üçün, yönətici siqaretdə olduğu üçün, səhvən özü silmişdir. Bu barədə İnsan resursları əməkdaşları ilə görüşmüş və ona ətraflı məlumat verilmişdir. Bu halın təkrarlanmamasına çalışacaqdır, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Baş direktoru X12 tərəfindən Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı Mobil oğluna 29 aprel 2024-cü il tarixdə edilmiş yazılı xəbərdarlıqdan görünür ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kassada silmə əməliyyatı etmişdir, belə hallar təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görüləcəkdir. İş materiallarında olan Cavabdeh MMC-nin Pərakəndə satış departamentində mağaza müdiri vəzifəsində işləyən X1, mağaza müdir müavini vəzifəsində işləyən X10, xəzinədar vəzifəsində işləyən X6 və kassir vəzifəsində işləyən X2 tərəfindən tərtib edilmiş 21 may 2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən Cavabdeh MMC-nin Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinı, həmçinin intizam tənbehi verilməsinə baxmayaraq kassasında sətir ləğvi əməliyyatı etməyə davam etmişdir. Bunun nəticəsində müəssisənin işinə mənfi təsir göstərmiş, iş ahəngi pozulmuş və müəyyən sıxıntılar yaşanmışdır. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə 1821 K nömrəli 24 may 2024-cü il tarixli əmrin surətindən görünür ki, pərakəndə satış departamenti bölməsində kassir vəzifəsində işləyən İddiaçı Mobil oğlu haqqında işçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qərarı, HİK-nin tərtib etdiyi akt, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) uyğun olaraq Əmək Məcəlləsinin 71.2-ci maddəsi (işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması) əsas götürülməklə İddiaçı ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 17.91 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 24 may 2024-cü il tarixli 293 nömrəli məktubdan görünür ki, 24 may 2024-cü il tarixdən Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən halda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün) xitam verilmişdir. İddiaçı əmək kitabçasını təhvil almaq üçün Cavabdeh MMC-nin baş ofisinə dəvət edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri X3, Həmkarlar İttifaqı Komitəsinin üzvləri X7, X8, X9, X11 tərəfindən tərtib edilmiş 23 may 2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən Cavabdeh MMC-nin Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı 23 may 2024-cü il tarixində baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış, lakin əmək vəzifələrini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “Ə” bəndini rəhbər tutaraq, xx.xx.2024-cü il tarixdən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. İşçinin əmək müqaviləsinə xitam verildikdən sonra Əmək kitabçasına əmk müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsinin müvafiq qeydlər aparılmış və ona təhvil verilmişdir. Bu məsələnin mübahisəsiz tərəfidir və şəxsin imzası ilə təsdiqlənir. İddiaçının iş materiallarına əlavə etdiyi məktubdan görünür ki, şəxsin əmək müqaviləsinə hansı əsasla xitam verildiyi Cavabdeh MMC tərəfindən ona bildirilmişdir. Bütün bunlar onu göstərir ki, şəxs Əmək Məcəlləsinin hansı maddəsi ilə işdən çıxarıldığını bilirdi. İddiaçı Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli X5 barədə Təklifini göndərmişdir. Onun iş materiallarına əlavə etdiyi X4 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış isə xx.xx.2024-cü il tarixində verilmişdir. Beləliklə, şəxsin əmək kitabçasını təhvil aldığı gündən yəni xx.xx.2024-cü il tarixdən Cavabdeh MMC-yə X5 barədə Təklifin göndərilməsinədək yəni bilməməsi barədə Arayış verildiyi gündən, yəni xx.xx.2024-cü il tarixindən məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günədək, yəni xx.xx.2024-cü il tarixədək isə 28 gün müddət keçdiyi nəzərə alınsa, ümumilikdə 52 gün müddət ötürülmüşdür. Bu da Əmək Məcəlləsi ilə nəzərdə tutulan 1 aylıq iddia müddətindən artıqdır. İş materiallarından göründüyü kimi, hazırkı məhkəmə mübahisəsi ilə əlaqədar iddiaçı prosessual müddətin pozulmasına dair heç bir səbəb göstərməmiş və müddətin bərpası ilə bağlı əsaslandırılmış vəsatət və ya ərizə təqdim etmədən iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndinə görə İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İlk növbədə məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Həmin qanunun 3.2-ci maddəsinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “X5 barədə müqavilə” ilə müəyyən olunur. İş materiallarından müəyyən edilir ki, X5 barədə təklif 21 iyun 2024-cü il tarixdə cavabdehə göndərilmiş, Mediasiya Şurası Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən X4 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış 25 iyul 2024-cü il tarixdə verilmişdir. İddiaçı məhkəməyə 22 avqust 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddəti ötürülmədyindən iddiaya mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 12 iyul 2023-cü il tarixdə Cavabdeh MMC-də pərakəndə satış departamenti bölməsində kassir vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı tərəfindən kassada sətir ləğvi (müştəri tərəfindən geri qaytarılan məhsulun silinməsi) əməliyyatları aparılmış, bununla bağlı cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıqlar olunmuşdur. Cavabdeh MMC-nin 1821 K nömrəli 24 may 2024-cü il tarixli əmri ilə İddiaçı ilə Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən halda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün) xitam verilmişdir. Həmin əmrin surətindən görünür ki, əmrin giriş hissəsində qeyd edilmişdir ki, pərakəndə satış departamenti bölməsində kassir vəzifəsində işləyən İddiaçı Mobil oğlu haqqında işçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qərarı, HİK-nin tərtib etdiyi akt, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) uyğun olaraq Əmək Məcəlləsinin 71.2-ci maddəsi (işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması) əsas götürülməklə İddiaçı ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 17.91 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Beləliklə, əmrin giriş hissəsində Əmək Məcəlləsinin iki maddəsinə istinad edilərək, iki əsas qeyd edilmiş - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması və işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, bununla yanaşı əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bununla yanaşı silmə əməliyyatının işçi tərəfindən aparılmasının qadağan edilməsi ilə bağlı əmək müqaviləsində hər hansı maddə müəyyən edilməmiş, məhkəmə iclasında cavabdeh tərəf iddiaçı tərəfindən silmə əməliyyatının aparılması nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, həmçinin bunun nəticəsində işəgötürənə maddi zərərin vurulması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Mülki işdə olan sübutları qiymətləndirib, qeyd edilmiş əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunsuz olduğundan, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMCnin 1821 K nömrəli 24 may 2024-cü il tarixli əmri ləğv edilməli, iddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamenti bölməsində kassir vəzifəsinə bərpa edilməli və iddiaçıya məcburi iş buraxmaya görə 24 may 2024-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.2-ci maddəsinə görə isə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 1821 K nömrəli 24 may 2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamenti bölməsində kassir vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 24 may 2024-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar