Məhkəmə qərarları › İş №2(011)-7280/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7280/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7280/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı “pul və avtomobil” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi: İddiaçı MMC-nin cavabdeh X4 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 2024-cü il aprel ayından avqust ayına qədər olan müddətdə yaranmış 1788 AZN pulun və ödənilmiş 100 AZN dövlət rüsumunun, iddiaçıdan icarəyə götürdüyü X8 mülkiyyətində olan “Opel Astra (xetçbek)” markalı, 2005-ci il buraxılışlı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə ərizə ilə müraciət edərək, X5 tərəfindən ödənilməli olan məbləğin aprel ayından oktyabr ayına qədər 2682 manat təşkil etdiyinə görə iddia ərizəsinə əlavə vermişdir. İddiaçı sonradan iddia tələblərini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 2682 manat məbləğində icarə haqqının və 100 manat məbləğində ödənilmiş dövlət rüsumun tutularaq iddiaçıya verilməsi, İddiaçı MMC ilə cavabdeh Ramil Fərzəliyev (Farzalıev) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “avtonəqliyyat vasitəsinin icarə haqqında” iltizamının ləğv edilməsi və icarə obyekti olan Opel Astra (xetçbek)” markalı, 2005-ci il buraxılışlı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 ( İcarəyə verən) ilə “313 Cars MMC” İcarədar arasında xx.xx.2024-ci il tarixli 01 № li avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 maddəsinə əsasən icarəyə verən ona məxsus nəqliyyat vasitəsini icarəyə verir. İcarəçi isə həmin nəqliyyat vasitəsini öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 5.1 bəndində qeyd edilmiş nəqliyyat vasitəsini xx.xx.2024-cü ildə qəbul etmək və nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək icarəçinin (cavabdehin) öhdəliklərinə aid edilmişdir. X9 məxsus olan Opel Astra minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı 2005-ci il buraxılışlı avtomobili xx.xx.2024-ci il tarixdən 25 ay müddətinə 447 manat olmaqla cavabdeh X4 avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı əsasında icarəyə verilmişdir. X1 müqavilə üzrə öhdəliyi yerinə yetirilməməsi ilə (ödənilməli olan icarə haqqı) müqavilədə nəzərdə tutulan normaları da pozmuş, müqavilənin mahiyyətinə zidd olaraq, avtomaşından istifadə edərək. 1788 manat ödəmişdir. Halhazırda avtomobil X2r. Onun hərəkətlərindən belə məlum olur ki icarə haqqını vermək fikri yoxdur və avtomaşını qaytarmır. Tərəflərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh tərəfindən artıq 6 aydır ki, ödəniş edilməmiş və nəqliyyat vasitəsi onlara geri qaytarılmamışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmiş, 0.40 manat xidmət haqqı tutulmuşdur. İş materiallarından görünür ki, icarəyəverən X10 **-KG-*** dövlət qeydiyyat nişanlı “Opel Astra (Xetçbek)” minik markalı nəqliyyat vasitəsini icarəçi İddiaçı MMC-yə icarəyə verməsi barədə xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icarə müddəti bu müqavilənin imzalanmasından sonra icarə avtomobilini icarəçinin faktiki sərəncamına verildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayır. 2.2-ci maddəsindən görünür ki, icarə müddəti başlanğıc tarixindən etibarən xx.xx.2026-cı il tarixədək müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, **-KG-*** minik markalı “Opel Astra” minik markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X10 (etibarnamə əsasında X6) tərəfindən Ramil Farzalıevə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********415 saylı ərizədən görünür ki, X10 (onun əvəzinə Nümayəndə) xx.xx.2022-ci il tarixli Ramil Farzalıevə verilmiş nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin ləğv edilməsi üçün Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamından görünür ki, X7 77KG 478 qeydiyyat nişanlı “Opel Astra ( Xeçbekt)” markalı avtomobili öncə tam yoxlamış (yoxlatmış) qiyməti ilə razıl olduqdan sonra qəbul etmişdir.......Avtomobili qəbul etdikdən sonrta 25 ay müddətinə hər ay 447 AZN olmaqla ayın 18-ə kimi ödəniş etməyi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı icarəyəverən İddiaçı MMC və icarədar Fərzəliyev (Farzalıyev) Ramil Ramal oğlu tərəfindən imzalanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdətutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyəverən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Həmin Məcəllənin 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər Həmin Məcəllənin 685.3-cü maddəsinə əsasən bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **-KG-*** minik markalı “Opel Astra” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X10 olmuş, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən adıçəkilən nəqliyyat vasitəsini İddiaçı MMC-yə icarəyə vermişdir. Elə həmin tarixli, yəni xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamdan görünür ki, adıçəkilən nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən Ramil Fərzəliyevə (Farzalıyevə) icarəyə verilmiş və icarə haqqı 44 manat olmaqla, icarə müddəti 24 ay müəyyən edilmişdir. 2024-cü ilin aprel ayından hazırkı tarixədək nəqliyyat vasitəsinin istifadəsinə görə cavabdeh tərəfindən İddiaçı MMC-yə icarə haqqı ödənilməmiş, habelə nəqliyyat vasitəsi iddiaçıya qaytarılmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, adıçəkilən nəqliyyat vasitəsinin subicarəyə verilməsindən mülkiyyətçi (icarəyəverən) məlumatlı olmuşdur. Bu hal iş materiallarında xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə də təsdiq edir. Belə ki, həmin etibarnamədən görünür ki, **-KG-*** minik markalı “Opel Astra” minik markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X10 (etibarnamə əsasında X6) tərəfindən Ramil Farzalıevə verilmişdir. Odur ki, İddiaçı MMC subicarəyə verən olaraq hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Cavabdeh tərəflər arasında bağlanmış subicarə (iltizam) müqaviləsi əsasında nəqliyyat vasitəsindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda həmin nəqliyyat vasitəsindən istifadəyə dair haqq ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə (iltizam) əsasında icarə obyekti olan əmlakdan istifadə etmiş, lakin əmlakdan istifadə üçün ödəniş etmək vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın avtomobilin alınması hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, cavabdeh ardıcıl olaraq aprel ayından oktyabr ayına qədər olan icarə haqqını ödəməmişdir. Qeyd edilən hal isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2.1-ci maddəsinə əsasən icarə müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Mülki Məcəlləninin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Odur ki, tərəflər arasında olan icarə müqaviləsi ləğv edilməli, onlar arasında yaranmış öhdəliklərə xitam verilməli, habelə iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş nəqliyyat vasitəsi iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC ilə cavabdeh Ramil Fərzəliyev (Farzalıev) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “avtonəqliyyat vasitəsinin icarə haqqında” iltizamı ləğv edilsin. Cavabdeh Ramil Fərzəliyevdən 2682 (iki min altı yüz səksən iki) manat məbləğində icarə haqqı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMCyə verilsin. **-KG-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı (BAN nömrəsi: W0L0AHL4********) maşın cavabdeh Ramil Fərzəliyevin (Farzalıevin) faktiki sahibliyindən alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar