Məhkəmə qərarları › İş №2(011)-741/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-741/2025

14.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-741/2025 14.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) “işçiyə dəymiş maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) “işçiyə dəymiş maddi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 manatdan artıq maddi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdən etibarən işğaldan azad edilmiş Füzuli şəhəri, Yeni yaşayış massivində Cavabdeh MMC-də anbardar işinə qəbul edilib. Həmin vaxtdan xx.xx.2024-cü il tarixinə qədər qüsursuz olaraq qeyd edilən şirkətdə işləyib. Onun aylıq əmək haqqı 1.000 (bir min) manat, şirkət tərəfindən verilən yemək pulu isə 250 (iki yüz əlli) manat olduğu halda o, 10 ay 180 manat almışdır. Sonuncu 1 ayı isə 250 manat almışdır. Verilən yemək pulu hər ay karta deyil, ona əl-bə-əl verilib. Əmək müqaviləsində onun iş saatı saat 09:00-dan 17:00-a qədər, istirahət günü isə hər həftənin bazar günü qeyd edilməsinə baxmayaraq o, bütün ayı, bayram günlərini və bazar günlərini də şirkət tərəfindən məcburi qaydada işə cəlb edilib. 11 ayda olan bütün günləri işdə olub. Bundan əlavə olaraq saat 08:00-dan 18:00-a qədər, hətta elə ay olub ki, 07:00-dan gecə saat 01:00-a qədər məcburi işləyib. İşlədiyi 11 ay müddətində dəfələrlə müraciət etməyinə baxmayaraq şirkət tərəfindən məzuniyyətə çıxmaq hüququndan da məhrum olunub. Bütün işlədiyi artıq saatları hesablayanda 700 (yeddi yüz) saatdan artıq iş saatının məvacibi, əlavə olaraq məzuniyyətə buraxılmamağı onun əmək hüququnun pozulmasına əsas yaratmışdır. Dəfələrlə bu barədə şirkət rəhbərliyinə müraciət etmişdir, cavab bu olub ki, hamısı ödəniləcək. Lakin iddiaçı 11 ay dözdükdən sonra bezib öz ərizəsi ilə xx.xx.2024-cü il tarixdə işdən azad olub. Bu günə qədər şirkət ona son ayın maaşını və yemək pulu daxil olmaqla, onun əmək haqqı kartına son haqq hesab pulunu 1.649 (bir min altı yüz qırx doqquz) manat olaraq ödəniş edib. Cavabdeh yerdə qalan ödənişi etməkdən imtina edir. Bu az imiş kimi, şirkət 2024-cü il 01 yanvar tarixindən xx.xx.2024-cü il tarixinə qədər DSMF-da pensiya kapitalına 1 manat da olsun ödəniş hesabatını verməyib və köçürmə olmayıb. İddiaçının himayəsində 1-ci qrup əlil atası, məcburi köçkün olması və hərbi xidmətdə övladının olmağı da şirkət tərəfindən nəzərə alınmayıb. Şirkət tərəfindən iddiaçıya 10.000 (on min) manatdan artıq maddi ziyan dəymişdir. Daha sonra İddiaçı iddia tələbinə mülahizə təqdim edərək, bildirmişdir ki, ödənilməmiş iş saatlarının hesablanması aşağıdakı kimidir. O, Cavabdeh MMC-də bir ayı 1000 (bir min) manat maaşa və 250 ( iki yüz əlli) manat yemək pulu olmaqla 26 iş gününü (4 bazar) evdə qalmaq şərti ilə işləyib. Amma 4 bazar gününü də işləyib bütün aylar. Beləliklə 12.50 manat bölünsün 26 iş gününə. Belə olan halda onun 1 günlük əmək haqqı (8 saat) olmaq şərti ilə 48.07692302 manat təşkil edir. Həmin məbləği 8 saata böləndə onun 1 saatlıq əmək haqqı 6.0096 manat edir. Həmin 1 saatlıq əmək haqqı hesablanmamış, işlədiyi saat hesabına vursaq onun Cavabdeh MMC-dən qəti olaraq alacağı məbləğ 7205.51 manat (yeddi min iki yüz beş manat əlli bir qəpik) təşkil edir. Belə ki, o 2023-cü ilin oktyabr və noyabr aylarını hər gün saat 08:00-dan 19:00-a qədər işləyib. Halbuki, əmək müqaviləsində iş saatı 09:00-dan 17:00-a qədər qeyd edilmişdir. Beləliklə bu iki ayda onun hər gün 3 saat artıq işləməklə 183 saat artıq iş saatı yaranmışdır. Oktyabr ayı 31-dən, noyabr ayı 30-dan olmaqla 61 gün. 61 gün x 3 saat=183 saat. Burdan belə sual yarana bilər ki, nə üçün artıq qalıb işləyib. Şirkət bunu bilirdi və həmişə də deyilirdi ki, artıq saatları son haqq hesabda ödəniləcək. Bundan əlavə 2023-cü ilin dekabr ayının 29-na qədər saat 07:00-dan gecə saat 23:00-a qədər işləyib. Bu ayda isə 232 saat artıq iş saatı olub. 29 gün x 8 saata = 232 saat. 2024-cü ilin 03 yanvar tarixindən 2024-cü ilin fevral ayının 24-nə qədər də eyni saatlarda işləyib. Burdan isə 416 saat artıq iş saatı olmuşdur. 28 gün yanvar 24 gün isə fevral ayında 52 gün x 8 saata — 416 saat. 2024-cü ilin fevral ayının 25-dən 2024-cü ilin avqust ayının 30-na qədər isə saat 08:00-dan 18:00-a qədər işləyib. 4 gün fevral ayından, 28 gün mart ayından, 30 gün aprel, 31 gün may, 30 gün iyun, 31 gün iyul, 30 gün avqust ayından işləməklə ümumilikdə 368 saat artıq iş saatı yaranmışdır. 184gün x 2 saat = 368 saat. Beləliklə onun cəmi olaraq Cavabdeh MMC-də 7205.51 (yeddi min iki yüz beş manat əlli bir qəpik) manat özünə çatası vəsait, 2.076.68 (iki min yetmiş altı manat altmış səkkiz qəpik) manat isə DSMF-un fərdi şəxsi hesabına ödənilməli olan məbləğdir. Odur ki, həmin məbləğin Cavabdeh MMC-dən onun hesabına ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin qanuni təmsilçisi T.Zahidov məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh MMC tərəfindən iddia ərizəsinə yazılı etiraz verilərək bildirmişdir ki, anbardar vəzifəsində işləyən İddiaçıla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2. “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) onun öz xahişi ilə xitam verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi bütün ay, bayram və bazar günləri daxil olmaqla, işə cəlb edilməsi, həmçinin iş saatından artıq müddətdə işləməsi iddiası əsassızdır. Belə ki, o, Əmək Müqaviləsinin 4.21 və 4.23-cü maddəsində göstərilən iş vaxtının rejimi barədə müddəalara uyğun olaraq öz vəzifələrini yerinə yetirmişdir. Müqavilənin 4.21-ci bəndində göstərilmişdir ki, işçi həftə ərzində 40 saatdan çox olmayaraq işləyir, iş saatı bazar ertəsi-cümə günü saat 09:00-da başlanır, 17:00-da qurtarır, şənbə günü saat 09:00-da başlanılır, 14:00-da qurtarır. Həmçinin 4.23-cü maddəsinə əsasən istirahət günlərinin hər həftənin bazar günləri olması nəzərdə tutulmuşdur. Qeyd olunana əsasən İddiaçı iş vaxtından artıq işə cəlb olunması ilə bağlı tələbi etibarsız hesab olunmalıdır. İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 20 məzuniyyət günü də daxil olmaqla, 1.649,66 manat məbləğində son haqq-hesab qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilmişdir və bununla bağlı hər hansı pozuntuya yol verilməmişdir. İddiaçının DSMF-a ödənişinin olunmaması ilə bağlı tələbinə dair bildirilir ki, 2024-cü il üzrə vahid bəyannamələr müəssisəyə vergi orqanı tərəfindən kameral bəyannamə olaraq tərtib edilmiş və hesablama inteqrasiya prosesində uyğunsuzluqlar yaranmışdır. Bunun nəticəsində Vergi orqanı tərəfindən hesablanmış məbləğlərin Dövlət Sosial Müdafiə Fonduna inteqrasiya prosesində uyğunsuzluqlar yaranmışdır. Bu vəziyyət ilə bağlı qarşı tərəflərlə əlaqə saxlanılıb, yaranmış bu halın aradan qaldırılması üçün müraciət edilmişdir. Uyğunsuzluq aradan qaldırıldıqdan sonra DSMF ödənişləri qanunvericiliyə uyğun olaraq həyata keçiriləcəkdir. İddiaçıla bağlanmış əmək müqaviləsində iddia ərizəsində qeyd etdiyi yemək pulu nəzərdə tutulmamışdır və ona yemək pulu ödənilməsi ilə bağlı işəgötürən Cavabdeh MMC-nin hər hansı öhdəliyi mövcud olmamışdır. Bu səbəbdən hazırda iddiaçının buna dair iddia ərizəsində istinad etdiyi faktların hüquqi əhəmiyyəti yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən İddiaçı 10.000 manat dəyərində iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Cavabdeh MMC-nin qanuni təmsilçisi T.Zahidov iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçıı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024 tarixli 566 nömrəli əmrlə xitam verilmişdir. Əmək qanunvericiliyinə uyğun olaraq, son haqq-hesab hesablanmış və 2 sentyabr tarixində tam şəkildə ödənilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində, göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Prossessual Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçı müddəti ötürərək 24 oktyabr tarixində məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsi xahiş edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən sübutların təmin edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı (FİN: xxxxxxx) Cavabdeh MMC-də işlədiyi dövrdə iddiaçının əmək fəaliyyətini əks etdirən tabel cədəvlləri, aylıq əmək haqqının məbləği, onun hesablanması və ödənilməsi barədə sənədlər, əmək müqaviləsi və ona dair qəbul edilmiş əmrlər, iddiaçının müəssisədə işlədiyi müddət ərzində ona ödənilmiş əmək haqqı, məzuniyyətlə bağlı ödənişlər, məzuniyyət müddətləri, istifadə edilməmiş məzuniyyət haqqı, son haqq-hesab barədə məlumatlar və onları təsdiq edən sənədlərin rəsmi qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi Cavabdeh MMC-nə (VÖEN: **********) həvalə edilmişdir. Cavabdeh MMC tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-xx.xx.2025-ci il tarixli Cəbrayıl 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışın surətindən görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmiş, Cavabdeh MMC mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan İddiaçı məxsus "xxxx" ASC-nin xx.xx.2023-xx.xx.2024-cü il dövrü üçün bank hesabından çıxarışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 97,95 manat (sentyabr ayı üzrə əmək haqqı), xx.xx.2023-cü il tarixdə 300 manat (oktyabr ayı üzrə avans), xx.xx.2023-cü il tarixdə 646,16 manat (oktyabr ayı üzrə əmək haqqı), xx.xx.2023-cü il tarixdə 1.060 manat (noyabr ayı üzrə əmək haqqı), xx.xx.2023-cü il tarixdə 500 manat (dekabr ayı üzrə əmək haqqı), xx.xx.2023-cü il tarixdə 410,83 manat (noyabr ayı üzrə mükafat), xx.xx.2023-cü il tarixdə 500 manat (dekabr ayı üzrə əmək haqqı), xx.xx.2024-cü il tarixdə 175 manat (yemək pulu), xx.xx.2024-cü il tarixdə 350 manat (yanvar ayı üzrə avans), xx.xx.2024-cü il tarixdə 812 manat (yanvar ayı üzrə əmək haqqı), xx.xx.2024-cü il tarixdə 1.168 manat (fevral ayı üzrə əmək haqqı), xx.xx.2024-cü il tarixdə 500 manat (mart ayı üzrə avans), xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 500 manat (mart, aprel ayları üzrə əmək haqqı), xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 1.000 manat (may, iyun, iyul ayları üzrə əmək haqqı), xx.xx.2024-cü il tarixdə 1.649,66 (son haqq-hesab) olmaqla pul məbləğləri hesaba ödənilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “layihələndirmə və tikintinin təşkili şöbəsi” bölməsində “anbardar” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 1.126,86 manatdır. Əmək müqaviləsi müddətlidir. Müddət xx.xx.2023– xx.xx.2024-cü il dövrünü əhatə edir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, “layihələndirmə və tikintinin təşkili şöbəsi” bölməsində “anbardar” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2. “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü” ) xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında mövcud olan sənədlər və natamam şəkildə təqdim edilmiş, o cümlədən bir-biri ilə ziddiyyət təşkil edən cədvəl məlumatları nəzərə alınaraq hesablamanın aparılması mümkün deyildir. Həmin rəydə qeyd edilmişdir ki, təqdim olunan iş materiallarının 61-70-ci səhifələrində öz əksini tapmış əmək müqaviləsindən də göründüyü kimi, İddiaçı Cavabdehndə xx.xx.2023cü il tarixli əmək müqaviləsinə əsasən Layihələndirmə və tikintinin təşkili şöbəsində “anbardar” vəzifəsində, gündə 8 saatdan həftə ərzində isə 40 saatdan artıq olmamaq şərti ilə iş rejiminə uyğun olaraq işlədiyi, məzuniyyət günlərinin sayı 27 gün olduğu və əmək haqının vergilər daxil olmaqla 1126,86 manat məbləğində olduğu müəyyən olunur. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən göründüyü kimi, həftəiçi işçinin iş saatları 09:00-dan 17:00-dək, şənbə günü isə 09:00-dan 14:00-dək olmuşdur. Təqdim olunmuş iş materiallarının 29-40-cı səhifələrində öz əksini tapmış, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş avqust ayının bir neçə günləri üzrə iş vaxtının uçotu cədvəlinə əsasən müəyyən edilir ki, İddiaçı gündəlik 09:00-dan 17:00-dək işdə olmalı olduğu halda, 08:00-dan 18:00-dək işdə olmuş, həmçinin həftənin şənbə gününü də tam rejimdə işləmiş, o cümlədən bazar günü istirahət günü olmasına baxmayaraq, həmin günləri də tam rejimdə işdə olmuşdur. Burdan belə nəticəyə gəlmək olur ki, iş materiallarına əlavə edilmiş bir neçə tabel cədvəlinə əsasən işçi həftə içi hər gün əlavə 2 saat, şənbə günü əlavə 4 saat, bazar günü isə istirahət günü olmasına baxmayaraq əlavə 9 saat işləmişdir. Lakin bildirilir ki, hazırkı tədqiqat zamanı aparılan hesablama ilə düzgün nəticəyə gəlinməsi üçün işçinin MMC-də işlədiyi bütün dövr üzrə tabel cədvəllərinin tədqiqata təqdim edilməsi zəruridir, yəni iddiaçının təqdim etdiyi yalnızca avqust ayının bir neçə gününü əhatə edən iş vaxtının uçotu cədvəlinə əsasən hesablamanın aparılması düzgün nəticəyə gəlinməsi üçün əsas deyildir. Bundan başqa təqdim olunmuş iş materiallarının 57-58-ci səhifələrində də Cavabdeh MMC tərəfindən təqdim olunmuş 2024-cü ilin iyul və avqust aylarını əhatə edən tabel cədvəlləri mövcuddur ki, həmin cədvəl məlumatlarında qeyd olunanlar iddiaçının təqdim etdiyi iş vaxtının uçotu cədvəlində qeyd olunanlar ilə ziddiyət təşkil edir. Yekun olaraq qeyd edilir ki, yuxarıda göstərilən ziddiyətli hallar məhkəmə tərəfindən aydınlaşdırıldıqdan, o cümlədən yuxarıda qeyd olunan ekspert vəsatətində tələb olunan sənədlər tədqiqata tam şəkildə təqdim edildikdən sonra hesablama aparılaraq hər hansı nəticəyə gəlinməsi mümkündür. Beləliklə, hazırkı tədqiqat zamanı iş materiallarında mövcud olan sənədlər və natamam şəkildə təqdim edilmiş, o cümlədən bir-biri ilə ziddiyət təşkil edən cədvəl məlumatları nəzərə alınaraq hesablamanın aparılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 85.1-ci maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunu aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, uçot kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. 85.1.-1-ci maddəsinə görə elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir. 85.3-ci maddəsinə görə bu maddənin 1-ci və 2-ci hissələrində göstərilən sənədlərin uçotu istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. 83.4-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 105.2-ci maddəsinə görə Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir. 105.3-cü maddəsinə görə iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. 105.4-cü maddəsinə görə Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur. 105.7-ci maddəsinə görə Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. 107-ci maddəsinə görə bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. 109-cu maddəsinə görə bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. 101-ci maddəsinə görə iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) bəndinə görə dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) bəndinə görə su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) bəndinə görə başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) bəndinə görə işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) bəndinə görə işçini əvəz edə biləcək başqa işçinin olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda. 102.1-ci maddəsinə görə işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. 137.3-cü maddəsinə görə əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. 164.1-ci maddəsinə görə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: 1) əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; 2) əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; 3) aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. 164.2-ci maddəsinə görə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının tələbi 1) ödənilməmiş yemək pulunun ödənilməsi, 2) istirahət günlərində işə cəlb edildiyi günlər üçün ödənilməmiş əmək haqqı, 3) iş vaxtından artıq vaxtda işə cəlb edildiyi müddət üçün ödənilməmiş əmək haqqı, 4) istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, 5) son iş ayı üçün ödənilməmiş əmək haqqı, 6) dövlət sosial müdafiə haqları üzrə ödənilməmiş pul məbləğlərinin ödənilməsi tələblərindən ibarətdir. İşdən görünür ki, tərəflərin arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Layihələndirmə və tikintinin təşkili şöbəsində “anbardar” vəzifəsinə qəbul edilmişdir. Onun iş qrafiki gündə 8 saat, həftə ərzində isə 40 saatdan artıq olmayaraq müəyyən edilmişdir. Məzuniyyət günlərinin sayı 21 gün, əmək haqı 1.126,86 manat məbləğində müəyyən edilmişdir. İşçinin iş saatları 09:00-dan 17:00-dək, şənbə günü isə 09:00-dan 14:00-dək olmuşdur. Nahar vaxtı 13:00-dan 14:00-dək müəyyən edilmişdir. Ümumilikdə iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək cavabdeh təşkilatda işləmiş, xx.xx.2024-cü il tarixdə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 1.126,86 manat məbləğində son haqq-hesab iddiaçının bank hesabına xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İşdən çıxma əmrinə əsasən son haqqı-hesaba 20 gün müddətində istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi daxil edilmişdir. İş materiallarını araşdıraraq məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Tərəflərin arasında bağlanılmış əmək müqaviləsi üzrə yemək pulunun ödənilməsi öhdəliyi işəgötürənin vəzifələrinə aid edilmədiyindən, bu hissədə iddia tələbləri təmin edilməməlidir. İddiaçının istirahət günlərində işə cəlb edildiyi günlər üçün ödənilməmiş əmək haqqı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının işə cəlb edildiyi günlər üzrə dəqiq məlumatlar iş materiallarında yoxdur. Günlər üzrə iş vaxtının uçotu cədvəllərinin təqdim edilməsi cavabdehə həvalə edilsə də, cavabdeh həmin cədvəlləri məhkəməyə təqdim etməmişdir. Günlər üzrə iş materiallarında iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il (iddiaçının iş vaxtı 08:00-18:00), xx.xx.2024-cü il (iddiaçının iş vaxtı X-18:00), xx.xx.2024-cü il - şənbə (iddiaçının iş vaxtı 08:00-18:00), xx.xx.2024-cü il - bazar günü (iddiaçının iş vaxtı 08:00-18:00), xx.xx.2024-cü il - şənbə (iddiaçının iş vaxtı 08:00-18:00), xx.xx.2024-cü il (iddiaçının iş vaxtı 08:00-18:00), xx.xx.2024-cü il (iddiaçının iş vaxtı 08:00-18:00), xx.xx.2024-cü il (iddiaçının iş vaxtı 08:00-18:00) tarixlərinə aid iş vaxtının uçotu cədvəlləri mövcuddur. Məhkəmə qeyd edir ki, işəgötürənlə müqayisədə iddiaçının əmək fəaliyyətinə dair sübutlara çatımlılığı məhduddur. Həmçinin, məhkəmənin sübutların təmin edilməsi qaydasında cavabdehdən günlər üzrə iş vaxtının uçotu cədvəllərini tələb etməsinə baxmayaraq, cavabdeh təşkilat bu sübutları təmin etməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki əmək hüquqlarının pozulub-pozulmaması hallarına iş materiallarında mövcud olan sübutlar üzrə hüquqi qiymət verilməlidir. İddiaçının şənbə günləri müqavilədə qeyd olunmuş 4 saatdan ən azı 4 saat artıq işə cəlb edilməsinə dair sübutların (iddiaçının təqdim etdiyi günlər üzrə iş vaxtının uçotu cədvəllərinin) mövcudluğu nəzərə alınaraq, işçinin həmin günlərdə tam iş günü üzrə işlərə cəlb olunduğu və bununla bağlı əməyin ödənilməsi qaydalarının pozulduğu sübuta yetirilmiş hesab edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi cədvəllərdən görünür ki, şənbə günlərinə təsadüf edən günlərdə də iş qrafiki 8 saatlıq qrafik üzrə hesablanmışdır. (xx.xx.2024-cü il - şənbə (iddiaçının iş vaxtı 08:00-18:00), xx.xx.2024cü il - şənbə (iddiaçının iş vaxtı 08:00-18:00). Bununla yanaşı qeyd olunur ki, işçinin işlədiyi müddət ərzində fasiləsiz şəkildə, yəni hər bazar günü də işə cəlb olunma halları təsdiq olunmadığından, bu hissədə tələblər təmin edilməməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, işin sənədlərindən görünür ki, işçinin bazar günü də işə cəlb edildiyi istisna olunmur, lakin həmin iş saatların həcmi iş materialları ilə müəyyən edilmir. Belə ki, işçinin istirahət vaxtında işə cəlb edilməsi halları iş materialları və ekspert rəyi ilə sübuta yetirildiyindən, həmin iş saatlarının həcmini isə cavabdehin müvafiq sübutları təqdim etmədiyinə görə müəyyən etmək mümkün olmadığından, həmçinin iddiaçının şənbə günləri iş vaxtından ən azı 4 saat artıq vaxtda işə cəlb edilməsi (tam iş günü əsasında) təsdiq edildiyindən, məhkəmə iddiaçının əmək fəaliyyəti müddətində hər həftə əlavə 4 iş saatının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını əsaslı hesab edir. 2023-2024-cü illər üzrə istehsalat təqvimlərindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 48 həftə ərzində 4 saat iş vaxtı - 192 saat əlavə iş saatı təşkil etmişdir. İki fərqli ilin məlumatları nəzərə alındığından, məhkəmə orta hesabla ayda 21 iş gününün, gündəlik 8 iş saatının olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, bir təqvim ayı ərzində orta hesabla 168 iş saatı olmuşdur. İş üzrə məlum olan aylıq maaş 1.126,86 manat təşkil etdiyindən, 1 saatlıq orta maaşın məbləği 6,71 manat təşkil edəcəkdir. (1.126,86/168=6,71). İstirahət vaxtına görə maaş ikiqat tariflə (6,71x2=13,42) hesablandığında, qeyd edilən müddət üçün ödənilməmiş əmək haqqı 2.576,64 manat təşkil edəcəkdir. (192x13,42=2.576,64 manat). İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçıya 1.649,66 manat olan son haqqhesab daxilində 20 gün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyası da ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı son haqq-hesabın mühasibatlıq tərəfindən riyazi hesablanması qaydasını deyil, məzuniyyət günləri üçün kompensasiyanın ödənilmədiyini mübahisələndirir. Məzuniyyət günlərinin sayı 21 gün təşkil etdiyindən, nəzərə alınmamış 1 gün üçün kompensasiya məbləği 37,07 manat kimi hesablanmalıdır. (illik maaşın məbləği 30,4 bölünməsi yolu ilə 1.126,86x12=13.522,32; 13.522,32/12=1.126,86; 1.126,86/30,4=37,07). İstirahət günlərində işə cəlb olunma ilə bağlı qalan iddia tələblərinə (bayram günləri və sair qeri-iş günləri işə cəlb olunma) gəldikdə isə məhkəmə qeyd edir ki, şənbə günündən başqa iddiaçının digər istirahət günlərində işə cəlb edilməsi sübuta yetirilmədiyindən, qalan tələblər üzrə iddia tələbləri təmin edilməməlidir. İddiaçının iş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyi müddət üçün ödənilməmiş əmək haqqı məbləğinin tutulması ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, iş günlərində işçinin işəgötürən tapşırığı (sərəncamı) ilə 8 saatlıq iş vaxtından artıq müddətdə işə cəlb edilməsi halları öz təsdiqini tapmadığından, bu hissədə də iddia təmin edilməməlidir. Son iş ayı üçün ödənilməmiş əmək haqqı tələbinə gəldikdə məhkəmə qeyd edir ki, iş üzrə əlavə edilmiş bank çıxarışından görünür ki, iddiaçının cavabdeh müəssisədə işlədiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddətdə cavabdeh tərəfindən iddiaçıya ardıcıl olaraq 2023-cü ilin noyabr, dekabr ayları; 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul ayları üçün əmək haqqı ödənilmiş; xx.xx.2024-cü il tarixdə son haqqı hesab ödənilmişdir. Son iş ayı üçün iddiaçının tələb etdiyi maaşın məbləği - 2024-cü ilin aqvust ayının əmək haqqı məbləğidir ki, bu məbləğ xx.xx.2024-cü il tarixdə ödənilmiş 1649,66 manat haqq-hesaba daxil edilmişdir. Dövlət sosial müdafiə haqları üzrə ödənilməmiş pul məbləğlərinin ödənilməsi tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, məcburi dövlət sosial sığorta haqlarının qanunauyğun formada hesablanaraq dövlət nəfinə ödənilməsi müəssisə rəhbərliyi və mühasibin vəzifələrinə aid olduğundan və həmçinin həmin məbləğlərin (iddia tələbi üzrə 2.076,68 manat) cavabdeh tərəfindən iddiaçıya deyil dövlət nəfinə ödənilməsi nəzərdə tutulduğundan, bu məbləğin ümumi borc məbləğinin daxilində cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 2.613,71 (iki min altı yüz on üç manat yetmiş bir qəpik) manat ödənilməmiş əmək haqqı məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. (istirahət vaxtı işə cəlb edildiyi iş saatları üçün 2.576,64 manat məbləği və istifadə edilməmiş 1 məzuniyyət günü üçün 37,07 manat ödəniş məbləğinin cəmi). İddia qalan hissədə təmin edilməməlidir. İddia müddətinin tətbiqinə dair cavabdehin vəsatətinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iddia tələbi ödənilməmiş əmək haqqı borcu ilə əlaqəli olduğundan və iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan əmək fəaliyyəti dövrü üçün son haqq hesab iddiaçıya xx.xx.2024-cü il tarixdə ödənildiyindən, iddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən, məhkəmə hesab edir ki, 1 illik iddia müddəti buraxılmamışdır və buna görə də iddia müddətinin tətbiqi üçün qanuni əsaslar mövcud deyil. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən iddiaçılar əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bununla da, 46,14 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 50 (əlli) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. 2.613,71 (iki min altı yüz on üç manat yetmiş bir qəpik) manat ödənilməmiş əmək haqqı məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 46,14 (qırx altı manat on dörd qəpik) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar