Məhkəmə qərarları › İş №2(011)-725/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-725/2024

16.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-725/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və onun üzərində olan tikililərdən istifadə qaydasının müəyyən edilməsi, özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və onun üzərində olan tikililərdən istifadə qaydasının müəyyən edilməsi, özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 2942-D saylı məhəllədə yerləşən 0,12 ha torpaq sahəsi və 2 mərtəbəli fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, maşın yolunun bərpası və istifadə edilməsi hüququnun müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının sahibliyində, istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 2942-D saylı məhəllədə yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinə aid qarajı, 3 zirzəmi, dəmir barmaqlıqlı darvaza qapısının, toyuq damının azad edilməsi, alınaraq iddiaçıya verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evin qapısının kilidi 60 manat, zirzəminin iki qapısının kilidi 180 manat, blok qapısının şüşəsi 80 manat və həmin mübahisə zamanı mobil telefonun sındırması nəticəsində vurulmuş 170 manat ziyan, qaraj qapısının kilidi 25 manat, işıq xətti avadanlıqları 60 manat, cəmi 575 manat məbləğində olan zərərin ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat dövlət rüsumunun və məhkəmə prosesində əlavə xərclərində cavabdehlərdən müştərək olaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 2000-ci il tarixli 457 saylı sərəncamına əsasən iddiaçının mərhum anası X1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə fərdi yaşayış evi tikilməsi məqsədi ilə 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində təsdiq edilmiş layihə əsasında tikinti normalarına uyğun 2 mərtəbədən ibarət fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evinın tikintisində maliyyə çətinliyi olduğundan anası iddiaçı ilə 2013 və 2014-cü ildə iddiaçının mərhum əri X2 ilə razılıq əsasında evin (son beton xərci, binanın ümumi malası, kommunalların qaz-işıq-su-telefon internet çəkilişi, qaraj qapıları-təmiri, evin çöl qapı-darvazaları, 1-ci mərtəbənin daxili tam təmiri, zirzəmilərin təmiri qapıları və s). tikiliyə xərcləri ödəməklə evin birinci mərtəbəsinin iddiaçının, ikinci mərtəbəsinin anası R.Ə.Cəfərzadənin adına rəsmiləşdirilməsi razılaşdırılmışdır. İddiaçı və Məcidov İmanverdinin üzərinə düşən öhdəliklər tam şəkildə 2014-cü ildə yerinə yetirilərək yaşayış evinin tikintisi başa çatdırılmış, 2015-ci ilin yanvar ayında sonuncular 1-ci mərtəbəyə köçmüşdür, 2017-ci ilin mart ayında evin ikinci mərtəbəsi Rəhilə Cəfərzadəyə təhvil verilmişdir. İddiaçının anası R.Cəfərzadə və əri İ.Məcidov xəstə olduğuna görə yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsi, qeydə alınması, hüquqmüəyyənedici sənədlərin toplumu yubanmışdır. Evin tikintisində iddiaçının qardaşları Nadir və Namiqin heç bir iştirakı olmamışdır. İddiaçının əri İ.Məcidov 31 yanvar 2016-cı ildə, anası R.Cəfərzadə 24 dekabr 2020-ci ildə, atası Ə.İbadzadə 13 avqust 2022-ci ildə vəfat etmişdir. Anasının və atasının vəfatından sonra qanuni vərəsələr arasında həmin yaşayış evinin bölünməsi ilə bağlı mübahisələr yaranmışdır. Mübahisəli evin hüquqmüəyyənedici sənədləri olmadığına, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə miras kütləsinə daxil edilməmişdir. Buna baxmayaraq iddiaçının qardaşları Nadir və Namiq özbaşınalıq edərək iddiaçının yaşayış evinə özünə aid olan hissələrindən layihə üzrə 1-ci mərtəbəyə aid qarajı, zirzəmiləri zəbt edib, zirzəmilərin qapılarını sındırıb, evin blok hissəsini özbaşına bölgü aparılması, evə gələn avtomobil yolunu – darvaza qapısının ön hissəsinə torpaq tökməklə avtomobilin gediş-gəlişinə maneə törətməsi, yolunun kəsilməsi, kommunalları adlarına keçirərək kommunallarla iddiaçının uşağının vaşamasına maddi mənəvi ziyan vurması bitmək bilmir. Bu barədə DİN-ə, Xətai RPİ-nə və Xətai RPİ-nin 35-ci PB-nə, Prokurorluğa müraciətləri olsa da mülki iş deyərək iddiaçıya İcra Orqanlarına müraciət etməli olması bildirilmişdir. 2022-ci ilin aprel ayından başlayaraq mütəmadi olaraq G.Mehmandarov 2942 ünvanda iddiaçının sahibliyində olan əmlaklarını zəbt etməklə, sındırıb dağıtmaqla, 2023cü ilin fevral ayından ümumi istifadədə olan kommunallarını kəsməklə yaşayış həyatı iflic vəziyyətinə salınmışdır. İddiaçı kommunal xərclərini ödəsə də Nadir və Namiq qəsdən məqsədyönlü olaraq tez-tez kommunalları kəsirlər, dava-dalaş salınması, polisin əli ilə 1 ay, 2 ay istifadə olunur və təzədən eyni əməllər təkrarlanır. İddiaçı su, qaz, işıq, kommunal idarələrinə müraciət etdikdə yalnız su idarəsi iddiaçının evini su sayğacı ilə təmin edibdir. Lakin qaz və işıq idarələri ikinci sayğacla təmin etmirlər. Kommunal idarələri G.Mehmandarov 2942 D ünvanda olan 2 mərtəbəli evin bölgüsünün aparılması, sərhədlər müəyyən olunduqdan sonra qaz, işıq sayğacları ilə təmin edə biləcəklərini bildirmişlər. 06/07 avqust 2021-ci ildə cavabdehlər Cavabdeh1 və Namiq 1-ci mərtəbəyə məxsus iddiaçının sahibliyində istifadəsində olan qaraj zirzəmini zəbt edərək zirzəminin qapılarını sındıraraq, kilidlərini xarab edərək maddi ziyan vurub, zəbt edib qaytarmırlar. Bu barədə də DİN-nin 102 xidmətinə iddiaçının rəsmi müraciəti olmuş, Xətai Prokurorluğunun, Xətai RPİ-nin və Xətai RPİ-nin PB-nin 35-ci PB-də baxılsada mülki mübahisədir, məhkəməyə müraciət etməli olması bildirilmişdir. Avtomobillərin evə gəliş-gediş yolunun üstünə cavabdehlər Nadir və Namiq tərəfindən darvazanın ön hissəsinə torpaq tökülmüş, gedişgəlişə, istifadəyə maneçiliklər törədirlər. Belə ki, həmin avtomobil yolu 2013-cü ildən fərdi evlərin istifadəsində olub. İddiaçının həyətyanı sahəsi, qarajı olsa da avtomobillərini küçədə saxlamağa məcbur olur. Küçədə də avtomobillərinə ziyan vurulduğuna görə cavabdehlərdən qarajı, zirzəmini, gediş-gəliş yolunun bərpa olunmasını şifahi, yazılı müraciətləri olsa da qaytarmırlar. İddiaçı 1-ci Qarabağ veteranının arvadı, tək ana 4-cü sinifdə oxuyan 2014-cü təvəllüdlü 8 yaşlı qızı Arzu ilə 3 ildir cavabdehlərin təzyiq, təhdidləri, zorakılıqları ilə üz-üzə, əzab çəkərək yaşayır. Bu barədə iddiaçının Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə də müraciəti olmuşdur. Xətai Rayon İcra Hakimiyyətinin 05 sentyabr 2023-cü tarixli 5_11/2-İ-79-091/2023 saylı məktubunda da məhkəməyə müraciət etməyi bildirilib. İddiaçı cavabdehlərin qanunsuz əməllərinə görə özgəsinin sahibliyində olan öz əmlakını, dəymiş ziyanı və maneələrin aradan qaldırılması üçün iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etməli olur. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunazidd, bilərəkdən məqsədli olaraq iddiaçının sahibliyində istifadəsində olan əmlaklarını sındırıb dağıdan, zərər vuran, zəbt edilən, avtomobillərin həyətə giriş-çıxış yolunun bərpası cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək onun əsassız olduğunu, bu səbəbdən təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı digər Cavabdeh1 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: Məhkəmə tərəfindən müəyyən edilmiş işin həqiqi halları ondan ibarətdir ki, iddiaçı və cavabdehlər bacı-qardaşdırlar. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən fərdi yaşayış evi 2 mərtəbə və zirzəmi (qaraj) hissəsindən ibarətdir. İstinad olunan tikili qanunsuz tikilidir. Nə tikilinin yerləşdiyi torpağın, nə də tikilinin hüquqmüəyyənedici sənədi mövcud deyil. Tikilinin 1-ci mərtəbəsi iddiaçının, 2-ci mərtəbəsi Cavabdeh2 istifadəsindədir. Tikilinin zirzəmisindən, yəni 2 ədəd qarajın yerləşdiyi sahə Cavabdeh1 istifadəsindədir. Tikilinin arxasında həyətyanı sahə mövcuddur. Həyətyanı sahənin bir küncündə tərəflərin “hin” adlandırdığı tikili (bundan sonra – toyuq damı) mövcuddur. İstinad olunan evə 2 yolla daxil olmaq mümkündür. Birinci yol ümumi istifadədə olan yoldan, digəri isə tərəflərin zəbt etdiyi həyətyanı sahədəndir. Hazırda iddiaçı istinad olunan evin onun və anasının vəsaiti hesabına tikildiyini əsas gətirərək iddia irəli sürmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 2942-D saylı məhəllədə yerləşən 0,12 ha torpaq sahəsi və 2 mərtəbəli fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, istinad olunan tikili və torpaq sahəsi rəsmi şəkildə vətəndaşa dövlət tərəfindən ayrılmamış, onun tikintisinə rəsmi dövlət orqanları tərəfindən icazələr verilməmişdir. İstinad olunan ev qanunsuz tikili, onun yerləşdiyi torpaq sahəsi isə zəbt edilmiş torpaq sahəsidir. Nə qədər ki, nə ev, nə də torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçməmişdir, onlarla bağlı istifadə qaydalarının müəyyən edilməsi mümkün deyil. Məhkəmə iddia tələbinin maşın yolunun bərpası və istifadə edilməsi hüququnun müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, yerli baxış zamanı iddiaçının maşın yolu adlandırdığı sahəyə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin sahə zəbt olunmuş, faktiki ümumi istifadədə olan həyətyanı sahədir. Orada hər hansı maşın yolunun olması, maşın yolunun məhv edilməsi və ya istifadəyə yararsız hala salınması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Nə qədər ki, istinad olunan sahə həyətyanı sahədir, hər 3 tərəfin də eyni sahədən istifadə üçün bərabər hüquqları vardır, iddiaçı və cavabdehlər həyətyanı sahədən təyinatı üzrə istifadə etməkdə sərbəstdirlər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının sahibliyində, istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 2942-D saylı məhəllədə yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinə aid qarajı, 3 zirzəmi, dəmir barmaqlıqlı darvaza qapısının, toyuq damının azad edilməsi, alınaraq iddiaçıya verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı istinad olunan tikilinin onun və anasının vəsaiti hesabına tikilməsinə istinad edərək bu tikililərin onun sahibliyində olmasını bildirmiş və cavabdehin qanunsuz istifadəsindən geri alınmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. İddiaçı zirzəmidə yerləşən qarajın və 3 zirzəmi otağının onun sahibliyində və istifadəsində olmasını bildirsə də, yerli baxış zamanı müəyyən edilmişdir ki, həmin sahələr Cavabdeh1 istifadəsi və sahibliyindədir. Bu sahələrin onun istifadəsindən alınması üçün iddiaçı tərəfindən hər hansı qanuni əsas göstərilməmişdir. İddiaçı toyuq damının azad edilməsi və dəmir barmaqlıqlı darvaza qapısı ilə birlikdə iddiaçıya qaytarılmasını xahiş etsə də, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, toyuq damı və dəmir barmaqlıqlı darvaza qapısı tərəflərin ümumi istifadəsində olan sahədə yerləşir və o, cavabdehlərin heç biri tərəfindən zəbt edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evin qapısının kilidi 60 manat, zirzəminin iki qapısının kilidi 180 manat, blok qapısının şüşəsi 80 manat və həmin mübahisə zamanı mobil telefonun sındırması nəticəsində vurulmuş 170 manat ziyan, qaraj qapısının kilidi 25 manat, işıq xətti avadanlıqları 60 manat, cəmi 575 manat məbləğində olan zərərin ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı istinad etdiyi məbləğləri sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etmədiyindən, məhkəmə iddianın bu hissədə də rədd edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 2942-D saylı məhəllədə yerləşən 0,12 ha torpaq sahəsi və 2 mərtəbəli fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, maşın yolunun bərpası və istifadə edilməsi hüququnun müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının sahibliyində, istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 2942-D saylı məhəllədə yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinə aid qarajı, 3 padval, dəmir barmaqlıqlı darvaza qapısının, toyuq damının azad edilməsi, alınaraq iddiaçıya verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evin qapısının kilidi 60 manat, padvalların iki qapısının kilidi 180 manat, blok qapısının şüşəsi 80 manat və həmin mübahisə zamanı mobil telefonun sındırması nəticəsində vurulmuş 170 manat ziyan, qaraj qapısının kilidi 25 manat, işıq xətti avadanlıqları 60 manat, cəmi 575 manat məbləğində olan zərərin ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat dövlət rüsumunun və məhkəmə prosesində əlavə xərclərində cavabdehlərdən müştərək olaraq İddiaçı xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar