Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-743/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı «X1” MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının və vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı «X1” MMC ilə Cavabdeh arasında Abşeron rayonu, Hövsan qəsəbəsi, Binə, Donuzkökəltmə ərazisi ünvanında yerləşən anbarın icarəsinə dair müqavilə bağlanmışdır.
2. Müqavilə 1 il müddətinə bağlanmışdır və müqavilə şərtlərinə əsasən icarə haqqı, gündəlik olaraq hər 1 kv.m üçün 0.30 manat (otuz qəpik) (evropalet), finpalet üçün isə gündəlik olaraq hər 1 kv.m üçün 0.45 manat (qırx beş qəpik) olmaqla müəyyən edilmişdir.
3. Lakin, icarəçi öz öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, icarə haqları ödəməmişdir. Uzun müddət danışıqların aparılmasına baxmayaraq, cavabdeh öhdəliklərini könüllü icra etməkdən yayınmışdır. İş mediasiya qaydasında həll edilən zaman cavabdehin borcu 3605 manat 45 qəpik təşkil etmişdir.
İddiaçının tələbi:
4. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə cavabdehdən icarə haqqına görə yaranmış borcun 3605,45 manat pulun, dövlət rüsumu və mediasiya xərclərinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirakedən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izhatında bildirmişdir ki, iddiaçı «X1” MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış və cavabdehin əmlakları iddiaçıya məxsus anbarda saxlanılmışdır. Lakin daha sonra cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq ödənişləri həyata keçirməmişdir. Bunların nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GLC-03/22 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən anbar təyinatlı qeyri-yaşayış binasında quraşdırılmış rəf sistemində olan hissəsini (bundan sonra «icarə sahəsi" adlandırılacaq) İcarəçinin müddətli istifadəsinə verməyi, İcarəçi isə icarə sahəsini müvəqqəti istifadəyə qəbul edərək Müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin qüvvədə olduğu müddət ərzində Müqavilə şərtləri çərçivəsində İcarəçinin müraciəti əsasında icarə sahəsinin həcmi artırıla (azaldıla bilər və artırılmış icarə sahəsinə (bundan sonra "əlavə icarə sahəsi" adlandırılacaq) dair müddəalar bu Müqavilə və Tərəflər arasında müvafiq qaydada imzalanaraq Müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi hesab olunan təhvil-təslim akt(lar)ı ilə tənzimlənəcəkdir. İcarə sahəsi daxilində olan əsas vəsait və inventarla birlikdə istifadəyə verilir. İcarəyə verən icarə sahəsinin mülkiyyət hüququ ilə ona məxsus olduğunu tam məsuliyyəti ilə bəyan edir və bunu təsdiq edən sənədin surətini İcarəçiyə təqdim edir.
9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanana 1 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə 1 saylı Əlavədə müəyyən olunmuş anbar xidmətləri üzrə tarif qiymətləri.
10. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16-00885 nömrəli, xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı MMC-in səlahiyyətli nümayəndəsi Vəkil mediasiya sessiyasında iştirak etdi, Cavabdeh mediasiya sessiyasında iştirak etmədi. İddiaçı MMC 60 manat mediasiya xərci ödədi.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisi, 283-cü Hövsan, 30 ünvanında yerləşən əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-yə məxsusdur.
12. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GLC-03/22 nömrəli icarə müqaviləsi üzrə əsas məbləğ borcu 4214,65 manat, ƏDV məbləği borcu 758,64 manat, ümumilikdə borc 4973,29 manat məbləğindədir.
13. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli, GLC-03/22 nömrəli icarə müqaviləsi üzrə İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixinə əsas məbləğ borcu 4214,65 manat, ƏDV məbləğ borcu 758,64 manat, toplam borc 4973,29 manatdır.
14. 28 dekabr 2022-ci il tarixli, 45 nömrəli pretenziya və bildiriş məktubuna (xx.xx.2023cü il atrixli xəbərnamə) əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə qısa müddət ərzində yaranmış icarə haqqı borcunun və ona hesablanmış penyanın ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
15. 31 yanvar 2022-ci il – 30 aprel 2023-cü il tarixlərini əhatə edən hesab-faktura çıxarışları.
16. İddiaçı MMC tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 24 nömrəli ərizəyə əsasən, İddiaçı MMC tərəfindən bildirilmişdir ki, iddia ərizəsində iddiaçının adı texniki səhv olaraq "xxxx" MMC kimi qeyd edilmişdir. Şirkətin adı İddiaçı MMC-dir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:
1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə tərəflin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
23. Belə ki, iddia tələbinin bir hissəsi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi ilə bağlıdır. Məhkəmə tələbi bu hissədə əsaslı hesab etmir. Çünki mülki qanunvericiliyə və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GLC- 03/22 nömrəli icarə müqaviləsinin 4.2-ci, 13.1-ci maddələrinə əsasən tərəflərdən biri digərinə yazılı qaydada xəbədrarlıq məktubu göndərdikdən sonra müqaviləyə xitam verilir. (§8) Müki iş materiallarına iddiaçı tərəfindən göndərilmiş 28 dekabr 2022-ci il tarixli, 45 nömrəli pretenziya və bildiriş məktubu əlavə edilmişdir. (§14). xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verildiyindən məhkəmə tələbi həmin hissədə təmin edə bilməz.
24. Məhkəmə xx.xx.2022-ci il tarixli, GLC-03/22 nömrəli icarə müqaviləsi üzrə cavabdehdən icarə haqqına görə yaranmış borcun-3605,45 manat pulun İddiaçı MMC-yə ödənilməsi hissəsində iddia tələbini əsaslı hesab edir.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli icarə müqaviləsi bağlanılmış (MM m.700.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. (MM 442)
26. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı yəni, kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən istifadə üçün şərait yaratmış, anbarı onun istifadəsinə vermişdir. Cavabdeh, yəni icarəçi göstərilən müqavilə əsasında icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.700.1)
27. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.
28. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə üzrə cavabdehdən icarə haqqına görə yaranmış borcun 3605,45 manat pul cavabdehdən tutularaq, İddiaçı MMC-yə ödənilməlidir.
29. İddia tələbinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlir.
Məhkəmə xərcləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56,06 manat Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Cavabdehdən mediasiya xərclərinin tutulması hissəsində məhkəmə tələbin təmin edilməməsi qənaətinə gəlir.
32. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh 3605,45 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56,06 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova