Məhkəmə qərarları › İş №2(011)-7382/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7382/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7382/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdehlər Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 qarşı – Cavabdeh (qanuni nümayəndəsi) X2 İddiaçı MMC-nin xeyrinə 4853 manat əsas borcun, 2254 manat dəbbə pulunun və 99 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin xahiş etdim hissəsində Cavabdeh qanuni təmsilçiləri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə təhsil alan Cavabdeh valideyni Qanuni nümayəndə2 arasında bağlanmış Təhsilin təşkili haqqında 963/2020 (T2021-2022) saylı xx.xx.2021-ci il tarixli və 963/2021 (T2019-2020) saylı xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən İddiaçı MMC Cavabdeh təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli və Cavabdeh 2019-2021-ci təhsil ili üçün ümumilikdə 4947 manat təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladına təhsil verilsə də, o təhsil haqqının 4853 manat hissəsini ödəmiş, 4947 manat borcu qalmışdır. Bununla bağlı bocluya xx.xx.2021-ci il tarixli pretenziyalar daxil edilsə də, o borcun ödənilməsini təmin etməmişdir. xx.xx.2020-ci il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilələrin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən, yəni xx.xx.2020-ci il tarixdən 503 gün üçün ödənilməli dəbbə pulu 2254 manat təşkil edir. Tərəflərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasında iştirak etməmələrinin üzrlü səbəbi müəyyən edilmədiyindən, Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli, 963/2020 (T2020-2021) saylı Təhsilin Təşkili müqaviləsinə əsasən, Cavabdeh 2020-2021-ci tədris ili üçün təhsil haqqı məbləği 4900 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, 963/2021 (T2020-2021) saylı Təhsilin Təşkili müqaviləsinə əsasən, Cavabdeh 2021-2022-ci tədris ili üçün təhsil haqqı məbləği 4900 manat təşkil edir. xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh valideyni Qanuni nümayəndə1 xx.xx.2020-ci il tarixli, 963/2020 (T2020-2021) saylı müqaviləyə əsasən İddiaçı MMC-nə 3400 manat təhsil haqqı borcu, 1198 manat dəbbə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh valideyni Qanuni nümayəndə2 xx.xx.2021-ci il tarixli, 963/2021 (T2020-2021) saylı müqaviləyə əsasən İddiaçı MMC-nə 2200 manat təhsil haqqı borcu, 1056 manat dəbbə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 99 manat məbləğində dövlət rüsumu ödənilmişdir Pretenziya məktublarından görünür ki, İddiaçı MMC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yenə həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmənin mövqeyi: Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan övladlarının təhsil almaq hüququna malik olduğu kimi, eyni zamanda təhsil haqqının dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdurlar. Cavabdehlər isə göstərilən müqavilə əsasında övladlarının təhsil almağına dair hüququndan istifadə etmiş, lakin təhsil haqqının dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişlər. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Odur ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın dəbbə ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə əsassız və şişirdilmiş məbləğdir. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən təhsil haqqı borcuna görə 4853 manat əsas, 490 manat dəbbə borcu olmaqla, ümumilikdə 2254 manat məbləğində borcunun tutulması barədə tələb qismən əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 4853 manat əsas, 490 manat dəppə borcu olmaqla ümumilikdə 5343 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, 963/2020 (T2020-2021) saylı və 14 sentyabr 2021-ci il tarixli, 963/2021 (T2020-2021) saylı müqavilələrə əsasən 4853 (dörd min səkkiz yüz əlli üç) manat əsas, 490 (dörd yüz doxsan) manat dəbbə və 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5442 (beş min dörd yüz qırx iki) manat məbləğində pul Cavabdeh və Qanuni nümayəndə2 alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar