Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7460/2021 03.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna itirilmiş hesab olunması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 3, mənzil 76 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 85,02 kv.metr 76 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ******* saylı çıxarışla onun xüsusi mülkiyyətindədir, Cavabdeh onun bacısı qızıdır, o, mənzildə qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, orada yaşamır, cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatı yalnız formal xarakter daşıyır, cavabdeh mənzildən pasport qeydiyyatından çıxmağı öz öhdəliyinə götürsə də, hələ də qeydiyyatdan çıxmamışdır, cavabdehin həmin ünvanda qeydiyyatda olması mülkiyyətçi kimi hüquqlarını pozur, əlavə kommunal xərclərin ödənilməsində çətinlik yaradır, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh 04.10.2021-ci il tarixli məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 3, mənzil 76 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilməsinə etiraz etmədiyini, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 17.09.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 3, mənzil 76 ünvanında 30.01.2012-ci il tarixdən qeydiyyatdadır, həmin mənzildə qeydiyyatda olan digər şəxslər X3, Cavabdeh, X4, X5, X2, X1r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı, çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 3, mənzil 76 17.08.2011-ci il tarixdən tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 3, mənzil 76 xüsusi mülkiyyət hüququ əsasında 17.08.2011-ci il tarixdən İddiaçı məxsusdur, Cavabdeh həmin mənzildə qeydiyyatdadır, lakin həmin mənzildə yaşamır və istifadə etmir, mülkiyyətçinin ailə üzvü deyildir, istifadə hüququ barədə tərəflər arasında yazılı razılaşma yoxdur. Bununla belə, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından, cavabdeh həmin mənzildə faktiki qeydiyyatda olsa da, orada yaşamadığından, həmçinin mülkiyyətçinin ailə üzvü olmadığından, onun həmin mənzilə istifadə hüququ da olmamışdır və buna görə də mövcud olmayan istifadə hüququnun itirilməsi barədə iddia tələbi məhkəmə tərəfindən təmin oluna bilməz. Bununla belə, məhkəmə qeyd edir ki, iddia tələbinin rədd edilməsi Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 3, mənzil 76 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilmiş hesab olunması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilmiş hesab olunması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7460/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7460/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver